Benzin və dizel üçün aksiz dərəcəsi kəskin azaldılıb İqtisadiyyat

Benzin və dizel üçün aksiz dərəcəsi kəskin azaldılıb

Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu aksiz dərəcələri bundan əvvəl 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olub.

Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 dekabr tarixli 516 nömrəli Qərarı ilə təsdiq edilmiş “Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nda və 2025-ci il 12 mart tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fövqəladə ehtiyatların nomenklaturası”nda nəzərdə tutulmuş yanacaq növləri üzrə müəyyən olunmuş minimal həcmlərin formalaşdırılmasına və səmərəli istifadəsinə nəzarəti təmin etməlidirlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2025-ci il 1 yanvar – 1 iyun tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib.