Mərkəzi Bank möhtəkirlərin əl-qolunu açıb İqtisadiyyat

Mərkəzi Bank möhtəkirlərin əl-qolunu açıb

Bank sektorundakı sərtləşdirmələr əhalini "lombard tələsi"nə itələyir

İqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımlarının doğurduğu fəsadlar barədə danışıb. Ekspert bildirib ki, bankların kütləvi kreditləşməni, demək olar, dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib.
Onun dediyinə görə, Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə, indi onların sayı 1200-ü ötüb: "Lombardların artımı Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımları ilə əlaqədardır. Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri qara bazar formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də, lombardlar artıq təngnəfəs olublar".
Vüqar Bayramova görə, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur: "Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də göründüyü kimi sadə deyil. Əvvəla, banklardakı kredit böhranı lombardların təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kredit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar bu tələbdən yararlanmağa çalışırlar. Yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1.5 faiz artım var. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40 faizdən artıqdır".
Vüqar Bayramov deyir ki, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur: "Yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur".
Ekspert daha bir təhlükəli məqamada da toxunub: "Zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşan lombardlar istənilən zaman itə və ya yerlərini dəyişə bilirlər. Bu baxımdan xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır. Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbii ki, sonradan onu tapmaq və girovu geri almaq problemə çevrilir. Son zamanlar vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri barədə açılan cinayət işləri də məhz bundan xəbər verir".