“Günəşli”də 4 quyu istismara qaytarılıb İqtisadiyyat

“Günəşli”də 4 quyu istismara qaytarılıb

"Azneft" İstehsalat Birliyinin (İB) "28 May" Neft və Qazçıxarma İdarəsinin 10 nömrəli dərin dəniz özülündə səyyar müşavirə keçirilib. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynovun, "Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət 7 nömrəli dərin dəniz özülündə olublar.
2015-ci il dekabrın 4-də fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündə baş vermiş qəzanın aradan qaldırılması istiqamətində özülün yenidən qurulması üçün SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən 2016-cı il fevralın 29-da təsdiq olunmuş "Tədbirlər Proqramı" çərçivəsində görülmüş işlər müzakirə edilib. Bildirilib ki, özülün yenidən qurulması istiqamətində ilk öncə özüldəki 30 quyunun quyu ağzı avadanlıqları təftiş edilib, sızmalar təcrid olunaraq təhlükəsiz iş şəraiti yaradılıb. 4 ədəd 42 nəfərlik xilasetmə qayığı işçilər üçün hazır vəziyyətə gətirilib, özüldə olan işçilər fərdi mühafizə vasitələri ilə təmin olunub. Qayıqların sazlığının mütəmadi yoxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin SOCAR baş ofisinin audit xidmətinin xilasedici qayıqların və jiletlərin standartlara uyğunluğunun təkrar yoxlanılması qərarlaşdırılıb.
Qeyd olunub ki, daha sonra özülün dayaq blokunun üst hissəsinin rekonstruksiyası və gücləndirilməsi işlərinə başlanılıb, yararsız metal konstruksiyaların və müxtəlif təyinatlı boru kəmərlərinin sökülməsi, bütün üst tikililərin deformasiyaya uğramış konstruksiya elementlərinin yenidən bərpa olunması, özülüstü texnoloji xətlərin yenidən qurulması həyata keçirilib. M1 və M1A modulları sahildə yığılaraq özüldə quraşdırılıb, modullararası odadavamlı divar tikilib, qülləaltı postamentinin gediş yolları yenidən bərpa edilib. Özülün aşağı və yuxarı yaruslarında perimetr boyu yanğın əleyhinə su xətti çəkilib.
Qaz atqı (Şam) və məşəl seperatoru layihə yerinə quraşdırılıb, M1 modulunda 4 ədəd, M1A modulunda isə 1 ədəd neft manifoldları quraşdırılıb, manifoldlararası xətlərin çəkilişi yekunlaşıb. Özülün bütün texnoloji avadanlıqları alınaraq quraşdırılıb, elektrik təchizatı yenidən qurulub, partlayış təhlükəsinə qarşı işıqlandırma işinin quraşdırılması davam etdirilir. Antikorroziya və abadlaşdırma sahəsində görülmüş işlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Heyətsiz Sualtı Aparat ilə sualtı xətlərin diaqnostikası yekunlaşıb, yaşayış yerinin isitmə soyutma sistemi yenidən qurulub. Əməyin təhlükəsizliyi sahəsində işçilərin maarifləndirilməsi istiqamətində aparılan təlimlərin sıxlaşdırılması və işçilərdə məsuliyyətin aşılanmasının intensivləşdirilməsi xüsusi qeyd olunub.
Özülün rəisi hadisə baş verdikdən sonra hasilatın bərpası istiqamətində görülmüş işlər barədə məlumat verib. O, artıq 4 quyunun istismara qaytarıldığını bildirib. Hazırda sözügedən 4 quyu sutkada 120 ton neft, 9 min 500 kubmetr qaz olmaqla fontan üsulu ilə işləyir. Hadisədən sonra özüllərarası əlaqənin tam bərpasının həyata keçirildiyini deyən özül rəisi, 5 nömrəli özüllə yeni nəql xəttinin çəkilərək əlaqə yaradıldığını bildirib. Digər quyuların istismara qaytarılması haqqında danışılıb. İndiki mərhələdə bütün quyuların istismara qaytarılması planlaşdırıldığı, lakin, əvvəlcə quyuların texniki vəziyyətinə baxılacağı, qaytarılması mümkün olan bütün quyuların təmir olunaraq istismara veriləcəyi bəyan edilib.
Sonra qaz quyularının istismara qaytarılması haqqında fikir mübadiləsi aparılıb. Qaz quyularının istismara qaytarılmasının səmərəliliyi və gözlənilən risklərdən bəhs edilib. Qeyd olunub ki, əvəzedici quyular qazılmaqla da qaz quyuları istismara qaytarıla bilər. Müşavirədən sonra özülə baxış keçirilib, görülən işlər yüksək qiymətləndirilib. İşçi heyəti, həmçinin 143 nömrəli quyuda həyata keçirilən əsaslı təmir işləri ilə yerində tanış olublar. 143 nömrəli neft quyusunda qəza borularının azad olunması istiqamətində intensiv işlərin həyata keçirildiyi, yaxın günlərdə bu quyuların istismar fonduna bərpasının planlaşdırıldığı qeyd edilib.