“STAR”ın tikintisinə dair maliyyə sazişi imzalandı İqtisadiyyat

“STAR”ın tikintisinə dair maliyyə sazişi imzalandı

Türkiyənin neft sektoruna yatırılacaq 120 milyard dollar sərmayənin 20 milyardı Azərbaycanın payına düşəcək

Mahir

Dünən Türkiyənin İstanbul şəhərində İzmirin Əliağa yarımadasında tikiləcək "STAR" neftayırma zavodunun (NEZ) maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb. APA-nın İstanbul müxbirinin verdiyi məlumata görə, mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qeyd edib ki, zavodun maliyyələşdirilməsi ilə bağlı iki il yarım davam edən müzakirələrdən sonra, dünyanın və Avropanın önəmli maliyyə qurumları NEZ-in inşasına maliyyə dəstəyi verməyə razı olublar: "Bu gün 3,3 mlrd. dollarlıq layihənin imza mərasimi keçirilir. 2018-ci ilə qədər Türkiyənin neft sektorunda 120 mlrd. dollarlıq sərmayə qoyulacaq. Bunun da 20 mlrd. dolları Azərbaycanın payına düşür. Bu kredit Türkiyə tarixində bir layihəyə verilən ən uzun müddətli və ucu açıq olan kreditdir. Bu kredit sazişindən layihənin nə vaxt tamamlanacağına dair heç bir maddə yoxdur".
Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da bu layihəyə dəstək verdiklərini qeyd edib. Sənaye naziri Natiq Əliyev isə bu hadisəni yeni qələbə adlandırıb: "Avropanın və dünyanın ən böyük maliyyə qurumları bu gün bu layihəyə dəstək verirlər. 20 il əvvəl Azərbaycan özü kənardan sərmayə axtarırdısa, bu gün özü dünyanın bir çox ölkələrinə sərmayə yatıran ölkəyə çevrilib. "Petkim" şirkəti 2023-cü ildə illik 30 mlrd. dollar dövriyyəsi olacaq Türkiyənin ən böyük sənaye şirkətinə çevriləcək".
Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə qeyd edib ki, 10,4 mlrd. dollarlıq Azərbaycandakı dövlət investisiyasına 153 şirkət podratçı və subpodratçı şəklində iştirak edir. Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq bildirib ki, bu imzalanma mərasimi təkcə Türkiyə və Azərbaycan üçün deyil, eləcə Avropa üçün də böyük önəm daşıyır. Onun sözlərinə görə, neft-kimya sahəsindəki Türkiyənin cari kəsiri neft və qazdan sonra ikinci yerdədir: "Biz bundan çox sıxıntı keçiririk. Bu sərmayə bizim üçün olduqca önəmlidir".
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə qeyd edib ki, Türkiyənin "TPAO" şirkətinin "Şahdəniz 2" layihəsindəki payının 9%-dən 19%-ə, "Botaş" şirkətinin isə TANAP layihəsindəki payının 20%-dən 30%-ə artırıldığından məmnun olduqlarını bildirib. "Keçən il gəlirlərimiz 265 mln. dollar olub. 23 maliyyə qurumu ilə birlikdə Türkiyənin "Garanti" bankının 3,3 mlrd. dollarlıq maliyyə dəstəyindən iştirakı ilə əlaqədar sevinc hissi duyuruq. "STAR" işə düşdükdən sonra 10 mln. ton neft-kimya məhsullarının illik istehsalı nəzərdə tutulub ki, bu da Türkiyənin bir çox sahələrində bizim yükümüzün yüngülləşməsinə kömək edəcək", - deyə o bildirib.
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə "SOCAR Turkey Energy" şirkəti İzmir şəhərində inşa etdiyi "Star" neft emalı zavodu layihəsinin tikintisinə 3,3 mlrd. ABŞ dolları maliyyə cəlb edib. Məlumatda deyilir ki, şirkət 23 kommersiya bankı ilə 3 mlrd. 290 mln dollar kredit vəsaitinin ayrılması üçün saziş imzalayıb. Belə ki, ayrılan ümumi kreditin 2,29 mlrd. dolları ilk 4 ili güzəştli olmaqla 18 il müddətinə verilib. Kreditin qalan 600 mln. dollarlıq hissəsinin isə 4 il güzəştli olmaqla 15 il müddətinə ayrılıb. "Star" neft emalı zavodunun tikintisinin ümumi dəyəri 5,7 mlrd. dollar təşkil edir.
ARDNŞ Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasında inşa etdiyi "STAR Rafineri A.Ş." neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini isə İsveçrənin "Foster Wheller" şirkəti həyata keçirəcək. "STAR" zavodu "Foster Wheller"in törəmə qurumu olan "Global Engineering and Construction Group" şirkəti ilə də müqavilə bağlayıb. "Foster Wheeler" ilə bağlanmış müqavilənin dəyəri barədə məlumat açıqlanmır. Heftayırma zavodunun ilkin mühəndislik işlərini də "Foster Wheeler" şirkəti reallaşdırıb. Qlobal mühəndislik və inşaat şirkəti olan "Foster Wheller" bir çox ölkələrdə inşaat, emal avadanlıqlarının quraşdırılması layihələri həyata keçirir. Şirkətin "Global Engineering and Construction Group" törəmə qurumu neft və qaz, maye qaz, neft emalı, kimya və neft-kimya, enerji, mineral və metal, ətraf mühit, dərman, bio-texnologiya və səhiyyə sahələrində müasir təsislərin layihələndirilməsi və inşasını həyata keçirir.
ARDHŞ-in Türkiyədə "Star" neft emalı zavodunun tikintisi ilə bağlı hazırlıq işlərinə artıq başlanılıb. Tikinti işlərini İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium aparır. Artıq İzmirin Petkim yarımadasında tikintisi aparılacaq tikinti üçün hazırlıq görülüb. Bu ərazi bir neçə sahələrə bölünəcək. Zavodun 9,5 mln. kv. metr sahəsində torpaq-qazma işləri aparılacaq və bunun artıq əsas hissəsi yerinə yetirilib. Lakin görüləcək işlərdən drenaj sistemlərinin qurulması və s. işləri çıxsaq, ümumi olaraq işin yarısı görülüb. Sahənin hazırlıq işləri 2014-cü ilin sonunda başa çatacaq.
Bura 1200 ton ağırlığında olan kolonlar gətiriləcək və bunun üçün də burada xüsusi hazırlıq işləri aparılır. Artıq "Star" emal zavodunda istehsal olunacaq nafta məhsulunu (kimya sənayesində istifadə olunan məhsul) daşımaq üçün "Petkim" şirkəti 3 dənə 73 min tonluq çən quraşdırıb. İşlər tam yekunlaşdıqdan sonra bu çənlər ləğv olunacaq. Bu günə qədər Türkiyədə nafta məhsulunu "Tüpraş" şirkəti istehsal edib. "Star" emal zavodunda ildə 1,7 mln. ton nafta məhsulu ilə bərabər ildə 6 mln. ton dizel yanacağı istehsal ediləcək. Əgər ehtiyac yaranarsa, bu zavodda benzin də istehsal ediləcək. Burada həmçinin qırıcı təyyarələr üçün yanacağın istehsal olunacağı gözlənilir.