“Onların maskası cırılmalı, iç üzləri, vəhşi, yırtıcı üzləri açılıb göstərilməlidir” Müsahibə

“Onların maskası cırılmalı, iç üzləri, vəhşi, yırtıcı üzləri açılıb göstərilməlidir”

Elman Məmmədov: "Hamı bilməlidir ki, bunlar özlərini üzdə göstərdikləri kimi deyillər"

"Uzun illər ərzində vasitəçilik mandatı daşıyan ATƏT-in Minsk qrupu, burada təmsil olunan dövlətlər, bu qrupun fəaliyyəti, onun təcavüzkar, işğalçı Ermənistanı dəstəkləməsi, ona havadarlıq etməsi, Azərbaycan ərazilərinin bu günə kimi işğal altında qalması, Ermənistana qarşı heç bir cəza tədbirinin, sanksiyanın tətbiq olunmaması, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin icra olunması üçün heç bir işin, tədbirin görülməməsi təbii ki, ikili standartlardan xəbər verir. Bu, əlbəttə, haqsızlıq, ədalətsizlik, beynəlxalq hüququn tapdanmasıdır. Bu, bizə bir fikri təlqin edir: beynəlxalq hüququn gücü yoxdur, gücün beynəlxalq hüququ var". Bunu Teleqraf.com-a müsahibəsində "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib. Müsahibəni təqdim edirik.
- Elman müəllim, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımından 24 il keçir. Üstündən 24 il keçdikdən sonra həmin hadisə necə görünür?
- O hadisə mənim və digər Xocalı sakinlərinin taleyidir, yaşadıqları həyatdır. Biz 4 il ərzində ağrılı-acılı müharibə şəraitində yaşadıq və sonda soyqırımına məruz qaldıq. Təbii ki, biz bu 24 il ərzində çalışmışıq ki, bu soyqırımı haqqında dünya ictimaiyyətinə, beynəlxalq aləmə, insan hüquqları ilə məşğul olan bütün qurumlara, dünya ölkələrinin parlamentlərinə bu barədə məlumat çatdıraq. Məqsədimiz hadisənin soyqırımı kimi qəbul olunması, hüquqi və siyasi cəhətdən tanınmasıdır. Soyqırımını törədən Ermənistan cəzasını almalıdır. Bu soyqırımında bilavasitə iştirak edən şəxslər var. Onların bir hissəsi bu gün Ermənistan Respublikasının və onların qeyri-qanuni yaratdıqları separatçı, qondarma, cinayətkar "Dağlıq Qarabağ Respublikası" deyilən qurumun rəhbərliyində təmsil olunurlar. Bunlar cəzalarını almalıdırlar. Bu hadisə təkcə Xocalı sakinlərinə, Azərbaycan xalqına qarşı törədilməyib. Bu, ümumbəşəri bir cinayətdir. Cinayətkarlar cəzalanmasa bu, təkrar oluna bilər. Bunun qarşısını almaq üçün cinayətkarlar cəzasına çatmalıdır və soyqırımı tanınmalıdır.
- Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Bu istiqamətdə işlərin aparılmasına ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanılıb cənab Prezident tərəfindən çox uğurla, yüksək səviyyədə davam etdirilir. Bu işlərin ilhamverici qüvvəsi, təşəbbüskarımız, rəhbərimiz, yol göstərənimiz cənab Prezidentdir. Eyni zamanda Heydər Əliyev Fondu, fondun vitse-prezidenti Leyla Əliyeva tərəfindən aparılan işlər misilsiz əhəmiyyətə malikdir. Artıq neçə illərdir Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla xanım tərəfindən bütün dünyada "Xocalıya ədalət!" kampaniyası aparılır. Bundan başqa Milli Məclis, Xarici İşlər Nazirliyi, ayrı-ayrı dövlət qurumları mühüm işlər görürlər. Eyni zamanda bu təbliğata dünyanın bütün ölkələrində olan səfirliklərimiz, diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız, müxtəlif qurumlarımız, dövlət və qeyri-hökumət təşkilatları, KİV-lər qoşulublar. Bunun nəticəsində görün biz bu illər ərzində nələrə nail olmuşuq. Bu gün dünyanın ən böyük, ən nüfuzlu 2-3 dövlətindən biri olan Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatı Xocalı soyqırımını tanıyıb. Latın Amerikasında, Avropada, Asiyada və Afrikada yerləşən 10-dan artıq dövlət Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıyırlar. Bir çox beynəlxalq qurumlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalı faciəsi insanlığa qarşı cinayət aktı kimi tanınıb. Rəsmi olaraq tanımayan müxtəlif ölkələr isə faciə qurbanlarının xatirəsinə dolayı yolla öz ehtiramlarını bildirirlər. Qardaş Türkiyənin 30-dan çox bələdiyyəsi Xocalı soyqırımının tanınması barədə qərar qəbul edərək onu Böyük Millət Məclisinə göndərib. Yəni bu, cənab Prezidentin bu sahədə apardığı işin, siyasətin uğurlu nəticəsidir. Bütövlükdə Azərbaycan diplomatiyasının, hər birimizin, bütün qurumların gördüyü uğurlu işin uğurlu nəticəsidir və bu davam etməlidir.
- Ancaq dünya birliyi bu fakta hələ də yetərli qiyməti verməyib... –
Elədir. Ötən 24 il ərzində bu soyqırımını törədənlər cəzalarını almayıblar. Onlara qarşı, eləcə də Ermənistana qarşı dövlət səviyyəsində heç bir cəza, heç bir sanksiya tətbiq olunmayıb. Yaxud, bu soyqırımının törədilməsində hərbçi kimi iştirak edən və adları məlum olan 40 nəfərdən çox şəxsə qarşı hələ heç bir cəza tədbiri görülməyib. Bu da dünyada baş alıb gedən haqsızlığın, ədalətsizliyin, ikili standartların mövcud olmasının, dünyada haqqın-ədalətin tapdanmasının nəticəsidir. Bu gün hələ ki, təcavüzkara, işğalçıya havadarlıq olunan, onların stimullaşdırıldığı, qorunduğu, həvəsləndirildiyi bir ərəfədir. Yəni biz bu kimi hallara qarşı səsimizi qaldırmalıyıq və qaldırırıq. Yəqin ki, bu, həmişə belə olmayacaq. Nəhayət ki, bir gün haqq-ədalət öz yerini tapacaq. Azərbaycanın, onun xalqının haqq səsi eşidiləcək və bizim haqlı tələbimizə əməl olunacaq. Cinayətkarlar cəzasını alacaq. Bunu hər birimiz səbirsizliklə gözləyirik. Ancaq bunu təkcə gözləməklə kifayətlənmək olmaz. Eyni zamanda buna nail olmaq üçün bütün istiqamətlərdə çalışmaq, işləmək, hərəkət etmək lazımdır. - Bəs, ikili standartlar necə, bu məsələdə öz sözünü deyirmi? - İlk növbədə bir məqama nəzər salaq. Uzun illər ərzində vasitəçilik mandatı daşıyan ATƏT-in Minsk Qrupu, burada təmsil olunan dövlətlər, bu qrupun fəaliyyəti, onun təcavüzkar, işğalçı Ermənistanı dəstəkləməsi, ona havadarlıq etməsi, Azərbaycan ərazilərinin bu günə kimi işğal altında qalması, Ermənistana qarşı heç bir cəza tədbirinin, sanksiyanın tətbiq olunmaması, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin icra olunması üçün heç bir işin, tədbirin görülməməsi təbii ki, ikili standartlardan xəbər verir. Bu, əlbəttə, haqsızlıq, ədalətsizlik, beynəlxalq hüququn tapdanmasıdır. Bu, bizə bir fikri təlqin edir: beynəlxalq hüququn gücü yoxdur, gücün beynəlxalq hüququ var. Sanki biz belə başa düşürük ki, kim güclüdürsə, o haqlıdır. Bu gün sanki, belə bir fəlsəfə irəli sürülüb. Ancaq dünya belə düzənlənsə, təbii ki, dünyada münaqişələr, soyqırımlar, ədalətsizliklər baş alıb gedər. Bunun qarşısını almaq üçün tədbirlər görmək lazımdır.
