TAP üçün borular Albaniya və Yunanıstana gətirilib İqtisadiyyat

TAP üçün borular Albaniya və Yunanıstana gətirilib

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan "Trans-Adriatik" (TAP) qaz boru kəmərinin inşasında istifadə ediləcək boruların 50 faizdən çoxu Albaniya və Yunanıstana gətirilib. Bu barədə TAP-ın "twitter" səhifəsində məlumat verilir. Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın TAP layihəsinə 278 milyon dollar ayırması planlaşdırılır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagás" (16 faiz) və "Axpo" (5 faiz).