Enerjidən nəqliyyata, təhsildən mənzil təsərrüfatına: Naxçıvanın inkişafında yeni mərhələ - TƏHLİL İqtisadiyyat

Enerjidən nəqliyyata, təhsildən mənzil təsərrüfatına: Naxçıvanın inkişafında yeni mərhələ - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı muxtar respublikanın qarşıdakı illərdə inkişaf prioritetlərini müəyyən edən mühüm maliyyə və investisiya paketi kimi qiymətləndirilə bilər. Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol və nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil və sosial obyektlərin tikintisi, yaşayış binalarının və istilik təsərrüfatının təmiri üçün dövlət və Naxçıvan Muxtar Respublikasının büdcələrindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulur.

Bu vəsaitin əhəmiyyəti yalnız ayrılan məbləğin böyüklüyü ilə ölçülməməlidir. Əsas məsələ ondan ibarətdir ki, yeni maliyyə paketi Naxçıvanın inkişafına yönəlmiş əvvəlki dövlət proqramları və layihələrinin davamıdır. Başqa sözlə, söhbət ayrı-ayrı və epizodik maliyyə yardımlarından deyil, muxtar respublikanın sosial-iqtisadi inkişafının uzunmüddətli və ardıcıl dövlət siyasəti çərçivəsində təmin edilməsindən gedir.

Xüsusilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” ilə müəyyənləşdirilmiş hədəflər fonunda yeni Sərəncam növbəti mərhələni formalaşdırır. Bu baxımdan 258 milyon manatlıq paket Naxçıvanda artıq başlanmış proseslərin sürətləndirilməsi, infrastruktur imkanlarının genişləndirilməsi və əhalinin gündəlik həyatına birbaşa təsir edən sahələrdə keyfiyyət dəyişikliklərinin təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Enerji təhlükəsizliyi və “yaşıl enerji” xətti

Ayrılan vəsaitin ən böyük hissələrindən biri enerji sektoruna yönəldilir. Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün 66 milyon manat ayrılması nəzərdə tutulur.

Bu investisiyanın əhəmiyyəti Naxçıvanın enerji təhlükəsizliyi məsələsi ilə məhdudlaşmır. Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi fonunda su və günəş enerjisi potensialından daha geniş istifadə Azərbaycanın bərpa olunan enerji strategiyasının mühüm regional istiqamətlərindən biridir. Hazırda muxtar respublikada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Üfüq” günəş elektrik stansiyalarının, həmçinin 36 MVt gücündə “Ordubad” və 15,6 MVt gücündə “Tivi” su elektrik stansiyalarının inşasının davam etdirilməsi bu siyasətin praktiki nəticələridir.

Enerji sektoruna yeni investisiyanın cəlb edilməsi Naxçıvan üçün daha bir üstünlük yaradır: istehsal potensialının artması gələcəkdə sənaye və digər iqtisadi fəaliyyət sahələrinin enerji təminatının daha etibarlı təşkilinə imkan verə bilər. Bu isə Naxçıvan Sənaye Parkı kimi yeni iqtisadi layihələrin fəaliyyətə başlaması üçün də əlverişli zəmin formalaşdırır.

Digər tərəfdən, muxtar respublikada Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, yeni yarımstansiyaların inşasının başa çatdırılması və 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işlərinin aparılması enerji sisteminin daha müasir və dayanıqlı modelə keçirilməsini göstərir. Yeni 66 milyon manatlıq vəsait bu genişmiqyaslı enerji siyasətinin tamamlayıcı elementlərindən biridir.

420 kilometrlik yol şəbəkəsinə investisiya

258 milyon manatlıq paketin 70 milyon manatının yol infrastrukturuna yönəldilməsi də xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə 156,3 min nəfərin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometr uzunluğunda avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.

Yol infrastrukturu Naxçıvanın sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malikdir. Çünki yol yalnız nəqliyyat vasitələrinin hərəkətini təmin edən infrastruktur deyil, həm də kəndlərin şəhərlərlə, istehsalçıların bazarlarla, əhalinin isə təhsil, səhiyyə və digər xidmətlərlə əlaqəsini müəyyən edən əsas amillərdəndir.

Bu baxımdan 420 kilometrlik yol şəbəkəsinə investisiya region daxilində iqtisadi fəallığın və sosial inteqrasiyanın gücləndirilməsinə xidmət edə bilər. Xüsusilə kəndlərarası yolların yaxşılaşdırılması kənd təsərrüfatı məhsullarının daşınması, kənd əhalisinin bazarlara çıxışı və regiondaxili hərəkətliliyin artırılması baxımından mühüm nəticələr verə bilər.

Bu istiqamət 2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramında Naxçıvan üçün müəyyən edilmiş aqrar modernləşmə hədəfləri ilə də uzlaşır. Aqrar sektorun intensiv modelə keçirilməsi yalnız istehsal texnologiyalarından deyil, məhsulun daşınması və logistikasından da asılıdır. Deməli, yol infrastrukturuna qoyulan vəsait gələcəkdə kənd təsərrüfatının iqtisadi səmərəliliyinə də təsir göstərə bilər.

