İslam maliyyəsi və bankçılığı İqtisadiyyat

İslam maliyyəsi və bankçılığı

Müasir dövrdə dünya maliyyə sistemi yeni çağırışlar və transformasiya prosesləri ilə üzləşir. Qlobal maliyyə böhranları, dayanıqlı inkişaf məqsədlərinin ön plana çıxması, sosial məsuliyyətli investisiyalara marağın artması və maliyyə inklüzivliyinin genişləndirilməsi zərurəti alternativ maliyyə modellərinə diqqəti artırmışdır. Belə modellərdən biri də son illərdə sürətlə inkişaf edən İslam maliyyəsi və İslam bankçılığıdır. Bir vaxtlar əsasən müsəlman ölkələrinin maliyyə sistemi ilə əlaqələndirilən İslam maliyyəsi bu gün qlobal maliyyə bazarının mühüm və dinamik seqmentlərindən birinə çevrilmişdir.
İslam maliyyəsi yalnız dini prinsiplərə əsaslanan maliyyə sistemi deyil, eyni zamanda etik investisiya, sosial məsuliyyət və real iqtisadi fəaliyyətə söykənən maliyyə münasibətlərini təşviq edən iqtisadi model kimi qiymətləndirilir. Bu baxımdan onun əhatə dairəsi getdikcə genişlənir və dünyanın müxtəlif regionlarında tətbiq olunmağa başlayır.
“Biz İslam maliyyəsini ölkənin maliyyə arxitekturasının ayrılmaz hissəsinə çevirmək əzmindəyik. İnanırıq ki, həyata keçirilən islahatlar maliyyə bazarlarını şaxələndirəcək və xarici investisiyaların cəlb olunmasına töhfə verəcək”. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda çıxışı zamanı deyib ki, regionlar arasında ortaq maliyyə dili rolunu oynayan İslam maliyyəsi sərhədlərarası investisiyaları və özəl sektorun inkişafını təşviq edir: "Azərbaycan bu baxışın reallaşmasına töhfə verməyə hazırdır. İslam maliyyəsi sosial rifahı və etik investisiyaları ön plana çəkərək, spekulyasiya və borc köpüklərindən uzaq durmaqla dayanıqlı inkişafı təşviq edir. Buna görə də bizim əsas prioritetlərimizdən biri həm də dayanıqlılıq prinsiplərinə əsaslanan İslam maliyyə alətlərinin inkişafını təmin etmək, daha dayanıqlı iqtisadiyyatlar üçün kapital səfərbər etməkdir. İkinci mühüm istiqamət insan kapitalının inkişafıdır. Bu, həm yerli maliyyə institutlarında çalışan mütəxəssislərin, həm də nəzarətçilərin, müstəqil auditorların və digər vasitəçilərin bilik və bacarıqlarının artırılmasını əhatə edir. Biz qlobal institutlarla tərəfdaşlıq çərçivəsində seminar və təlimlərin təşkili yolu ilə potensialın gücləndirilməsinə dəstək verməyə sadiqik və bunun sayəsində səmərəli fəaliyyət göstərən İslam maliyyəsi ekosisteminin formalaşmasına töhfə verəcəyik".
Bəs İslam maliyyəsi və bankçılığı nədir? İslam maliyyəsinin təməlində şəriət qaydalarına uyğun iqtisadi münasibətlər dayanır. Bu sistemdə faiz (riba) qadağan edilir, maliyyə əməliyyatlarının real aktivlərə əsaslanması tələb olunur və tərəflər arasında risklərin ədalətli bölüşdürülməsi prinsipi ön plana çıxır. İslam maliyyəsində spekulyativ xarakterli əməliyyatlar, həddindən artıq qeyri-müəyyənlik yaradan müqavilələr və cəmiyyətə zərər verən fəaliyyət sahələrinin maliyyələşdirilməsi məqbul hesab edilmir.
Ənənəvi bankçılıq sistemində bank kredit verərək faiz gəliri əldə etdiyi halda, İslam bankçılığında bank və müştəri arasında tərəfdaşlıq münasibətləri formalaşır. Məsələn, "Mudaraba" modelində tərəflərdən biri kapital, digəri isə idarəetmə təmin edir və əldə olunan mənfəət əvvəlcədən müəyyən edilmiş nisbətdə bölüşdürülür. "Muşaraka" modelində isə hər iki tərəf layihəyə investisiya qoyur və həm gəlirləri, həm də riskləri paylaşır.
İslam maliyyəsinin digər mühüm alətləri sırasında "Murabaha" (mənfəət əlavəli satış), "İcara" (lizinq), "Sukuk" (İslam istiqrazları) və "Təkafül" (İslam sığortası) xüsusi yer tutur. Bu mexanizmlər müasir maliyyə bazarlarında geniş tətbiq edilməklə yanaşı, iqtisadi fəaliyyətin real sektorla əlaqəsini gücləndirir.
Son iyirmi il ərzində İslam maliyyəsi qlobal maliyyə sistemində ən sürətlə böyüyən sahələrdən biri olmuşdur. Beynəlxalq təşkilatların məlumatlarına görə, hazırda İslam maliyyə sənayesinin aktivləri bir neçə trilyon ABŞ dolları ilə ölçülür və hər il orta hesabla 10-15 faiz artım nümayiş etdirir.
Bu inkişafın əsas səbəblərindən biri müsəlman əhalisinin sürətli artımı və onların şəriət prinsiplərinə uyğun maliyyə məhsullarına tələbatının yüksəlməsidir. Digər tərəfdən, qeyri-müsəlman investorlar da İslam maliyyəsinin təklif etdiyi risklərin bölüşdürülməsi, etik investisiya və maliyyə sabitliyi kimi üstünlüklərə maraq göstərirlər.
