
Region və paytaxt məktəbləri arasında tədrisin keyfiyyəti, infrastruktur və təminat baxımından mövcud olan fərqlər təhsil sisteminin ən çox müzakirə edilən mövzularındandır. Ali təhsil müəssisələrinə qəbul göstəricilərindən tutmuş Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin nəticələrinə qədər bir çox məqamlar mərkəz və bölgələr arasındakı bu fərqi açıq şəkildə üzə çıxarır.
Bölgələrdə çalışan müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi və şagirdlər üçün rəqəmsal resurslara çıxışın təmin edilməsi istiqamətində hansı addımlar atılmalıdır? Ucqar kəndlərdə təhsil alan şagirdlərin imkanlarını şəhər məktəbliləri ilə bərabərləşdirmək üçün hansı mexanizmlərə ehtiyac var?
Təhsil ekspertləri mövzu ilə bağlı fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Təhsildə mərkəz-bölgə fərqi
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli vurğulayıb, ali təhsil müəssisələrinə qəbul nəticələri region məktəbləri ilə böyük şəhərlərdə yerləşən məktəblər arasında təhsil imkanları baxımından fərqləri üzə çıxarır.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərən müəllimlər əsasən mərkəzi ərazilərdə və böyük şəhərlərdə işləməyə üstünlük verirlər: “Ucqar bölgələrdə isə daha aşağı nəticə göstərərək minimum həddi keçən müəllimlər işləməyə məcbur olurlar. Onlar gələcəkdə yerdəyişmə yolu ilə böyük məktəblərə qayıtmağa ümid edirlər. Bu vəziyyət region məktəblərində təhsilin keyfiyyətinə və şagirdlərin imtahanlara hazırlıq imkanlarına təsir göstərir.Biz bilirik ki, ali təhsil müəssisələrinə qəbul nəticələri ilə məktəblərin reytinqi, müəllimlərin nüfuzu ölçülür. Ona görə də şəhər məktəblərinin reytinqi və müəllimlərin nüfuzu yüksək göstərilir. Çünki ali təhsil müəssisələrinə qəbul nəticələri yaxşı olur. Bu nəticələr isə daha çox repetitorlarla da əlaqədardır”.
M.Məmmədlinin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin hazırladığı yardımçı vəsaitlər də şəhər məktəblərində daha əlçatan olduğundan, həmin vəsaitlərdən istifadə imkanları region məktəbləri ilə müqayisədə daha geniş olur. Nəticədə təhsildə mövcud fərqlər qəbul imtahanlarının nəticələrində də özünü göstərir.
Bölgə müəllimlərinin sosial şəraiti
Təhsil eksperti Elmin Nuri diqqətə çatdırıb ki, region və paytaxt məktəbləri arasında tədrisin keyfiyyəti, infrastruktur, texniki təminat və müəllimlərin özünüinkişaf imkanları baxımından müəyyən fərqlər mövcuddur: “Bu fərqlərin aradan qaldırılması üçün bölgələrdə çalışan müəllimlərin sosial şəraitinin yaxşılaşdırılması və peşəkar inkişaf imkanlarının genişləndirilməsi vacibdir. Ayrı-ayrı region məktəbləri əldə etdikləri uğurlarla şəhər məktəblərini geridə qoya bilər. Lakin bu cür nümunələr ümumi mənzərəni dəyişmir. Ölkə miqyasında yanaşdıqda, şəhər və bölgə məktəbləri arasında təhsil imkanları baxımından fərqlər aydın görünür”.
Ekspert qeyd edib ki, iri şəhərlərdə məktəblərin infrastrukturu, texniki təminatı, nəqliyyat imkanları və ailələrin sosial vəziyyəti bölgələrlə müqayisədə fərqli ola bilər: “Xüsusilə ucqar ərazilərdə yerləşən bəzi məktəblərdə mövcud çatışmazlıqlar tədris prosesinə təsir göstərir”.
E.Nuri müəllimlərin işə qəbulu müsabiqəsi zamanı da bu fərqin özünü göstərdiyini vurğulayıb: “Şəhər məktəblərindəki vakansiyalar uğrunda yüksək nəticə göstərən namizədlər mübarizə aparır, ucqar məktəblərdəki boş yerlərə isə müəllim tapmaq çətinləşir. Əvvəllər, təxminən 10-15 il bundan əvvəl kəndlərə, bölgələrə şəhərdən getmək istəyən müəllimlərin sayı daha çox idi. Şəxsən mən ucqar kənd müəllimi adıyla bir layihə işləyərkən bunun çox şahidi olurdum. Amma gəlin etiraf edək, ildən-ilə bu seçim azaldı. Artıq bölgələrə getmək istəyən müəllimlər azdır. Bəli, bölgələrdə müəllim çatışmır desək, bu da doğru olmaz. Amma əsasən həmin bölgəni təmsil edən insanlar orada çalışırlar”.
