İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdı İqtisadiyyat

İqtisadiyyat Nazirliyi jurnalistləri mükafatlandırdı

Tural

Mayın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz tərəfindən qətiyyətlə və uğurla davam etdirilir.
Sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və sahibkarlığın inkişafı" mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanmışdır. Qeyd edək ki, müsabiqəyə 48 KİV tərəfindən 69 material təqdim edilmişdir. Təqdim olunmuş süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Tədbirdə qaliblər elan olunmuş, onlara diplomlar və mükafatlar təqdim olunmuşdur. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunmuş, onlara mükafatlar verilmişdir.