Azərbaycan Parisdə Beynəlxalq Çay festivalında iştirak edəcək İqtisadiyyat

Azərbaycan Parisdə Beynəlxalq Çay festivalında iştirak edəcək

Sentyabr;n 27-29-da “Parisdə beynəlxalq çay kəndi” (Village des thés) festivalı keçiriləcək. Ölkəmiz bu festivalda “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin, eləcə də Paris Azərbaycan Evi təşkilatının dəstəyi ilə təmsil olunacaq.
Artıq neçə illərdir ki, Azərbaycan Dostları Assosiasiyası Fransada ölkəmizin mədəniyyətini, irs və tarixini təbliğ edir və bu məqsədlə bir sıra silsilə tədbirlər həyata keçirir.
“Parisdə çay kəndi” festivalında Azərbaycan məhsulları “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunacaq. Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. ASC-nin əsas məqsədi kənd təsərrüfatı sahəsini, yerli kiçik və orta fermer təsərrüfatlarını inkişaf etdirmək, Azərbaycan istehsalı olan ərzaq və kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracında istehsalçılara kömək etməkdir.
Parisdə Saint Sulpice meydanında keçiriləcək beynəlxalq “Çay Kəndi” tədbirində iştirak da məhz Azərbaycan mədəniyyətinin və yerli çay növlərinin tanıdılması, yerli istehsal olan məhsulların ixracının stimullaşdırılması məqsədi daşıyır.
ATT tərəfindən tədbirdə qurumun “Kənddən Şəhərə” adı altında brendləşdirdiyi Zaqatala çayı və digər yerli çay növləri, çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənəcək, məhsulların dequstasiyası həyata keçiriləcək. Tədbirdə iştirak etməklə ATT ixrac potensialı böyük olan Azərbaycan məhsullarını tanıdacaq və bu məhsulların ixracının artırılması üçün görüşlər həyata keçirəcək.
Bundan başqa, yerli istehsalçıları dəstəkləmək məqsədi ilə yerli “Zaqatala çayı” istehsalçısı da tədbirdə iştirak edəcək.
Tədbirin açılış mərasimi 26 sentyabr 2019-cu il tarixində 6-cı Paris bələdiyyə rəhbəri Jan Piyer Lökokun (Jean-Pierre Lecoq) və bir çox siyasi ictimai xadimlərin iştirakı ilə baş tutacaq.