Maliyyələşdirmə COP29-un əsas mövzusu olacaq - Yalçın Rəfiyev İqtisadiyyat

Maliyyələşdirmə COP29-un əsas mövzusu olacaq - Yalçın Rəfiyev

COP29-un əsas mövzularından biri maliyyələşdirmə olacaq.

Trend xəbər verir ki, bu barədə COP29-un Azərbaycan üzrə baş danışıqçısı Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masada deyib.

"COP28 Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) əldə olunmuş konsensus sayəsində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan iqlim üzrə danışıqlarda nəzərəçarpan irəliləyişin əldə olunması üçün hərtərəfli müzakirələr üçün uyğundur. Yalnız inklüziv COP konfransı sayəsində biz irəli addımlamağın düzgün yolunu işləyib hazırlaya bilərik. COP29-da əsas mövzulardan biri maliyyələşdirmə olacaq. Səylərimiz üçün nəticələrin yüngülləşdirilməsi, adaptasiya, itki və zərərin aradan qaldırılması həlledici əhəmiyyət kəsb edəcək. Bu, ölkələr, beynəlxalq təşkilatlar və özəl sektorun birgə səylərini tələb edəcək", - o deyib.

Y.Rəfiyev COP29-da sədrlik çərçivəsində Azərbaycanın Beynəlxalq Enerji Agentliyi (IEA) ilə əməkdaşlığı səbirsizliklə gözlədiyini qeyd edib.

"Hədəflərimizə nail olmaq üçün yalnız inklüzivlik bizə düzgün yolda irəliləməkdə kömək edə bilər. Əməkdaşlığımız çərçivəsində əsas rəhbər prinsiplərimiz iqlim dəyişikliyinə yönəlmiş, ədalətli və dayanıqlı gələcəyi təmin etmək məqsədilə tərəflərin növbəti Konfransının sədri qismində Braziliya ilə birgə fəaliyyəti nəzərdə tutur. Sədrlyimiz altında COP29 konfransında IEA ilə sız əməkdaşlığı səbirsizliklə gözləyirik. COP29-da IEA prosesdə həyati vacib rol oynamağa davam edərək öhdəliklərimizin icrasını izləyəcək və tərəfləri həyati əhəmiyyətli tədqiqatlar və siyasətlə dəstəkləyəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.