“SOCAR” Qubadlıda yanacaqdoldurma məntəqəsi istifadəyə verdi İqtisadiyyat

“SOCAR” Qubadlıda yanacaqdoldurma məntəqəsi istifadəyə verdi

Böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib.

Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırıldı. Qarabağ bölgəsində isə “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı uçə çatdı. YDM özünə xidmət üsulu ilə fəaliyyət göstərəcəkdir. Belə ki, müştərilə YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kalonkadan yanacaq təminatlarını ödəyə biləcəklər. Yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kalonka quraşdırılmışdır. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-95- PREMİUM, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 41 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

"Qeyd edim ki, SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda modul tipli YDM-ləri açmışdı. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir" - deyə, o əlavə edib.