“Kiçik biznes üçün əsas məsələ gəlir və xərc balansıdır” İqtisadiyyat

“Kiçik biznes üçün əsas məsələ gəlir və xərc balansıdır”

“Dəyişən iqtisadi şəraitdə kiçik bizneslər üçün yalnız ‘daha çox satmaq’ və ya yalnız ‘xərcləri maksimum azaltmaq’ strategiyası hər zaman optimal nəticə vermir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xalqcebhesi.az-a açıqlamasında deyib.

A.Nəsirlinin sözlərinə görə, satışların artırılması biznesin inkişafı və bazar payının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Daha çox satış əldə etmək müəssisənin dövriyyəsini artırır və bazardakı mövqeyini gücləndirir. Lakin satış həcmini artırmaq məqsədilə çəkilən əlavə xərclər mənfəətliliyin azalmasına da səbəb ola bilər. Buna görə sahibkarlar yalnız gəlirin artmasına deyil, əldə olunan gəlirin rentabelliyinə də diqqət yetirməlidirlər. Xərclərin həddindən artıq azaldılması da müəyyən risklər yarada bilər.
Bəzi hallarda qənaət məqsədilə xərclərin minimuma endirilməsi məhsulun keyfiyyətinə, xidmət səviyyəsinə və müştəri məmnuniyyətinə mənfi təsir göstərir. Bu isə uzunmüddətli perspektivdə biznesin rəqabət qabiliyyətini zəiflədə bilər”.

A.Nəsirli vurğulayıb ki, uğurlu bizneslərin əsas xüsusiyyəti xərclərlə gəlirlər arasında düzgün balans qurmağı bacarmalarıdır:
“Adətən uğurlu kiçik bizneslər lazımsız xərcləri azaldır, lakin inkişafı təmin edən istiqamətlərə investisiya qoyuluşunu davam etdirirlər. Marketinq, innovasiya, məhsulun keyfiyyətinin artırılması və müştəri xidmətləri kimi sahələrdə qənaət etmək əks nəticə verə bilər”.

Mərkəz sədri hesab edir ki, qeyri-sabit iqtisadi şəraitdə dayanıqlılığın əsas şərti balanslı idarəetmə modelidir:
“Məqsəd yalnız daha çox satmaq və ya maksimum qənaət etmək deyil. Əsas məsələ satış gəlirləri ilə xərclər arasında sağlam tarazlıq yaratmaqdır. Məhz bu yanaşma biznesin dayanıqlığını artırır, riskləri azaldır və uzunmüddətli uğurun əldə olunmasına imkan verir”.

Günel Elxan