

Vaqif Bəhmənli- 70
Onun dünyaya gəldiyi Füzuli rayonunun Böyük Bəhmənli kəndi Araz çayının qolu olan Quruçayın sahilində, düzənlikdə yerləşir. Füzulinin ən qədim kəndlərindən sayılan Böyük Bəhmənlinin ərazisində miladın ilk yüzilliklərində Bəhmən şəhəri yerləşib. Bir sıra tarixi mənbələr bəhmənlilərin Mərkəzi Asiyadan gəldiyini qeyd edirlər və tarixi sənədlərdə qeyd olunur ki, Qarabağ xanlığının xanı Pənahəli xan da Bəhmənlidən olub. Bəli, mən bu dəfə Pənahəli xanın həmkəndlisi, şair Vaqif Bəhmənlidən sizə söhbət açacam. Onun həyat anlayışına görə, bu dünyada ədəbiyyatdan başqa hər nə varsa, gəldi-gedərdi. Ədəbiyyat onun üçün hava, su, gün işığı, tarix, fəlsəfə, vətən, türklük kimidir...
Deyir ki:- “Mən özümü ədəbiyyatla, söz sənəti ilə bağlı olmayan, onun dışındakı adam kimi göz önünə gətirə bilmirəm. Kökü və tarixi eyni olan möhtəşəm, imperator duruşlu, şahanə bir ədəbiyyatın övladlarıyıq. Bunu sizə qədim və çağdaş dünya ədəbiyyatını türk və rus dillərinin, eləcə də fərdi həvəsin verdiyi imkan daxilində nəzərdən keçirən həssas oxucu kimi deyirəm. Müqayisə edirəm və hər dəfə qürur hissi duyuram ki, biz bir millət kimi itib-batması heç mümkün olmayan belə bir varidata sahibik. Bəli, bu xəzinənin adı Türk xalqlarının ədəbiyyatıdır!..”
O, 1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-1978-ci illərdə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib. Sonra “Sovet kəndi” qəzetində şöbə müdiri, “Kommunist” qəzetində şöbə müdiri, “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor, sonradan “Həyat” adlandırılan "Bərəkət" qəzetində baş redaktor, “Yazıçı” nəşriyyatında redaktor, Gənclər və İdman Nazirliyində şöbə rəisi, “Ədalət” qəzetində baş redaktorunun birinci müavini, “XXI-gənclik dərgisi”ndə redaktor, “XXI- Yeni Nəşrlər evi”nin baş redaktoru, “Mars” dərgisində baş redaktorun müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri, “Humanitar” qəzetində redaktor, "525-ci qəzet"də şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Əlliyə yaxın kitabın müəllifidir...
Uşaq vaxtı rəsm çəkməyə çox böyük həvəsi olub, əsasən yazarların- Nizami Gəncəvinin, Molla Pənah Vaqifin, hətta Leninin də rəsmlərini çəkib. Bir müddət sonra bu həvəs yaxaş-yavaş onu tərk edib. Anlayıb ki, rəsm çəkmək üçün adam gərək hansısa peşəkar mühitdə yetişsin. Yaşadığı kənddə isə rəsm məktəbi olmayıb. 18 yaşına çatanda Bakıya üz tutub...
“Yaradıcılıq prosesində janrlar, formalar şərtidir, onlar ədəbiyyatın tarixi-ənənəvi inkişafı ilə əlaqədar meydana çıxan şəkillərdir. Həqiqi yazarlar şeirdən tutmuş romana, publisistikadan tutmuş dram əsərlərinə qədər hər istiqamətdə qələmlərini sınamış və uğur əldə etmişlərdir. Mən özümü onlarla müqayisə etmirəm; poetik əsərlər həcmində, bəlkə ondan da çox nəsr əsərləri- sənədli roman və povestlər yazmışam, ruscadan tərcümələr etmişəm. Onların hər biri mənə görə şeirlərim qədər əhəmiyyətlidir. Daha doğrusu, əhəmiyyətli olub. Çünki istər şeir olsun, istərsə də nəsr, yazıb bitirdiklərim, oxucuların ixtiyarına verdiyim əsərlər yurddan qanadlanıb tamam başqa bir məkanda yuva qurmuş övladlarım kimidir, onlar öz həyatını yaşayır, məni yaşadan isə düşüncəmdə olan, amma hələ yazmadıqlarımdı.”- söyləyir...
Sakit təbiətli görünsə də, əslində coşqun adamdır. Çox danışmağı xoşlamır. Yazıb yaratmaqdan zövq alır. SÖZ onun üçün dünyanın ən qiymətli incisidir...
Deyir ki:- “Azərbaycan dilinin qrammatikasında ismin altı halı var, bunlar şəxsin və eləcə də əşyanın hal və hərəkət vəziyyətlərini bildirir. Məncə, yaradıcılığın heç bir məqamı bu altı hala sığmır. Yaradıcılıq ismin yeddinci halıdır. Bəli, yaradıcılıq təfəkkürün adi halı deyil. Bu, xüsusi bir bacarıqdır, biz onun adına istedad deyirik. Əvvəl də olduğu kimi, istedadın Allah vergisi olduğunu bir daha təsdiqləyirəm. Bunu da deyirəm ki, bəyənilən əsərlər yazmaq üçün yalnız istedad kifayət etmir. Çünki ən müxtəlif istiqamətlər üzrə istedad demək olar ki, insanların əksəriyyətində var. Əsas məsələ, necə ki, bir bulağın gözünü açarsan, yolunu təmizlərsən, həmin çeşmə daha gur axıb gedər, istedad da elədir. Ona bir başqası yox, sən özün yol açmalısan. Deməli, yaradıcılıq üçün ilahi başlanğıc, bilik və xeyirxah ürək lazımdı. Bunlar isə böyük zəhmət, sənətə sevgi, sözün və həyatın əzablarına qatlaşmaqla gerçəkləşir. Kamil olmayan insana necə yaxşı deyə bilərik? Nazim Hikmət söyləyir ki, əgər sən deyirsənsə, mən şairəm, deməli, sən deyirsən ki, mən yaxşı adamam! Nə yazırsan yaz, hansı işi görürsən gör, sənin yaratdığın o zaman gərəkli olur ki, başqalarının həyatına, ovqatına, düşüncəsinə işıq qatır...”
Onunla həmsöhbət olmaq çox çətindir. Söhbətlərinin hərəsi bir fəlsəfədir, bu onun həm filosof olmasından və həm də müdrikliyindən irəli gəlir. İti zəkalı, dərin təfəkkürlü, aydın düşüncəli adamdır...
Bəli, Əməkdar mədəniyyət işçisi, şair, tərcüməçi, publisist Vaqif Bəhmənli sıradan bir soydaşımız deyil. Mayın 23-ü onun 70 yaşı tamam olur, yubileyidir. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu