“Rusiya beynəlxalq hüquqa deyi, öz hərbi gücünə arxalanır” Müsahibə

“Rusiya beynəlxalq hüquqa deyi, öz hərbi gücünə arxalanır”

Teyyub Qənioğlu: "Ukrayna hadisələri göstərdi ki, ölkədə hakimiyyət dəyişikliyi yalnız dinc yolla, ölkə qanunları və Konstitusiya çərçivəsində, azad, ədalətli, demokratik, şəffaf seçkilər yolu ilə baş verməlidir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Teyyub Qənioğlunun partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

- Teyyub bəy, Rusiya Federasiyası Ukraynanın ərazisi olan Krım yarımadasını beynəlxalq hüququn ziddinə olaraq özünə birləşdirdi. Rusiyanın nümayişkaranə surətdə reallaşdırdığı bu hərəkətini yeni dünya düzəninin başlanğıcı kimi qiymətləndirmək olarmı?
- Əslində yeni dünya düzəninin formalaşdırılmasına cəhdlər keçən əsrin 90-cı illərindən, SSRİ süquta uğrayandan sonra, birqütblü dünyanın formalaşması ilə başlayıb və XXI əsrin əvvəllərində geniş vüsət alıb. Yadınızdadırsa, 1990-cı il avqustun 2-də Küveyt Səddam Hüseynin qoşunlarının işğalına məruz qaldı. Bundan sonra BMT-nin mandatı olmadan ABŞ-ın rəhbərliyi altındakı müttəfiq ordular İraqa müharibə elan etdilər. Elə həmin ilin dekabrın 16-da böyük bir bombardman başladı. 1991-ci il fevralın 27-nə qədər davam edən bombalamadan sonra İraq Küveytdən çəkildi. Amma ABŞ İraqı cəzalandırmaq planından əl çəkmədi, onu "cəzalandırmaq" üçün bəhanə axtarmağa başladı, böhtan kompaniyasına start verdi və bu, uzun illər ərzində davam etdi. ABŞ çalışırdı ki, İraqa qarşı müharibəyə BMT-nin razılığı ilə başlasın. Bu məqsədlə 2003-cü il fevralın 5-də ABŞ-nın dövlət katibi Kolin Pauel BMT Təhlükəsizlik Şurasında içərisində guya zəhərli maddənin olduğu bir ampulanı nümayiş etdirdi və bunun İraqdakı bioloji silah hazırlanan yerdən götürüldüyünü sübut etməyə çalışdı. Sonradan bunun yalan olduğu üzə çıxdı. BMT-nin mandatını ala bilməyən ABŞ beynəlxalq hüquq normalarına zidd olaraq, kütləvi qırğın silahı axtarmaq bəhanəsi ilə, 2003-cü il martın 20-də müttəfiqləri ilə birgə İraqa soxuldu və bu ölkəni işğal etdi... Bütün dünyanın gözü qarşısında Əfqanıstanda, Yuqaslaviyada, Liviyada oxşar hadisələr baş verdi. Krımın beynəlxalq hüquq normalarına zidd olaraq işğal edilməsinə və Rusiyaya birləşdirilməsinə bu hadisələrin davamı kimi baxmaq lazımdır. Rusiya açıq şəkildə ABŞ-a mesaj verir ki, siz İraqa, Əfqanıstana, Liviyaya girəndə, Kosovanın müstəqilliyini tanıyanda beynəlxalq hüquqa əməl edirdiniz ki, indi bizdən bunu tələb edirsiniz?! Artıq demək olar ki, indi dünyada "beynəlxalq hüquq" anlayışını "güclünün hüququ" əvəz edir.
- ABŞ və Avropa İttifaqı Krımı ilhaq etməsinə cavab olaraq Rusiyaya qarşı iqtisadi sanksiyalara start verib. Sizcə bu sanksiyalar Rusiyanı Krımdan çəkilməyə vadar edə bilərmi?
- Nəzərə almaq lazımdır ki, dövlətlər, biznes strukturları iqtisadi əlaqələrə qarşılıqlı fayda verəcəyi halda girirlər. ABŞ-nın, xüsusilə Avropa Birliyinə daxil olan ölkələrin Rusiya ilə geniş, hərtərəfli iqtisadi əlaqələri formalaşıb. Avropa ölkələrinin Rusiyanın enerji daşıyıcılarından asılı olduğunu da unutmaq olmaz. Ona görə də iqtisadi sanksiyaların hər iki tərəfə ziyanı olacağı aydındır. Rusiyanın daha çox ziyan çəkəcəyi aksiomadır. Amma Rusiya xalqlarının yaşayış səviyyəsi ilə Qərb ölkələrinin əhalisinin yaşayış səviyyəsi eyni deyil. Avropalılardan fərqli olaraq ruslar məhrumiyyətlərlə yaşamağa adət ediblər. Sanksiyalar uzun müddət davam edərsə bu, Avropada işsizliyin səviyyəsinin artmasına təkan verə və insanların narazılığını artıra bilər. Ona görə də Rusiyaya qarşı güclü, təsiredici iqtisadi sanksiyaların tətbiq ediləcəyi inandırıcı deyil. Həm də unutmaq olmaz ki, ortada Gürcüstan nümunəsi var.
- Məlumdur ki, Ukraynanın nüvə silahından imtina etməsinin əvəzində ABŞ, İngiltərə və Rusiya 1994-cü il Budapeşt sazişinə əsasən onun suverenliyinə və ərazi bütövlüyünə zəmanət verib. Sizcə nə üçün bu dövlətlər Budapeşt sazişinə əməl etmədilər?
