“Regionun digər ölkələrindən fərqli olaraq...” İqtisadiyyat

“Regionun digər ölkələrindən fərqli olaraq...”

Aydın Quliyev: "Azərbaycan iki və çoxtərəfli əməkdaşlıq formatları yaratmaqda daha fəal və məhsuldar siyasət aparır"

Musa Qasımlı: "TANAP Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcək"

Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.
Ekspertlər layihənin əhəmiyyətini dəyərləndiriblər.
"Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, "Cənub Qaz Dəhlizi"nin TANAP elementi Azərbaycanın Avrasiya oxu boyunca əməkdaşlıq formatları yaratmaqda yeni təcrübəsini ortaya çıxaran layihədir. A.Quliyevin sözlərinə görə, regionun digər ölkələrindən fərqli olaraq Azərbaycan iki və çoxtərəfli əməkdaşlıq formatları yaratmaqda daha fəal və məhsuldar siyasət aparır:
"Regionumuzda Azərbaycandan başqa ölkə yoxdur ki, mütərəqqi ikitərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı, ya da yaradıcısı olsun. Azərbaycan regionda ikitərəfli əməkdaşlıqların bazasında üçtərəfli, hətta dördtərəfli formatlara yol açıb. "Cənub Qaz Dəhlizi" və TANAP-ın timsalında Azərbaycan diplomatiyası, şəxsən Prezident İlham Əliyev iki və üçtərəfli formatları 7 və ontərəfli əməkdaşlıq formatlarına çevirməkdə analoqu olmayan nəticələr göstərir. "Cənub Qaz Dəhlizi"ndə bu gün 7 ölkə iştirak edir, yaxın gələcəkdə 10, sonra isə daha çox ölkələr iştirak edəcək".
Ekspert qeyd edib ki, Avrasiya oxu boyunca Azərbaycanın ilk dəfə belə səviyyədə keyfiyyətlə yeni və geniş əməkdaşlıq formatı qura bilməsi iki mühüm faktorun sayəsində əldə olunub: "Birincisi, Azərbaycan Prezidentinin dünya ölkələri ilə əməkdaşlıqda enerji ehtiyatlarının siyasi təzyiq vasitəsi kimi istifadə etmək əxlaqından tam uzaq olmasıdır. İkincisi, ümumi regional və qitə miqyasında inkişaf və təhlükəsizlik naminə özünü normal aparan bütün qonşularına balanslı yanaşmaqdır".
A.Quliyevin sözlərinə görə, Avrasiyanın enerji təhlükəsizliyi üzrə tədqiqatlar aparılanda məhz bu iki faktora görə Prezident İlham Əliyevin rolu xüsusi qiymət alacaq.
Millət vəkili Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin liderliyi ilə uğurlu enerji diplomatiyası yürüdülür: "TANAP-ın gerçəkləşməsi üçün daha bir mühüm addım atıldı və açılış mərasimi baş tutdu". O, bildirib ki, bu layihə bir çox tərəfləri ilə böyük əhəmiyyət daşıyır: "Layihə bir çox dövlətləri – Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya kimi dövlətləri əhatə edir. Bu layihə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcək, enerji təhlükəsizliyində rolunu artıracaq. Layihə Azərbaycanın etibarlı tərəfdaş olduğunu göstərir".
Bunu millət vəkili Tahir Mirkişili diqqətə çatdırıb ki, TANAP "Cənub Qaz Dəhlizi" layihəsinin əsas dörd elementindən biridir: "Hətta uzunluğuna görə də ən böyük hissəsidir. TANAP Türkiyənin şərq sərhəddindən qərb sərhəddinə qədər uzanır". Deputatın sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində ən mühüm element məhz yeni olan TANAP xəttinin çəkilməsidir: "Çünki Azərbaycan-Gürcüstan sərhəddinə qədər daha əvvəl işə düşmüş "Qaz İxracı Boru" kəməri var idi. Bu Cənubi Qafqaz boru xəttinin kəməri idi. Türkiyə ərazisindən çəkilən kəmər isə tamamilə yeni və kifayət qədər də ambisiyalı, mürəkkəb bir layihə idi. Layihənin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa siyasi nüfuzu və eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin çox mühüm əhəmiyyətini önə çəkmək lazımdır. Layihənin həyata keçməsinə 7 milyard dollardan çox vəsait qoyulub. Bu layihədə 10 minə yaxın insan çalışıb. Layihənin başa çatması ilə Azərbaycan qazının artıq Türkiyəyə ixracı reallaşmaqdadır. Növbəti layihənin mərhələsi isə TAP layihəsidir. Əgər TANAP qazı Türkiyə ilə Ermənistan sərhəddinə çatdırırsa, TAP layihəsi isə Azərbaycan qazını Ermənistan sərhəddindən Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropa Birliyi istehlakçılarına çatdırmağı nəzərdə tutur.