Hazırda İslam maliyyəsinin aparıcı mərkəzləri sırasında Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Türkiyə xüsusi yer tutur. Xüsusilə Malayziya İslam maliyyəsinin normativ-hüquqi bazasının yaradılması, innovativ maliyyə məhsullarının tətbiqi və beynəlxalq inteqrasiyası baxımından nümunəvi model hesab edilir.
Maraqlıdır ki, İslam maliyyəsinin inkişafı artıq yalnız müsəlman ölkələri ilə məhdudlaşmır. Böyük Britaniya, Lüksemburq, Almaniya, Fransa və Sinqapur kimi ölkələr də bu sahədə mühüm addımlar atmışlar. London şəhəri bu gün Avropanın ən böyük İslam maliyyə mərkəzlərindən biri hesab olunur. Böyük Britaniyada fəaliyyət göstərən bir sıra banklar tamamilə və ya qismən İslam maliyyə prinsiplərinə uyğun xidmətlər təqdim edir.
Son illərdə yaşıl iqtisadiyyat, ESG (Environmental, Social and Governance) prinsipləri və dayanıqlı maliyyə konsepsiyalarının geniş yayılması İslam maliyyəsinin əhəmiyyətini daha da artırmışdır. Çünki İslam maliyyəsinin əsas prinsipləri ilə dayanıqlı inkişaf məqsədləri arasında ciddi uyğunluq mövcuddur.
Hər iki yanaşma sosial məsuliyyət, etik investisiya, ətraf mühitin qorunması və uzunmüddətli iqtisadi sabitliyin təmin edilməsini prioritet hesab edir. Bu səbəbdən bir çox ölkələrdə "yaşıl sukuklar" vasitəsilə bərpa olunan enerji, ekoloji infrastruktur və iqlim layihələrinin maliyyələşdirilməsi həyata keçirilir. Məsələn, Malayziya və İndoneziya yaşıl sukuk emissiyası sahəsində dünya liderləri sırasında yer alırlar. Bu təcrübə göstərir ki, İslam maliyyəsi yalnız dini əsaslara deyil, həm də müasir iqtisadi inkişaf prioritetlərinə cavab verən çevik maliyyə modelidir.
Azərbaycanın əhalisinin böyük hissəsinin müsəlman olması, ölkənin İslam dünyası ilə geniş iqtisadi əlaqələrə malik olması və maliyyə sektorunun inkişaf etdirilməsi istiqamətində aparılan islahatlar İslam maliyyəsinin tətbiqi üçün əlverişli zəmin yaradır. Ölkədə müəyyən dövrlərdə İslam maliyyə məhsullarının tətbiqi ilə bağlı təşəbbüslər irəli sürülsə də, hələlik tam fəaliyyət göstərən İslam bankı formalaşmamışdır. Bununla belə, son illərdə bu istiqamətdə maraq nəzərəçarpacaq dərəcədə artmışdır. Azərbaycan Mərkəzi Bankı və digər maliyyə qurumları tərəfindən İslam maliyyəsinin tətbiqi imkanları araşdırılır, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq genişləndirilir.
Azərbaycanın üzv olduğu bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam İnkişaf Bankı uzun illərdir ölkədə müxtəlif layihələrin maliyyələşdirilməsində iştirak edir. Bu əməkdaşlıq İslam maliyyəsinin ölkədə tanınmasına və potensial imkanlarının qiymətləndirilməsinə müsbət təsir göstərir.
Mütəxəssislərin fikrincə, İslam maliyyəsinin inkişafı Azərbaycana bir sıra strateji üstünlüklər qazandıra bilər. İlk növbədə, Körfəz ölkələri və digər İslam maliyyə mərkəzlərindən investisiyaların cəlb olunması imkanları genişlənə bilər. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri, yaşıl enerji zonalarının yaradılması, nəqliyyat-logistika infrastrukturu və sənaye parklarının inkişafı kimi iri layihələrin sukuk alətləri vasitəsilə maliyyələşdirilməsi perspektivli istiqamətlərdən biri hesab olunur.
Bundan əlavə, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları genişlənə bilər. Risk bölgüsünə əsaslanan maliyyə mexanizmləri yeni bizneslərin inkişafını təşviq etməklə iqtisadi aktivliyi artırmağa kömək edə bilər. İslam maliyyəsinin tətbiqi maliyyə inklüzivliyinin yüksəlməsinə də müsbət təsir göstərə bilər. Faizsiz maliyyə məhsullarına üstünlük verən vətəndaşların maliyyə sisteminə inteqrasiyası əmanət bazasının genişlənməsinə və investisiya imkanlarının artmasına şərait yarada bilər. Digər tərəfdən, Azərbaycanın regional maliyyə mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından da İslam maliyyəsinin əhəmiyyəti böyükdür. Ölkənin Avropa ilə Asiya arasında yerləşməsi və Şərq-Qərb nəqliyyat dəhlizində mühüm mövqeyə malik olması İslam maliyyə xidmətlərinin inkişafı üçün əlavə üstünlüklər yaradır.
Bununla belə, İslam maliyyəsinin uğurlu inkişafı üçün bir sıra institusional və hüquqi məsələlərin həlli vacibdir. İlk növbədə, müvafiq qanunvericilik bazasının formalaşdırılması, vergi və mühasibat uçotu mexanizmlərinin uyğunlaşdırılması, şəriət nəzarəti institutlarının yaradılması və peşəkar kadr hazırlığının gücləndirilməsi zəruridir.Eyni zamanda, əhalinin və sahibkarların İslam maliyyə məhsulları barədə məlumatlandırılması, maliyyə savadlılığının artırılması və beynəlxalq təcrübənin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
Mahir Həmzəoğlu