Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı -FOTOLAR İqtisadiyyat

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla başa çatdı -FOTOLAR

Türkiyənin Elazığ şəhərində 28–29 aprel 2026-cı il tarixlərində keçirilən “Uluslararası Sağlık Turizmi Zirvesi” uğurla yekunlaşıb. İki gün davam edən mötəbər beynəlxalq tədbir sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, özəl sektor nümayəndələrini, akademik dairələri və beynəlxalq təşkilatları bir araya gətirərək mühüm dialoq və əməkdaşlıq platformasına çevrilib.

Zirvənin rəsmi açılış mərasimində Türkiyədən və müxtəlif xarici ölkələrdən yüksək səviyyəli dövlət rəsmiləri, millət vəkilləri, səhiyyə və turizm sektorunun aparıcı nümayəndələri iştirak ediblər. Açılış nitqlərində Elazığın son illərdə sağlamlıq turizmi sahəsində qazandığı nailiyyətlər, şəhərin müasir tibbi infrastrukturu, zəngin termal resursları və strateji coğrafi mövqeyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Elazığ həm regional, həm də beynəlxalq səviyyədə sağlamlıq turizminin inkişafı üçün mühüm mərkəzlərdən birinə çevrilmək potensialına malikdir.

Açılış mərasimində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi simvolik jest olub. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev tərəfindən Elazığ valisi Numan Hatipoğlu və AK Parti Elazığ millət vəkili, professor doktor Erol Keleşə Elazığ Uluslararası Turizm ve Sağlık Turizmi Derneği (ELTURK) adından Azərbaycan–Türkiyə qardaşlığını simvolizə edən xarı bülbül motivli xüsusi hədiyyə təqdim olunub. Bu addım iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin dərin köklərə söykəndiyini bir daha nümayiş etdirib və tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Zirvə çərçivəsində iştirakçılar üçün zəngin və çoxşaxəli proqram təşkil olunub. Tədbir müddətində beynəlxalq qonaqlar Elazığın qabaqcıl səhiyyə müəssisələri, müasir tibbi texnologiyalar, reabilitasiya və termal müalicə imkanları, eləcə də turizm infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bununla yanaşı, müxtəlif ölkələrdən olan şirkətlər və təşkilatlar arasında işgüzar əlaqələrin qurulması məqsədilə çoxsaylı B2B görüşlər keçirilib. Bu görüşlər çərçivəsində tərəflər arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə layihələrin həyata keçirilməsi ilə bağlı ilkin razılaşmalar əldə edilib.

Tədbirdə Elazığ valisi Numan Hatipoğlu, Elazığ bələdiyyə başçısı Şahin Şerifoğulları, AK Parti Elazığ millət vəkili professor doktor Erol Keleş, Elazığ Uluslararası Turizm ve Sağlık Turizmi Derneğinin (ELTURK) sədri Murat Solmaz və digər rəsmi şəxslər iştirak ediblər. Onlar çıxışlarında regionda sağlamlıq turizminin inkişafı üçün dövlət dəstəyinin əhəmiyyətini vurğulayıb, bu kimi beynəlxalq tədbirlərin yeni investisiyaların cəlb edilməsində və Elazığın qlobal səviyyədə tanıdılmasında mühüm rol oynadığını qeyd ediblər.

Azərbaycanı təmsil edən nümayəndə heyəti də zirvədə fəal iştirak edib. Nümayəndə heyətinə Azərbaycan Sahibkarlar Konfederasiyasının sədr müavini Vüqar Zeynalov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədr müavini Əhməd Qurbanov, Skal International Bakı Turizm Peşəkarları Assosiasiyasının prezidenti Ceyhun Aşurov, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev, həmçinin İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev daxil olublar. Azərbaycan nümayəndələri tədbir çərçivəsində müxtəlif ölkələrin təmsilçiləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Zirvə çərçivəsində təşkil olunan panel müzakirələrdə sağlamlıq turizminin qlobal inkişaf trendləri, tibbi xidmətlərin beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılması, rəqəmsallaşma və innovativ həllərin tətbiqi, eləcə də pasiyent axınının artırılması yolları geniş şəkildə müzakirə olunub. Mütəxəssislər bu sahədə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi qeyd ediblər.

Tədbirin ikinci günündə iştirakçılar Elazığ Şəhər Mərkəzi Xəstəxanasını ziyarət edərək müəssisənin müasir tibbi avadanlıqları, xidmət keyfiyyəti və idarəetmə sistemi ilə yaxından tanış olublar. Bundan əlavə, qonaqlar Harputun tarixi məkanlarını, o cümlədən Harput Basın Muzeyini gəzərək şəhərin zəngin tarixi-mədəni irsi haqqında ətraflı məlumat əldə ediblər. Bu səfərlər iştirakçılarda Elazığın yalnız səhiyyə deyil, eyni zamanda turizm potensialı barədə də müsbət təəssürat formalaşdırıb.

Qeyd edək ki, zirvə ELTURK-DER tərəfindən təşkil olunub. Tədbir Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ticarət Nazirliyi və Elazığ Valiliyinin dəstəyi və koordinasiyası ilə həyata keçirilib. Mütəxəssislərin fikrincə, “Uluslararası Sağlık Turizmi Zirvesi”nin keçirilməsi Elazığın beynəlxalq sağlamlıq turizmi bazarında mövqeyinin daha da möhkəmlənməsinə, yeni investisiya imkanlarının yaranmasına və regionun qlobal səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.