Rəşad Nəbiyev: Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsinə çevriləcək İqtisadiyyat

Rəşad Nəbiyev: Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsinə çevriləcək

Son onilliklərdə dünya əsasən bir neçə ölkə tərəfindən idarə olunub, lakin bu dəyişməyə meyllidir və biz indi qlobal dəyişiklik tendensiyasının Körfəz ölkələrinə, Cənubi Qafqaz ölkələrinə, Mərkəzi Asiya və Cənub-Şərqi Asiya ölkələrinə yönəldiyini görürük.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, bu ölkələr təkcə ticarətdə deyil, həm də texnologiyanın inkişafında mühüm rol oynayırlar:

“Ötən il qlobal ticarətin həcmi təxminən 33 trilyon ABŞ dolları olub və əvvəlki illərlə müqayisədə ötən il tranzit marşrutlarının diversifikasiyası baxımından daha çətin keçib. Ticarətçilər, ölkələr mövcud diversifikasiyadan razı deyildilər və buna görə də bütün tərəflər, ölkələr Azərbaycana müraciət edirdilər ki, Şərq və Qərb arasında marşrutların diversifikasiyasında necə mühüm rol oynaya bilərik. Son onilliklərdə biz təkcə müvafiq infrastrukturun qurulmasında fəal olmamışıq, həm də bu ölkələri bir araya gətirməkdə, mövqelərimizin uyğunlaşdırılmasını təmin etməkdə mühüm rol oynamışıq”.

R.Nəbiyev onu da bildirib ki, Orta dəhliz yalnız bir ölkə tərəfindən idarə olunmur:

"Bu, mehriban qonşuluq şəraitində olan, ortaq məqsədləri paylaşan, bir-birindən faydalanan ölkələrin birliyi kimidir. Bizim indi qarşılıqlı asılılıq fəlsəfəmiz var. Biz başa düşürük ki, hər birimizin uğuru digərlərinin uğurundan asılıdır və buna görə də yalnız infrastruktur layihələrimizi deyil, həm də həmin infrastrukturdan ən yaxşı istifadənin necə təmin olunacağını uzlaşdırırıq. Son illərdə, ərazilərimizin azad edilməsindən sonra müzakirə etdiyimiz mövzulardan biri də bu Orta Dəhlizin necə diversifikasiya edilə biləcəyidir. Bu baxış və ideya irəli sürülüb ki, Zəngəzur dəhlizi Orta Dəhlizdə mühüm rol oynaya bilər və biz son beş ildə bu gündəliyi irəli aparırıq. Bu ilin avqustunda isə bu dəhliz beynəlxalq arenada da təsdiqləndi. Yəni, cənab Tramp və Paşinyan arasında ikitərəfli görüş zamanı bu baxış ortaya qoyuldu ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsinə çevriləcək. Biz Zəngəzur dəhlizini mövcud dəhlizlərə alternativ kimi görmürük. Biz inanırıq ki, bu, elə bir sahə olacaq ki, məsələn, hava şəraiti imkan vermədiyi vaxtlarda yük daşımalarının daha çox həyata keçirilməsində mühüm rol oynayacaq. Ümumilikdə isə dəhlizə təxminən əlavə 15 milyon ton yük əlavə ediləcək”.