Nəqliyyat və sosial infrastruktur yenilənir

Sərəncamın digər mühüm istiqaməti şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsidir. Bu məqsədlə ilkin mərhələdə 53 milyon manat vəsait nəzərdə tutulur.

Nəqliyyat parkının yenilənməsi bir tərəfdən sərnişindaşımanın keyfiyyətini və təhlükəsizliyini artıracaq, digər tərəfdən Naxçıvan şəhərləri və rayonları arasında nəqliyyat əlaqələrinin daha müasir əsaslarla təşkilinə imkan verəcək. Bu, xüsusilə əhalinin gündəlik hərəkətliliyinin, təhsil və iş imkanlarına çıxışının yaxşılaşdırılması baxımından vacibdir.

Təhsil infrastrukturu da yeni paketin prioritet istiqamətlərindəndir. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının tikintisinə 25 milyon manat, beş yeni məktəbəqədər təhsil müəssisəsinin inşasına isə 20 milyon manat ayrılması nəzərdə tutulur. Yeni bağçaların ümumi tutumu 640 yer olacaq.

Bu layihələr Naxçıvanın yalnız fiziki infrastrukturunun deyil, insan kapitalının inkişafına yönəlmiş investisiyalar kimi qiymətləndirilməlidir. Xüsusilə universitet yataqxanasının yaradılması tələbələrin sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, ali təhsil müəssisəsinin regionun müxtəlif yerlərindən və ölkənin digər bölgələrindən gələn tələbələr üçün cəlbediciliyini artırmağa imkan verə bilər.

Minlərlə ailənin yaşayış şəraitinə təsir edəcək

Sərəncamın sosial xarakterini müəyyən edən əsas istiqamətlərdən biri yaşayış binalarının və istilik sistemlərinin əsaslı təmiridir.

Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində 2164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində isə 3087 mənzilli 70 yaşayış binasının fasad hissəsinin əsaslı təmiri üçün 15 milyon manat ayrılır. Bu, ümumilikdə minlərlə mənzilin yerləşdiyi yaşayış fondunun yenilənməsi deməkdir.

Bununla yanaşı, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 5335 mənzilə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün 9 milyon manat nəzərdə tutulur. Bu tədbir xüsusilə qış aylarında istilik xidmətlərinin keyfiyyətinin və dayanıqlılığının yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Beləliklə, yeni maliyyə paketi yalnız böyük infrastruktur obyektlərinin tikintisinə deyil, insanların gündəlik həyatına birbaşa təsir göstərən kommunal və sosial məsələlərə də toxunur. Bu isə dövlət investisiyasının sosial nəticələrinin daha geniş əhali qrupları tərəfindən hiss olunmasına imkan yaradır.

Naxçıvana xüsusi diqqətin növbəti konkret təzahürü

258 milyon manatlıq yeni vəsait Naxçıvanda son illərdə həyata keçirilən layihələr zəncirinin növbəti halqasıdır. Regional DOST Mərkəzinin inşası, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün yeni mənzillərin ayrılması, tarixi-mədəni irsin bərpası, enerji və su təsərrüfatının yenilənməsi, Naxçıvan Sənaye Parkının yaradılması istiqamətində görülən işlər bu siyasətin müxtəlif komponentlərini təşkil edir.

Əsas nəticə isə Naxçıvanın iqtisadi potensialının daha səmərəli reallaşdırılması üçün infrastruktur bazasının möhkəmləndirilməsidir. Enerji istehsalının artması, yolların yenilənməsi, ictimai nəqliyyatın müasirləşdirilməsi, təhsil imkanlarının genişləndirilməsi və yaşayış fondunun yaxşılaşdırılması bir-birindən ayrı layihələr deyil. Bunlar birlikdə regionun investisiya və biznes mühitinə, məşğulluğa, əhalinin rifahına və uzunmüddətli iqtisadi fəallığa təsir göstərə biləcək vahid inkişaf zənciri yaradır.

Bu mənada Prezident İlham Əliyevin yeni Sərəncamı Naxçıvana xüsusi diqqətin növbəti konkret təzahürüdür. 258 milyon manatlıq paket həm sosial məsələlərin həllinə, həm iqtisadi aktivliyin artırılmasına, həm də muxtar respublikanın enerji, nəqliyyat və infrastruktur imkanlarının gücləndirilməsinə hesablanıb.

Əgər əvvəlki dövlət proqramları Naxçıvanın inkişafı üçün institusional və infrastruktur bazasını formalaşdırıbsa, yeni investisiya paketi həmin bazanın daha sürətli və səmərəli istifadəsinə imkan verən növbəti mərhələdir. Bu baxımdan 258 milyon manatlıq vəsaiti sadəcə büdcə xərci deyil, Naxçıvanın iqtisadi potensialına, insan kapitalına və gələcək inkişaf imkanlarına yönəlmiş strateji investisiya kimi qiymətləndirmək daha doğru olar.