
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Konstitusiya quruluşu əleyhinə əməllərdə, habelə müharibə cinayətlərində ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda Bakıda həbsxanada cəza çəkən Ruben Vardanyanın Rusiyada sahibi olduğu maliyyə strukturları ilə bağlı yeni qalmaqal yaşanır.
Məlumata görə, “Digimarket” adlı ofşor şirkət 2013-cü ildə Moskvada “Avtokoncept Ko” MMC tərəfindən idarə olunan “DoubleTree by Hilton” oteli üçün 35 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Lakin borcun ödənməməsi səbəbindən məsələ məhkəməyə qədər uzanıb. 2024-cü ildə məhkəmə prosesi başlayıb.
2026-cı ilin əvvəllərində Rusiya Ali Məhkəməsi vəsaitlərin kreditora - xaricə köçürülməsini qadağan edib.
Məlum olub ki, bu ofşor şirkətin arxasında Ruben Vardanyan dayanır. Vəsaiti qanuni olaraq almaq üçün isə ailənin şirkəti şəffaf və rəsmi şəkildə qeydiyyatdan keçirməli olduğu aydın olandan sonra ofşor şirkət bu dəfə 2026-cı ilin yazında Kalininqrad vilayətində yerləşən xüsusi inzibati rayonda "Digimarket" MMC kimi qeydiyyatdan keçib.
Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində (EGRUL) şirkətin sahibi kimi Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend göstərilib.
Bunun ardınca "Digimarket" MMC "Avtokontsept KO" şirkətindən 5,1 milyard rubl (təxminən 64 milyon ABŞ dolları) məbləğində borcun tutulması tələbi ilə məhkəməyə üz tutub, məhkəmə çəkişməsi hazırda davam edir.
"Troika Laundromat" araşdırması nələri üzə çıxarmışdı?

"Digimarket" işi Ruben Vardanyanın ofşor fəaliyyəti ilə bağlı ortaya çıxan ilk maliyyə qalmaqalı deyil. Son on ildə onun adı dəfələrlə beynəlxalq araşdırmalarda ofşor şirkətlər, mürəkkəb maliyyə sxemləri və transmilli pul axınları ilə əlaqələndirilib.
Vardanyanın adı beynəlxalq səviyyədə ən çox rezonans doğuran araşdırmalardan biri 2019-cu ildə Organized Crime and Corruption Reporting Project (OCCRP) və tərəfdaş media qurumlarının hazırladığı "Troika Laundromat" layihəsi olub.
Araşdırmada bildirilirdi ki, Vardanyanın uzun illər rəhbərlik etdiyi "Troika Dialoq" investisiya bankı təxminən 75 ofşor şirkətdən ibarət maliyyə şəbəkəsinin əsas iştirakçılarından biri olub. OCCRP-nin araşdırmasına görə, bu şəbəkə vasitəsilə 2006-2013-cü illərdə təxminən 4,6 milyard ABŞ dolları müxtəlif ölkələrə köçürülüb.
Araşdırma müəllifləri qeyd edirdilər ki, bunun üçün saxta ticarət müqavilələri, formal mal dövriyyəsi və mürəkkəb korporativ strukturlardan istifadə olunub. Sənədlərdə əməliyyatların "ərzaq malları", "metal məhsulları", "avtomobil ehtiyat hissələri", "fakturalar" kimi adlar altında rəsmiləşdirildiyi, əsl maliyyə axınının isə bu sənədlərlə gizlədildiyi iddia olunurdu.
OCCRP araşdırması çərçivəsində jurnalistlərin 1,3 milyondan çox bank əməliyyatını, 238 min şirkət və fiziki şəxsə dair məlumatı, minlərlə elektron məktub və müqaviləni təhlil etdiyi bildirilirdi. Layihədə bu maliyyə şəbəkəsi "Troika Laundromat" ("Troika çamaşırxanası") adlandırılmışdı.
Böyük maliyyə qalmaqallarında adı keçən əməliyyatlar

