Türkiyənin İğdır şəhərində görkəmli Azərbaycan şairi Şəhriyarın xatirəsi anılıb Mədəniyyət

Türkiyənin İğdır şəhərində görkəmli Azərbaycan şairi Şəhriyarın xatirəsi anılıb

Türkiyənin İğdır vilayətinin Qaraqoyunlu rayonunda görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Cəmiyyətləri Federasiyasının mətbuat katibi Səfər Qaraqoyunlu tədbiri açaraq görkəmli şairin irsinin bütün Türk dünyası üçün əhəmiyyətindən bəhs edib.

Müzakirələrin moderatoru qismində çıxış edən İğdır Universitetinin rektoru, professor Ekrem Gürel qeyd edib ki, Şəhriyarın yaradıcılığında türk mədəniyyətində və türklüyə sevgi hissi ön plandadır.

İzmirdəki 19 May Universitetinin sabiq müəllimi, professor Zeynalabdin Makas Şəhriyarın kiçik şeirini misal gətirib və bildirib ki, başqa şairlər onun forma və məzmununa uyğun 800-ə yaxın nəzirə qələmə alıblar. Professor daha bir qürurverici faktı diqqətə çatdırıb: görkəmli şair sağlığında ona şəxsi imzası ilə fotoşəkil göndərib.

Daha sonra çıxış edən vəkil Cafer Zor və jurnalist Eşref Uzundere Şəhriyarın yaradıcılığının müxtəlif mərhələlərindən bəhs ediblər. Tədbirdə böyük şairin şeirləri oxunub.

İştirakçılar Şəhriyarın irsinin bütün Türk dünyasında yaşadılması və təbliğinin vacibliyini vurğulayıblar.