Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib İqtisadiyyat

Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib

Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası başa çatıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə bildirilib ki, Brüsseldə ÜGT-nin Baş qərargahında keçirilən tədbirdə DGK-nin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Sessiyanın son iş günündə büdcə və maliyyə məsələlərinin müzakirəsi aparılıb, ÜGT-nin Baş katibi, ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədri və digər vəzifələrə, eləcə də ÜGT-nin müvafiq qurumları üzrə seçkilər keçirilib.

Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədri vəzifəsinə Cənubi Afrika Respublikasının, ÜGT Baş katibi vəzifəsinə isə Amerika Birləşmiş Ştatlarının nümayəndələri seçiliblər.

Azərbaycan 2023-2024-cü illər üçün ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.

Norveç Krallığı isə ÜGT-nin Avropa regionu üzrə sədr müavini olub.