“Rosselxoznadzor” Azərbaycandan tərəvəz idxalının artmasının səbəbini açıqlayıb İqtisadiyyat

“Rosselxoznadzor” Azərbaycandan tərəvəz idxalının artmasının səbəbini açıqlayıb

Azərbaycandan Rusiyaya tərəvəz məhsullarının idxalının artması Türkiyə və Avropa İttifaqı ölkələrindən Azərbaycan vasitəsi ilə məhsulların daşınması ilə deyil, həmin ölkədə məhsuldarlığın yaxşı olması və istehsalçıların Rusiya bazarında yer tutmaq istəyi ilə bağlıdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Kənd Təsərrüfatı Məhsullarına Federal Nəzarət Xidmətinin ("Rosselxoznadzor") məlumatında deyilir.
Qurumun saytında "Rosselxoznadzor"un Azərbaycanın Rusiyadakı səfirliyinin ticarət məsələləri üzrə müşaviri Şövqi Mehdizadə ilə apardığı danışıqların yekunlarına dair məlumat yerləşdirilib: "Danışıqlar zamanı 2016-cı ildə Azərbaycandan Rusiyaya pomidor ixracının 3,5 min ton artması Rusiya tərəfində narahatlıq doğurub. Rusiya bitki məhsullarının qeyri-qanuni ixracı riskinin artmasını nəzərə alaraq, ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının fitosanitar sertifikatlaşdırılması ilə bağlı işlərin aparılması barədə Azərbaycan tərəfini məlumatlandırıb. Bununla yanaşı qısa müddət ərzində Azərbaycan tərəfindən verilən sənədlərin identifikasiyası mexanizminin hazırlanması iki ölkə arasında maneəsiz ticarət əməliyyatının aparılmasını təmin edəcək".
Ş. Mehdizadə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcminin artmasının ilk növbədə Azərbaycan biznesinin səyləri ilə Rusiya bazarında boşalan yerlərin tutulması üçün əlavə resursların cəlb edilməsi ilə bağlı olduğunu qeyd edib. Diplomat ölkənin ixrac potensialı və fitosanitar nəzarət fəaliyyəti ilə tanış olmaq üçün Azərbaycanın "Rosselxoznadzor"un nümayəndə heyətini qəbul etməyə hazır olduğunu söyləyib. Bundan əlavə, Ş.Mehdizadə Rusiyaya ixrac olunan bitki məhsullarının həcmi haqqında məlumatların verilməsi prosesinin sürətləndirilməsi və fitosanitar sertifikatların həqiqiliyinin müəyyən edilməsi üçün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin "Rosselxoznadzor"la daha sıx əməkdaşlıq etməsi üçün yardım etməyə hazır olduğunu bildirib.