.jpg)
.jpg)
ABŞ-ın Boston şəhərində aparılan altı illik bir araşdırma, şəhərdəki siçanların ölümcül leptospiroz bakteriyasını yaydığını ortaya çıxarıb. Alimlər genetik analizlər vasitəsilə bir insan yoluxma halının birbaşa siçanlarla əlaqəli olduğunu da təsdiqləyiblər.
Xalqcebhesi.az xəbər verir ki, Tufts Universitetinin rəhbərliyi ilə, Şimali Arizona Universiteti, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) və Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ilə birgə həyata keçirilən bu araşdırmada 2016–2022-ci illər arasında Bostonun 17 müxtəlif nöqtəsindən toplanan 328 siçanın böyrək nümunələri analiz edilib.
Test olunan siçanların 18 faizində Leptospira bakteriyasına rast gəlinib.
Tədqiqatçılar, 2018-ci ildə Boston şəhərində bir xəstədə qeydə alınan leptospiroz halının, eyni ərazidən götürülmüş siçan nümunələri ilə demək olar ki, tam genetik oxşarlıq daşıdığını müəyyən ediblər. Bu nəticə, xəstəliyin mənbəyinin şəhərdəki siçanlar olduğunu güclü şəkildə göstərir.
Leptospiroz adətən siçan ifrazatları vasitəsilə torpağa, su gölməçələrinə və ya durğun sulara keçərək yayılır. İnsanlar, ev heyvanları və digər canlılar bu sahələrlə təmas etdikdə yoluxa bilirlər. Xəstəlik əsasən tropik bölgələrdə yayılmış olsa da, qlobal istiləşmə ilə əlaqədar olaraq daha sərin iqlimlərdə də görülməyə başlanıb.
Məryəm Quliyeva