Vergi sistemində islahatların əsas hədəfləri açıqlandı İqtisadiyyat

Vergi sistemində islahatların əsas hədəfləri açıqlandı

Ziyad Səmədzadə: "Vergi yükünün ÜDM-də xüsusi çəkisi bir sıra ölkələrlə müqayisədə aşağıdır"
Beynəlxalq təşkilatlar vergi sistemində islahatların davam etdirilməsini zəruri sayır

Tərlan

Azərbaycanda vergi yükünün ÜDM-də xüsusi çəkisi təxminən 20-22% təşkil edir ki, bu da bir sıra ölkələrlə müqayisədə aşağı göstəricidir. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər" adlı III Vergi Forumunda çıxış edən parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bəyan edib. Z.Səmədzadənin sözlərinə görə, bəzi dövlətlərdə bu göstərici 40-50%-ə çatır. Eyni zamanda, Azərbaycanda aktiv vergi siyasətinin aparılması, kənd təsərrüfatının müəyyən hissəsinin vergilərə cəlb edilməsi, sənaye sektorunun inkişafı, vergi güzəşt siyasətinin daha səmərəli olması kimi atılan addımlar nəticəsində müşahidə olunan bu, 20-22%-lik səviyyə artmalıdır.
Z.Səmədzadə xatırladıb ki, ölkədə sənaye sektorunun inkişafının stimullaşdırılması, qeyri-neft sektorunun inkişafı, fərdi sənaye sektorunun inkişafı dövlət dəstəyi, o cümlədən, güzəşt siyasətinin aparılmasını tələb edir. Eyni zamanda, verginin dövlət büdcəsinin formalaşmasında olan rolunu nəzərə alaraq bu proseslər tarazlı və səmərəli şəkildə aparılmalıdır.
Beynəlxalq təşkilatlar Azərbaycanda aparılan vergi islahatları, o cümlədən bu sahədə aparılan elektronlaşdırma tədbirlərini yüksək qiymətləndirir. Bunu Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər" adlı III Vergi Forumunda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri qeyd ediblər. Forumda BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Antonius Broek, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard və Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşşenko çıxış ediblər.
Bu çıxışlarda ilk növbədə Azərbaycan vergi sisteminin müasir olduğu bildirilib, həmçinin onun şəffaf və vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi istiqamətində aparılan işlər vurğulanıb. Xüsusən də vergi sistemində və sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində elektronlaşdırma ilə bağlı aparılan islahatlar yüksək qiymətləndirilib. Eyni zamanda, bu islahatların davam etdirilməsinin zərurəti vurğulanıb.
Azərbaycanda milli vergi sistemi son 10 il ərzində əsaslı modernləşmə prosesindən keçib. Sahibkarlıq subyektlərinin sayının artması, ölkənin iqtisadi baxımdan aktiv inkişaf fazasına keçməsi vergi xidmətinin fəaliyyətinin də faktiki olaraq müasir əsaslarda yenidən qurulmasını zəruri edib. Son bir neçə il ərzində vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası qurulub. Bunu Bakıda keçirilən Vergi Forumunda çıxış edən vergilər naziri Fazil Məmmədov bəyan edib. Hazir vurğulayıb ki, artıq 3-cü ildir ki, vergilərə dair problemlərin açıq dialoq şəraitində müzakirə edildiyi bu yeni platforma olduqca səmərəli nəticələr verir. Əvvəlki forumlarda milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması və ən müasir texnoloji əsaslarda inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb, biznes cəmiyyəti ilə qarşılıqlı maraq doğuran müəyyən məsələlərdə ortaq yanaşma əldə edilib. Bu müzakirələrin nəticələri bu gün milli vergi sistemində aparılan yeni siyasətin əsaslarında öz əksini tapıb. Bu isə bir daha sübut edir ki, müzakirələrin məhz belə formatı vergi ödəyiciləri üçün daha səmərəli vergi sisteminin qurulmasına, vergi orqanları üçün isə daha səmərəli vergi inzibatçılığının formalaşdırılmasına, ölkədə daha əlverişli biznes mühitinin yaradılması üçün optimal və bütün tərəflər üçün faydalı həllər tapmağa imkan verir.
Nazir çıxışında bildirib ki, bu gün Azərbaycanın vergi sistemi dünyada tətbiq olunan əksər xidmətləri vergi ödəyicilərinə təqdim etmək iqtidarındadır: "Biz elə bir sistem qurmağa çalışırıq ki, vergi ödəyicisi vergi orqanına gəlmədən, praktiki olaraq, distant formada dövlət qarşısında bütün vergi öhdəliklərini yerinə yetirə bilsin. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərir. Bu, ölkədə tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur".
Bildirilib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində aparılmış islahatlar nəticəsində Dünya Bankının hazırladığı "Doing Business-2014" hesabatında "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk onluğa daxil olub.
Milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması istiqamətində çalışan Azərbaycan vergi sahəsində aktiv mübadilə proqramlarının tərəfdarı kimi çıxış edir. Ötən il ölkə beynəlxalq birliyin təşəbbüsü olaraq ortaya çıxmış İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna qoşulub.
Bizneslə aparılan dialoqun nəticəsi olaraq, 2014-cü ildə vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılıb. Artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlanmasına start verilib. Bu, qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma formasıdır.
F.Məmmədov bildirib ki, yaxın gələcəkdə vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdiriləcək. Bir sıra sahələrdə vergi nəzarətinin artırılması ilə bağlı yeni mexanizmlərin yaradılması ilə bağlı planlar var. Ortamüddətli perspektivdə 2013-cü ildə ilk pilot layihəsinə start verildiyi elektron auditin tammiqyaslı tətbiqi, eləcə də transfert qiymətlərinin tənzimlənməsi və elektron kommersiyanın vergi nəzarəti mexanizmləri üzərində işlər davam etdiriləcək.
Nazir xatırladıb ki, 2014-cü il "Sənaye ili" elan edilib. Bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyiş gözlənilir. Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrin formalaşmasında və rəqabət qabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması iqtisadi sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan beynəlxalq təcrübəyə əsaslanaraq, eləcə də orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad edilib.
Azərbaycanın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun sürətli inkişafını təmin etməkdir. Bütün bunlar "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri sırasındadır və bu layihələrin həyata keçirilməsində vergi orqanlarının yeri və rolu barəsində Bakıda keçirilən bu forumda xüsusi təqdimat olacaq.