Layihənin çox böyük iqtisadi və eyni zamanda siyasi əhəmiyyəti vardır. Ümumiyyətlə layihə kifayət qədər çox unikaldır. Çünki layihə 7 ölkəni və 15 şirkəti birləşdirir. Azərbaycan dünyada çox az ölkələrdəndir ki, dörd dəfə çox uzunluğunda layihəni həyata keçirməyi bacarıb. Azərbaycan ərazisinin şərqdən qərbə uzunluğu təxminən 500 kilometr həcmindədir. Buradan başlayaraq layihənin birbaşa Avropa sərhəddlərinə qədər minlərlə kilometr uzanması layihənin kifayət qədər böyük, uğurlu və eyni zamanda maraqlı, unikal olmasını deməyə əsas verir. Əgər Azərbaycana ixracatçı ölkə kimi baxsaq növbəti 100 il ərzində Azərbaycan qazının bu layihə üzərindən ixracı planlaşdırılır ki, bu zamanda Azərbaycanın əldə edəcəyi gəlir 100 milyard dolların üzərindədir".
Politoloq Arzu Nağıyev bildirib ki, TANAP dünyanın geosiyasi xəritəsini dəyişən bir layihədir. O bildirib ki, Azərbaycan qazının məhz Cənub Qaz Dəhlizi vasitəsilə TANAP layihəsi çərçivəsində Avropaya çatdırılması və onun TAP xəttinə qoşulması müsbət bir haldır:
"1400 km uzunluğu olan bir kəmərin dövlətlərin ərazisindən keçərək məhz Adriatik dənizinə çıxması tarixin ən mühüm hadisələrindən biridir. "Şahdəniz" qazının bu gün Avropaya çatdırılması 20 il bundan əvvəl təsəvvürə gəlməyən bir hadisə idi. Bu gün artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında mühüm rol oynayan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin də dediyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Azərbaycan artıq alternativ olaraq, böyük dövlətlərlə eyni müstəvidə adı çəkilən bir dövlətə çevrilir. Bu həm siyasi, həm iqtisadi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir".
Politoloq vurğulayıb ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür:
"TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. Türkiyə, Ukrayna, Serbiya və digər dövlət rəhbərlərinin açılış mərasimində iştirakı bu layihəyə necə önəm verildiyini göstərir. Təbii ki, iqtisadi cəhətdən bu Azərbaycan üçün divident gətirən məsələdir. TANAP layihəsi başa çatmadan da Azərbaycan bu layihədən gəlir götürə biləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" 7%, BOTAŞ 30%, BP 12% paya malikdir. Bölgülərə baxdıqda görürük ki, burda çox mühüm əhəmiyyət kəsb edən amillər var. Dünyanın qlobal layihələrində iştirakı Azərbaycana bir sıra mühüm məsələlərinin həllinə müsbət mənada kömək edəcəkdir".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov layihəni Prezident İlham Əliyevin siyasi iradəsi və mütəmadi səylərinin nəticəsi olduğunu bildirib. Millət vəkili qeyd edib ki, TANAP-ın istismara verilməsi Azərbaycanın iqtisadi qüdrətinin növbəti göstəricisidir. Onun sözlərinə görə, layihə ölkəmizin həm iqtisadi, həm də siyasi nüfuzunun daha da artması deməkdir.
"TANAP-ın istismara verilməsi milli iqtisadiyyatımızın on illərlə müddətdə daha da zənginləşməsinə xidmət edəcək və əldə etdiyimiz nailiyyətlər zaman-zaman artacaq. Azərbaycan layihədə həm təchizatçı, həm də tranzit ölkə kimi iştirak edəcək. Layihədə artıq yeddi ölkə təmsil olunub. Layihənin icrası sayəsində yalnız sözügedən ölkələrlə deyil, digər ölkələrlə də əlaqələrimiz genişlənəcək", - o bildirib.
Aydın Hüseynov vurğulayıb ki, layihənin icrası Azərbaycana külli miqdarda investisiyanın axınına səbəb olacaq:
"Bu investisiyalar sonra Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yüksəlməsi, məşğulluq pronleminin həlli, əhalininin gəlirlərinin artması, bütövlükdə iqtisadiyyatımızın güclənməsi deməkdir. Layihə həmçinin Azərbaycan iqtisadiyyatının növbəti mərhələyə qalxması deməkdir. Bu həm də Azərbaycanın milli sərvətlərinin xalqın və dövlətçiliyin maraqlarına xidmət etməsidir. Bütün bunlar İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsidir".
Komitə üzvü vurğulayıb ki, kəmərlə gələcəkdə 31 milyard kubmetr qazın Avropaya çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, kəmər gələcəkdə həm Mərkəzi Asiya, həm də İran və İraqın təbii qazının ixracı üçün ən etibarlı marşrutdur. Millət vəkili qeyd edib ki, bundan başqa, TANAP-ın da daxil olduğu "Cənub Qaz Dəhlizi" Avropanın özü üçün də enerji marşrutlarının şaxələndirilməsi və təbii qazla etibarlı şəkildə təmin olunması deməkdir. Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan neftin çatdırılmasında da etibarlı bir tərəfdaş kimi tanınır.
"Hər bir ölkə etibarlı tərəfdaşla uzunmüddətli əməkdaşlıqda maraqlı olur. Azərbaycan həm etibarlı təchizatçı, həm də etibarlı tranzit ölkə kimi bütün ölkələr üçün cəlbedici ölkədir", - millət vəkili söyləyib.

Əli