- Xocalı faciəsinin tanıdılması üçün daha hansı işlər görülə bilər? –
Görüləsi işlər çoxdur. Bunları sadalanmaqla qurtarmaq olmaz. Bunun üçün hər bir kəs, vəzifəsindən, siyasi əqidəsindən, dünyabaxışından mövqeyindən asılı olmayaraq əlindən gələni etməlidir. Hər bir şey olunmalıdır ki, bu faciə daha geniş miqyasda dünya ictimiyyətinin diqqətinə çatdırılsın. Erməni vəhşiliyini, düşmənçiliyini, erməni xislətini, məkrini, erməni ideologiyasının tarixinin bütövlükdə saxtakarlıq, yalan üzərində qurulduğunu və bunların təkcə Xocalıda deyil, işğal olunmuş bütün ərazilərimizdə törətdikləri qətliamları, eyni zamanda son 100 il ərzində bunların dəfələrlə müsəlmanlara, türklərə qarşı törətdikləri kütləvi qırğınların hamısını qabarıq şəkildə alimlərimiz, siyasətçilərimiz, tarixçilərimiz, diplomatlarımız dünyaya çatdırmalıdırlar. Hamı bilməlidir ki, bunlar özlərini üzdə göstərdikləri kimi deyillər. Onların maskası cırılmalı, iç üzləri, vəhşi, yırtıcı üzləri açılıb göstərilməlidir. Qarşımızda belə məqsədlər dayanır.
- Xocalı soyqırımını törədənlərin Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmaları perspektivini necə görürsünüz?
- Bunun üçün məhkəmənin özünəməxsus prosedur qaydaları var. Bilirsiniz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri var. Məsələnin Beynəlxalq Cinayət Məhkəməsinə qaldırılması üçün Təhlükəsizlik Şurası üzvlərinin yekdil rəyi lazımdır. Ancaq bu üzvlərin əksəriyyəti bu gün hələ ki, işğalçını dəstəkləyir, ona havadarlıq edir. Buna görə də bizim bu məsələni Beynəlxalq Cinayət Məhkəməsinə qaldırmağa ümid etməyimiz bir qədər tezdir. Yəni bu, bir qədər çətin məsələ olmaqla ikili standartların nəticəsidir. Görünür, böyük dövlətlərin mənafeləri hazırda bu məsələyə sözügedən məhkəmədə baxmağa imkan vermir. Bu məsələ bizim düşündüyümüz qədər də sadə deyil. - Qaçqın və məcburi köçkünlərə, o cümlədən Xocalı sakinlərinə göstərilən dövlət qayğısından razısınızmı? - Azərbaycan Respublikasının hər bir vətəndaşı cənab Prezidentin diqqət və qayğısı ilə əhatə olunub. O cümlədən də qaçqın və məcburi köçkünlər daim cənab Prezidentin qayğısını hiss edirlər. Onların həyat şəraitinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yaxşı dolanışığın yaradılması, işlə təminat məsələlərinin həll edilməsi üçün dövlət və onun başçısı tərəfindən bütün işlər görülür. Ancaq bizi maraqlandıran bir əsas məsələ var. Biz cənab Prezidentin, Ali Baş Komandanımızın rəhbərliyi altında doğma torpaqlarımıza, yurd-yuvamıza qayıdaq. O zaman hesab edərik ki, bütün problemlərimiz həll olunub.