30 rayonda 45 aqroparkın yaradılması nəzərdə tutulub İqtisadiyyat

30 rayonda 45 aqroparkın yaradılması nəzərdə tutulub

Ölkəmizdə ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmini dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir. Bu sözləri Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov iyunun 8-də taxılın qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib. Z.Məmmədov bildirib ki, ölkəmizin ərzaq təhlükəsizliyi baxımından idxaldan asılılığının minimuma endirilməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, respublikanın 30 rayonunda 45 aqroparkın yaradılması nəzərdə tutulub. Hazırda onlardan artıq 4-ü - Yalama, Şəmkir, Cəlilabad və Goranboyda fəaliyyətə başlayıb. Bundan başqa, 119 min hektar sahədə əkin-biçin işləri aparılıb. Sözügedən sahələrdə müxtəlif bitkilərlə, o cümlədən buğdanın əkini ilə məşğul olurlar.
Dövlətin buğda istehsalçılarına subsidiya verilməsi ilə bağlı fəaliyyətindən danışan Z.Məmmədov bildirib ki, yalnız buğda əkini ilə məşğul olan yerli istehsalçılara 40 faiz subsidiya verilib. Sahənin böyük strateji əhəmiyyətə malik olmasını nəzərə alaraq, gübrələrin 70 faizi güzəştli şərtlərlə verilir. İdarə rəisi diqqətə çatdırıb ki, FHN hər il ənənəvi olaraq taxıl biçininin başlanması ilə əlaqədar dövlət ərzaqlıq buğda ehtiyatının yaradılması üçün məlumatlar yayıb: "Fermerlərə öz məhsullarını daxili bazara çıxarmaq üçün şərait yaradıIıb. Taxıl fondunun olması fermerlərə imkan verir ki, istehsal etdikləri yüksək keyfiyyətli taxıl məhsullarını asanlıqla tədarük məntəqələrinə yüksək qiymətlə verə bilsinlər".
Z.Məmmədov bu sahədə ortaya çıxan problemlərə də toxunub. O bildirib ki, uzun illərin müşahidəsi bizim yerli buğda istehsalçılarının buğdanın keyfiyyətinə az önəm verdiyini göstərir. Bəzi buğdanın keyfiyyət göstəriciləri qəbul olunmuş standartlara cavab vermir. Buna səbəb fermerlərin buğdanın becərilmə prosesi zamanı yol verdikləri yanlışlıqlardır. Bəzən istehsalçılar buğdanın becərmə prosesində ciddi nöqsanlara yol verirlər ki, bu da xəstəliyin yaranmasına gətirib çıxarır. Əsasən də bu dərmanlama prosesi ilə bağlı olur. İdarə rəisi, həmçinin vurğulayıb ki, Azərbaycan bərk buğdanın vətəni hesab edilir və buğda bitkisi ilə bağlı yüksək ixrac potensialına malikdir. Lakin bir çox fermerlər bu sahəyə ciddi maraq göstərmirlər. Halbuki buğdanın bu növünə respublikanın özündə də böyük tələbat var.