“Açıq hökumət məlumatları” mövzusunda konfrans İqtisadiyyat

“Açıq hökumət məlumatları” mövzusunda konfrans

Fevralın 7-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) təşkilatçılığı ilə "Açıq hökumət məlumatları" mövzusunda konfrans işə başlayıb. 60-dək dövlət və özəl qurumun nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirak etdiyi konfransda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, 2015-ci ildə RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan "www.data.gov.az" portalının əsas məqsədi məlumatların istifadəsi, onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Məlumat verilib ki, hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəçilərin ixtiyarındadır. Belə ki, açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, "Azərsu" ASC və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Eyni zamanda, əksər qurumlara məxsus açıq məlumatlar mövcuddur ki, həmin məlumatların portala yerləşdirilməsi üçün lazımi işlər aparılır.
Sonra Məlumat Hesablama Mərkəzinin direktoru Elmar Əsədov portalın fəaliyyəti barədə məlumat verib. Konfransda açıq hökumət məlumatlarının təşviqi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı müzakirələr aparılıb.