
“BMT Təhlükəsizlik Şurasının 2803 saylı qərarı ilə Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələri (ISF) yaradılacaq. Bu məqsədlə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Sülh Şurası təsis olunacaq. Şuranın tərkibi hələ açıqlanmayıb. Lakin burada Qəzzada sülhün təmin olunmasında maraqlı olan qüvvələrin iştirak edəcəyi aydındır. Sülh missiyasına həqiqətən də ehtiyac var. Çünki 2 ildir davam edən qırğınları və insanlıq dramını sona çatdırmaq, sülhü təmin etmək artıq dünyanın məsuliyyətindədir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Ş.Cəlilzadə qeyd edib ki, bu istiqamətdə keçilən ilkin mərhələ Sülh Sammitində atəşkəs sazişinin əldə olunması idi, halbuki, atəşkəs 13 oktyabrdan bəri yüzlərlə dəfə artıq pozulub: “İndi isə ikinci mərhələyə keçid edilir və sülhməramlı kontingentin yaradılması qərara alınıb. Bu istiqamətdə çağırışlar artıq xeyli müddətdir ki, edilirdi. 2024-cü ilin mayında Ərəb Liqası, 2025-ci ilin martında İslam Əməkdaşlıq Təşkilatı Fələstində beynəlxalq sülhməramlıların yerləşdirilməsinə çağırış edib. Lakin bu missiyanın rolunun aydın olması arzuolunandır. Məsələn, qətnaməyə “tərəfsiz” qalan Rusiya mövqeyini onunla əsaslandırır ki, rəsmi sitat: “ABŞ-nin inisiativi ilə qəbul olunan qətnamədə “iki dövlətli həll modeli”nə istinad edilmir. Yaradılacaq və ən azı 2027-ci ilin sonunadək mövcud olacaq Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin mandatı qeyri-müəyyəndir. Onun “avtonomluğu” və Fələstinin administrativ mərkəzi Ramallaha tabe edilməməsi 1917-1947-ci illərdə Millətlər Cəmiyyətinin Britaniyaya təqdim etdiyi Fələstin mandatını – kolonial dövrünü xatırladır. Beləliklə, “Beynəlxalq Sabitləşdirmə Qüvvələri” adı altında ABŞ-yə həvalə olunan, Misir və İsraillə əməkdaşlıq edən qüvvələr tərəflərdən birinin – indiki halda HƏMAS-ın silahsızlaşdırılmasına və İsrailin dəstəklənməsinə xidmət edən missiyaya çevrilə bilər”. Beləliklə, qətnaməyə “tərəfsiz” qalan Çin və Rusiya belə bir qüvvələrin yaradılmasına qarşı çıxmasalar da, orada iştirak etməyəcəklərini də bəyan ediblər”.
Onun sözlərinə görə, lakin bu “izahı” “birtərəfli”, hətta qərəzli saymaq olar: “Əslində qətnamədə vurğulanır ki, sülhməramlıların yerləşməsinə paralel olaraq İsrail hərbi qüvvələri müəyyən olunan təmas xəttinə geri çəkiləcəklər. HƏMAS isə qətnamənin qəbulundan öncə bəyanat verib ki, BMT mandatı altında qüvvələr yerləşərsə, o halda silahı təhvil verəcək. Qətnamədə həmçinin vurğulanır ki, silahı təhvil verənlər əfv olunacaq, Qəzza polisi yaradılacaq, yəni Qəzzalı keçmiş “azadlıq mübarizləri” beynəlxalq sülh qurucu missiyanın dəstəyi ilə sivil təhlükəsizlik qüvvələrinə transformasiya oluna bilərlər. Başqa ifadə ilə, Türkiyənin də əsas inisiator olduğu beynəlxalq layihələrdən birində çoxsaylı sülhməramlı qüvvə ilə iştirak və liderlik edəcəyi missiya Yaxın Şərqdə sülhün təsis olunmasında mühüm rol oynayacaq. Türkiyənin təmsil olunacağı bir missiya təbii olaraq iki dövlətli həll modelinin de-fakto reallaşdırılmasına xidmət edəcək”.
Röya İsrafilova