O qeyd edib ki, bölgə müəllimlərinin əsas problemlərindən biri özünüinkişaf və təhsil imkanlarına çıxışın məhdud olmasıdır: “Ucqar kəndlərdə çalışan müəllimlər çətin yol şəraiti, nəqliyyat problemləri və bəzi məktəblərdəki maddi-texniki çatışmazlıqlarla üzləşirlər. Bu amillər onların peşəkar inkişaf imkanlarına da təsir edir. Problemin həlli üçün iki əsas istiqamətə diqqət yetirilməlidir: bölgə müəllimlərinin sosial şəraitinin yaxşılaşdırılması və onların özünüinkişaf imkanlarının genişləndirilməsi. Bu gün iki istiqamətdə düşünülməlidir: bölgə müəlliminin sosial şəraitinin yaxşılaşdırılması və onun özünüinkişaf imkanlarının genişləndirilməsi. Kənd müəllimi, region müəllimi üçün nə etmək lazımdır ki, özünüinkişaf baxımından şəhər müəllimindən geri qalmasın? Xüsusi proqramlara onları dəvət etmək lazımdır. Bəzi layihələrdə onlara güzəştlər etmək lazımdır”.
E.Nurinin sözlərinə görə, müəllim mübadiləsi və beynəlxalq əməkdaşlıq proqramlarında kənd müəllimlərinin iştirakına xüsusi şərait yaradılmalıdır: “Eyni zamanda, elmi fəaliyyətin davamlılığı və karyera inkişafı mərhələlərində bölgələrdə çalışan müəllimlər üçün əlavə stimullar nəzərdə tutulmalıdır. Bölgə müəllimlərinin inkişafına yönələn məqsədyönlü tədbirlər təhsil imkanlarının daha bərabər bölüşdürülməsinə və regionlarla paytaxt arasındakı fərqlərin azaldılmasına kömək edə bilər”.
Təhsildə imkan bərabərliyi
TİHA sədri, təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, region və paytaxt məktəbləri arasında təhsil imkanlarının bərabərliyinin təmin edilməsi bu gün də aktual məsələlərdəndir: “Şagirdlərin yaşadıqları ərazidən asılı olmayaraq keyfiyyətli təhsil alması üçün müəllim təminatı, məktəblərin maddi-texniki bazası və tədris resurslarına çıxış imkanları yaxşılaşdırılmalıdır. Paytaxtda şagirdlərin repetitor xidmətlərinə, əlavə hazırlıq kurslarına və müxtəlif tədris resurslarına çıxışı daha geniş olduğu halda, regionlarda bu imkanlar bəzən məhdudlaşır. Bununla belə, bütün region məktəblərini eyni qiymətləndirmək düzgün deyil. Əsas məsələ mövcud fərqləri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməkdir. İlk növbədə, bölgələrdə müəllim təminatının yaxşılaşdırılması, müəllimlərin sosial təminatının gücləndirilməsi və peşəkar inkişaf imkanlarının genişləndirilməsi vacibdir. Eyni zamanda, məktəblərin laboratoriyalar, müasir avadanlıqlar, kitabxanalar və sürətli internetlə təminatına xüsusi diqqət yetirilməlidir”.
Ə.Həsənli vurğulayıb ki, rəqəmsallaşma yalnız məktəblərin kompüterlərlə təmin edilməsi ilə məhdudlaşmamalı, rəqəmsal resurslardan tədris prosesində səmərəli istifadə də təmin olunmalıdır: “Digər mühüm istiqamət şagirdlərin əlavə hazırlıq imkanlarının genişləndirilməsidir.
Hesab edirəm ki, məktəblərdə ödənişsiz əlavə məşğələlər və xüsusilə imtahanlara hazırlaşan şagirdlər üçün dəstək proqramları genişləndirilməlidir. Çünki uşağın keyfiyyətli təhsil alması onun ailəsinin maddi imkanlarından və yaşadığı ərazidən asılı olmamalıdır”.
Təhsil eksperti hesab edir ki, dövlət dəstəyi məktəblərin real ehtiyacları əsasında bölüşdürülməlidir: “Müəllim çatışmazlığı, texniki təminat problemləri və tədris resurslarına çıxış məhdudluğu olan məktəblərə xüsusi diqqət ayrılmalıdır.
Təhsildə bərabərlik bütün məktəblərin eyni şəraitə malik olması deyil, hər bir şagirdin öz potensialını reallaşdırması üçün bərabər imkanlarla təmin edilməsidir.
Biz elə bir sistem qurmalıyıq ki, uşağın gələcəyini onun hansı şəhərdə və ya kənddə yaşaması deyil, biliyi, bacarığı və zəhməti müəyyən etsin”.
Günel Elxan