

Avropa Kubokunda çıxış edəcəyimiz üçün həyəcanlıyıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Abşerons Lions” basketbol komandasının amerikalı yeni transferi Ceyms Freyzer Avropa Kubokunun ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, bütün imkanlardan istifadə etməli olduqlarını bildirib: “Gücümüzü beynəlxalq arenada göstərmək imkanı əldə etdiyimiz üçün sevinirik. Kipr klubu ilə bağlı çox məlumatım yoxdur. Amma bilirəm ki, heyətində gənc oyunçular var. Onları üstələmək üçün daha sürətli olmalıyıq”.
Basketbolçunun sözlərinə görə, komandanın avrokuboklarda ilk dəfə mübarizə aparması çox xüsusi və möhtəşəm hissdir: “Tarixdə ilk kimi yadda qalmaq çox gözəldir. Həm mənim, həm komandam üçün maraqlı təcrübə olacaq. Təbii ki, turnirdə bacardığımız qədər irəliləmək istəyirik. Yaxşı nəticə qazanmaq üçün çalışacağıq. Bu mövsümün karyeramda da xüsusi yeri olacaq. Bu, Avropa Kubokunda çıxış edəcək komandamız üçün tarixi andır”.
Qeyd edək ki, sentyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.