Araşdırmada "Troika Dialoq" şəbəkəsi vasitəsilə həyata keçirildiyi iddia olunan bir sıra iri maliyyə əməliyyatlarına da yer verilirdi.
Bunlardan biri "Şeremetyevo fırıldağı" kimi tanınan sxem idi. OCCRP yazırdı ki, 2003-2008-ci illərdə aviasiya yanacağının qiymətinin süni şəkildə artırılması nəticəsində Rusiya büdcəsinə on milyonlarla dollar zərər dəyib və həmin sxemdə iştirak edən şirkətlərdən 27 milyon dollardan çox vəsait "Troika Dialoq"la əlaqəli hesablardan keçib.
Araşdırmada, həmçinin, vergidən yayınmaqda ittiham olunan sığorta şirkətlərinin bank vasitəsilə təxminən 17 milyon dollar köçürdüyü iddia olunurdu.
Diqqət çəkən digər məqamlardan biri isə Rusiya Prezidenti Vladimir Putinin yaxın çevrəsində olduğu bildirilən violonçel ifaçısı Sergey Rolduqinlə əlaqələndirilən şirkətlərə 69 milyon ABŞ dolları həcmində vəsait köçürülməsi barədə məlumat idi.
OCCRP, həmçinin, hüquqşünas Sergey Maqnitskinin ifşa etdiyi və 230 milyon dollarlıq vergi fırıldağı kimi tanınan iş üzrə adı hallanan şirkətlərdən 130 milyon dollardan artıq vəsaitin də "Troika Dialoq" şəbəkəsinə daxil olduğunu yazırdı.
Vardanyanın özü də sistemdən istifadə edirdi
Araşdırmanın diqqət çəkən hissələrindən biri də Ruben Vardanyanın və ailəsinin həmin maliyyə şəbəkəsindən istifadə etməsi barədə iddialar idi. OCCRP sənədlərinə görə, Vardanyanın “American Express” kartı ilə bağlı əməliyyatlar vasitəsilə 3,2 milyon ABŞ dollarından çox vəsait müxtəlif ofşor şirkətlərdən maliyyələşdirilib.
Araşdırmada bu pulların Vardanyanın həyat yoldaşının hesablarına köçürüldüyü, Böyük Britaniyada təhsil alan övladlarının təhsil haqlarının ödənilməsinə, daşınmaz əmlak və digər şəxsi xərclərə yönəldildiyi bildirilirdi.
Bundan başqa, araşdırmada qeyd olunurdu ki, "Troika Dialoq"un müştəriləri bankın xidmətlərindən Böyük Britaniya, İspaniya və Monteneqroda daşınmaz əmlak alınması, yaxtaların, bahalı incəsənət əsərlərinin əldə edilməsi, nüfuzlu məktəblərdə təhsil haqlarının ödənilməsi və digər iri maliyyə əməliyyatları üçün istifadə ediblər.
Beynəlxalq ekspertlər maliyyə sxemlərinin təhlükələrinə diqqət çəkmişdilər
Araşdırmada Corc Meyson Universitetinin Terrorçuluq, Transmilli Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzinin rəhbəri Luiza Şellinin də mövqeyinə yer verilirdi.
Onun sözlərinə görə, saxta ticarət əməliyyatları üzərində qurulan bu tip mexanizmlər dünyada çirkli pulların yuyulmasının ən geniş yayılmış üsullarından biridir. Şelli qeyd edirdi ki, bu cür sistemlər dövlət büdcələrinin vergi gəlirlərini azaldır, korrupsiyanı dərinləşdirir, iqtisadi inkişafı zəiflədir və qanunsuz maliyyə axınlarının gizlədilməsinə şərait yaradır.
Ekspert bildirirdi ki, belə maliyyə mexanizmləri vasitəsilə əldə olunan vəsaitlər sonradan müxtəlif siyasi təsir kampaniyalarının, dezinformasiya fəaliyyətinin və qanunsuz investisiyaların maliyyələşdirilməsində istifadə oluna bilər.
Yeni məhkəmə prosesi köhnə iddiaları yenidən gündəmə gətirir

Rusiyada "Digimarket Holdings Limited" ətrafında davam edən məhkəmə prosesi Ruben Vardanyanın adı ilə bağlı illərdir səslənən maliyyə iddialarını yenidən gündəmə gətirib.
Bir tərəfdən məhkəmə sənədlərində şirkətin yenidən qeydiyyatı, benefisiar sahibliyi və iri həcmli borc tələbləri yer alır, digər tərəfdən isə beynəlxalq jurnalist araşdırmalarında uzun illərdir onun adı ofşor maliyyə şəbəkələri ilə əlaqələndirilir.
Hazırda "Digimarket" işi üzrə hüquqi proses davam edir və məhkəmənin yekun qərarı açıqlanmayıb. Bununla belə, yeni iş Ruben Vardanyanın adı ətrafında illərdir davam edən maliyyə mübahisələrinin və beynəlxalq araşdırmaların yenidən gündəmə gəlməsinə səbəb olub.