“Forum iştirakçılarının Bakının təşəbbüslərini dəstəkləməsi verdiyimiz töhfələrin müsbət qarşılanması deməkdir" Siyasət

“Forum iştirakçılarının Bakının təşəbbüslərini dəstəkləməsi verdiyimiz töhfələrin müsbət qarşılanması deməkdir"

“Bakı Təhlükəsizlik Forumunun keçirilməsi ənənəvi hal alıb. Bu il artıq üçüncü forumun keçilməsi yeni bir qlobal təhlükəsizlik platformasının yaranması və bu platformanın beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi deməkdir. Müxtəlif ölkələrin xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev forum iştirakçılarına müraciət göndərərək Azərbaycanın qlobal sülh və təhlükəsizlik arxitekturasına verdiyi töhfələr haqqında fikirləri bildirdi: “Dövlət başçımız Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrildiyini qeyd edir. Dövlət başçımız müraciətdə Azərbaycanın regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində atdığı konstruktiv addımlarını forum iştirakçılarının diqqətinə çatdırır. Belə ki, qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulması olduğunu bildirir”.

A.Badamovun sözlərinə görə, dövlət başçımız 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sazişləri çox yüksək dəyərləndirərək bunun ancaq Azərbaycan və Ermənistan arasında sülhün yaranmasına yox, həm də Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunmasına eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacağını qeyd etdi: “Təbii ki, Azərbaycanın sülh gündəliyi heç bir ölkənin maraqlarına qarşı deyil. Bu ancaq böyük bir coğrafiya arasında yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Bakı Təhlükəsizlik Forumunun təsisatlanması və daha da genişlənməsinə təşəbbüslə çıxış edir. Forum iştirakçılarının Bakının təşəbbüslərini dəstəkləməsi verdiyimiz töhfələrin müsbət qarşılanması deməkdir. Biz qlobal sülhün və təhlükəsizliyin möhkəmlənməsi üçün təşəbbüslərlə çıxış edən çox az ölkələrdənik. Bu, bizim uzun illər formalaşdırdığımız sülh arxitekturasının düzgün olduğunu bir daha təsdiq edir”.

Röya İsrafilova