- Ukraynanın yerləşdiyi coğrafi məkana fikir verin. Bu dövlətin suverenliyinə qəsd ediləcəyi kimin ağlına gələrdi, qardaş hesab etdikləri Rusiya, yoxsa Belarusmu Ukraynaya hücum edəcəkdi? Və ya qonşusunda iki güclü slavyan dövlətinin yerləşdiyi, MDB-nin, KTMT-nın üzvü olan Ukraynaya hücum etməyə kim cəsarət edərdi? Yəqin ABŞ və İngiltərə Budapeşt sazişini imzalayarkən bu mülahizələri əsas tutmuşlar və Rusiyanın Ukraynanın suverenliyinə qəsd edə biləcəyini heç ağıllarına da gətirməmişlər. Əks halda bu sazişi imzalamazdılar. Fikir verin, Krım hadisələrindən dərhal sonra ABŞ prezidenti Obama bəyan etdi ki, Rusiyaya qarşı hərbi gücdən istifadə etmək fikirləri yoxdur. Yəni ABŞ və İngiltərə Ukrayna üçün Rusiya ilə müharibə etməyəcəklər. Guya iqtisadi sanksiyalarla Rusiyanı geri çəkilməyə vadar edəcəklər.
- Sizcə hadisələr bundan sonra necə davam edəcək? Rusiya Krımdan əlini çəkəcəkmi?
- Rusiya Krımdan heç bir halda imtina etməyəcək. Heç bir iqtisadi sanksiya Rusiyanı buna məcbur edə bilməz. Qərb dövlətləri Rusiya ilə müharibə etməyə də risk etməz. Rusiya beynəlxalq hüquqa deyil, öz hərbi gücünə arxalanır. Ola bilər ki, beynəlxalq təzyiqlər Rusiyanın Ukraynanın digər ərazilərinə soxulmasının qarşısını alsın.
- Sizcə Ukraynada, Krımda baş verən hadisələrdən hansı nəticələri çıxarmaq olar?
- Qeyd etdiyiniz hadisələrdən bir neçə nəticə çıxarmaq olar. Ukrayna hadisələri göstərdi ki, birinci, ölkədə hakimiyyət dəyişikliyi yalnız dinc yolla, ölkə qanunları və Konstitusiya çərçivəsində, azad, ədalətli, demokratik, şəffaf seçkilər yolu ilə baş verməlidir. Xarici güclərin diktəsi, təhriki ilə baş verən hakimiyyət dəyişikliyi mütləq sonda ölkəni xaosa sürükləyir. Ona görə də biz, BAXCP olaraq, həmişə hakimiyyət dəyişikliyinin yalnız dinc yolla, seçkilər yolu ilə baş verməsinin tərəfdarıyıq.
İkinci, ölkənin ərazi bütövlüyünün qorunması üçün güclü hərbi qüvvələrə malik olmaq lazımdır. Bu nəticə bizim üçün çox önəmlidir. Bilirsiniz, Azərbaycanın ən böyük probleminin - Dağlıq Qarabağ probleminin - həlli ilə guya ATƏT-in Minsk qrupu məşğuldur. May ayında atəşkəs sazişinin imzalanmasının 20 ili tamam olur. Bu 20 ildə Dağlıq Qarabağ probleminin həllində 20 mm-də olsa irəliləyiş olubmu? Olmayıb və 20 il keçsə də olmayacaq! Çünki bu problemi yaradanlar elə ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir! Ona görə də BAXCP dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk qrupundan imtina etmək, ölkəmizdə peşəkar ordu quruculuğuna keçmək və Qarabağı hərb yolu ilə azad etmək lazımdır!
Üçüncü, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ probleminin həlli tərəflərin özlərindən asılıdır. Tərəflər razılığa gəlsələr, həmsədrlər bu razılığın həyata keçirilməsinə zəmanət verərlər. Ukrayna hadisələri göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ və Rusiyanın zəmanətinin bir qara qəpiklik də dəyəri yoxdur! Ona görə də Azərbaycan özünə həqiqi müttəfiqlər axtarmalı və onlarla qarşılıqlı hərbi yardım haqqında sazişlər imzalamılıdır. Azərbaycanın Qoşulmayan Ölkələr Hərəkatının üzvü olması ikitərəfli hərbi sazişləri istisna etmir.
- Krım hadisələri Dağlıq Qarabağda da təkrarlana bilərmi? Hazırda separatçı rejimin işğalı altında olan ərazimiz-Dağlıq Qarabağ Ermənistana və ya Rusiyaya birləşdirilə bilərmi?
- Hüquqi cəhətdən bu mümkün deyil. Azərbaycan Respublikasının Konstitusiyasında ayrıca götürülmüş ərazidə referendumun keçirilməsi nəzərdə tutulmayıb. Amma beynəlxalq hüququn ayaqlar altına atıldığı indiki dövrdə heç nəyi istisna etmək olmaz. Ona görə də Azərbaycan öz silahlı qüvvələrini daim gücləndirməli, hər bir gözlənilməz hadisələrə hazır olmalıdır. Biz yubanmadan Türkiyə, Pakistan kimi ölkələrlə qarşılıqlı hərbi yadım haqqında sazişlər imzalamlıyıq. Düzdür, Türkiyə ilə Strateji Müttəfiqlik haqqında sazişimiz var və orada hərbi əməkdaşlıq məsələlərinə də toxunulur. Amma daha ciddi hərbi müqavilənin imzalanmasına ehtiyac var.