

“Hazırkı geosiyasi şəraitdə ABŞ-Çin münasibətlərində müəyyən dərəcədə yumşalma mümkündür. Lakin bu proses dərin və davamlı ola bilməz”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
O qeyd edib ki, Tramp administrasiyasının Tayvana hərbi yardım məsələsini dondurması Pekinlə ticarət sazişi imzalamaq və iqtisadi münasibətləri sabitləşdirmək cəhdinin göstəricisidir: “Burda əsas məsələ hərbi yardımın dondurulması (tam dayandırılmasından getmir söhbət), bu isə gələcəkdə yenidən
siyasi və iqtisadi təzyiq vasitəsinin işə düşməsi deməkdir. Lakin Tayvan Cənubi Çin dənizi, yüksək texnologiyalar və geosiyasi nüfuz uğrunda rəqabət, tərəflər arasında fundamental ziddiyyət olaraq qalır. ABŞ üçün Çinə qarşı sərt mövqeni tam yumşaltmaq daxili siyasi müstəvidə də risklidir. Ona görə də yaxın perspektivdə münasibətlər “idarə olunan rəqabət” çərçivəsində davam edəcək, yəni iqtisadi dialoqda güzəştlər olsa da, strateji sahələrdə qarşıdurma və qarşılıqlı etimadsızlıq qalacaq. Bu isə nəticə olaraq onu göstərir ki, ABŞ-Çin münasibətlərinin tam stabilləşməsi yaxın gələcək siyasi üfüqində görsənmir”.
Röya İsrafilova