NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri: Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır - MÜSAHİBƏ Müsahibə

NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri: Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır - MÜSAHİBƏ

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda NATO ilə tərəfdaş ölkələr arasında dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə APA NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla regionda təhlükəsizlik, sülh gündəliyi və strateji bağlantılarla bağlı aktual mövzuları müzakirə edib.

NATO Əlaqələndirmə Ofisinin missiyası Azərbaycanla siyasi dialoqu və praktiki əməkdaşlığı gücləndirməkdir

– Cənab Vinnikov, bu yaxınlarda Azərbaycana səfər etmişiniz. İstərdik səfərinizin əsas məqsədləri barədə məlumat verərdiniz.

Gürcüstandakı NATO Əlaqələndirmə Ofisinin missiyası Cənubi Qafqaz regionu üzrə, o cümlədən Azərbaycanla siyasi dialoqu və praktiki əməkdaşlığı qorumaq və gücləndirməkdir. Bu mandat çərçivəsində komandamızın digər üzvləri ilə birlikdə regiona mütəmadi səfərlər edirik ki, əməkdaşlığı davam etdirək, qarşılıqlı maraq doğuran cari proseslər barədə fikir mübadiləsi aparaq və tərəfdaşlarımızla əməkdaşlığı irəli aparaq. Son səfərim də məhz bu məqsədlərə uyğun şəkildə həyata keçirilib.

Bakıda son səfərim zamanı, həmçinin müdafiə və təhlükəsizlik strukturlarının modernləşdirilməsini dəstəkləmək üçün NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramının (DEEP) potensialının artırılması aləti kimi istifadəsinə həsr olunmuş beynəlxalq konfransda əsas məruzə ilə çıxış etdim. Konfrans Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti və NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP) proqramı tərəfindən birgə təşkil olunmuşdu və müdafiə təhsili və institusional potensialın daha da gücləndirilməsi imkanları üzrə ən yaxşı təcrübələri və əldə edilmiş dərsləri müzakirə etmək, həmçinin, fikir mübadiləsi aparmaq üçün nümayəndə və ekspertləri bir araya gətirmişdi.

Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını davamlı sülhə aparan yolda mühüm mərhələ kimi qiymətləndiririk

– NATO Azərbaycanla Ermənistan arasında uzunmüddətli normallaşmanın, o cümlədən etimad quruculuğu və institusional əməkdaşlıq vasitəsilə dəstəklənməsində özü üçün potensial rol görür?

NATO normallaşma prosesində son inkişafları alqışlayır və Azərbaycanla Ermənistanın münasibətləri normallaşdırmaq və davamlı sülh sazişinə nail olmaq istiqamətində atdıqları bütün konstruktiv addımları dəstəkləyir. Bu, Qara dəniz regionu üzrə sabitlik üçün əsas əhəmiyyət daşıyır. Biz bu prosesin birbaşa iştirakçısı deyilik, lakin münaqişələrin həllinə töhfə verən müttəfiqlərimizin səylərini hər zaman yüksək qiymətləndirmişik və dəstəkləmişik. Avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasını davamlı sülhə aparan yolda və region üzrə əlaqəliliyin açılmasında mühüm mərhələ kimi qiymətləndiririk. Bu isə öz növbəsində regional sabitliyi və təhlükəsizliyi gücləndirəcək, region ölkələri ilə NATO arasında tərəfdaşlıqları daha da möhkəmləndirəcək.

Azərbaycan NATO-nun sadiq tərəfdaşıdır

– NATO Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini necə qiymətləndirir və Alyans standartları ilə daha yüksək interoperabelliyə nail olmaq üçün hansı əlavə addımlar atıla bilər?

– Azərbaycan sadiq tərəfdaşdır və NATO müttəfiqləri və digər tərəfdaş ölkələrlə təhlükəsizlik və müdafiə islahatları, kibermüdafiə və terrorizmlə mübarizə daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir.

Azərbaycan Silahlı Qüvvələrinin imkanlarının və Alyansla interoperabelliyinin artırılması NATO-nun Azərbaycanla tərəfdaşlığında əsas istiqamətlərdən biridir. Azərbaycanın 1994-cü ildən etibarən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakı NATO-ya və ayrı-ayrı müttəfiqlərə interoperabelliyi artırmaq məqsədilə seçilmiş bölmələrin inkişafında Azərbaycana dəstək verməyə imkan yaradıb. Proqram çərçivəsində Azərbaycan NATO standartlarına uyğun bölmələr formalaşdırır, NATO rəhbərliyi altında sülhməramlı əməliyyatlara qüvvə töhfələri hazırlayır və gələcəkdə Azərbaycanın iştirak etməyi qərara ala biləcəyi potensial missiyalar üçün digər imkanları inkişaf etdirir.

Azərbaycan Kosovo və Əfqanıstanda NATO rəhbərliyi altında keçirilən missiya və əməliyyatlara artıq əhəmiyyətli töhfələr verib, həmçinin Tərəfdaşlıq üzrə Qərargah Vəzifələri təşəbbüsü vasitəsilə NATO-nun hərbi strukturlarında nəzərəçarpacaq mövcudluğunu qoruyur. Azərbaycan, eyni zamanda, minalardan təmizləmə və kritik enerji infrastrukturunun, o cümlədən terror aktlarından qorunması sahəsində əməkdaşlıqda uzunmüddətli maraq nümayiş etdirir.

Azərbaycanı, Ermənistanı və Türkiyəni birləşdirən, daha geniş mənada isə Mərkəzi Asiyanı Avropa ilə əlaqələndirən regional bağlantılar şəbəkəsinin yaradılması bu cür imkanları açıq şəkildə ortaya qoyur

– NATO baxımından “Tramp marşrutu” və digər regional nəqliyyat layihələrinin strateji əhəmiyyəti nədən ibarətdir?

– Cənubi Qafqaz böyük nəqliyyat mərkəzinə çevrilmək potensialına malikdir. Lakin bu potensialın reallaşdırılması müasir infrastrukturun inkişafını və həqiqi intermodallığı tələb edir ki, bu da müxtəlif mərhələlər, ölkələr və fərqli coğrafi şəraitlər üzrə səmərəli yüklərin ötürülməsini təmin etsin.

Avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşma və onun sonrakı inkişafları, o cümlədən əsasən Azərbaycanı, Ermənistanı və Türkiyəni birləşdirən, daha geniş mənada isə Mərkəzi Asiyanı Avropa ilə əlaqələndirən regional bağlantılar şəbəkəsinin yaradılması bu cür imkanları açıq şəkildə ortaya qoyur. Bununla belə, adlandırılmasından asılı olmayaraq, bu təşəbbüslərin region ölkələrinin maraqlarına real şəkildə xidmət etməsi mühüm əhəmiyyət daşıyır. Onlar bütün regional aktorların iqtisadi və tranzit potensialını tam reallaşdırmasına şərait yaratmalı, eyni zamanda, sülh quruculuğuna və uzunmüddətli sabitliyə töhfə verməlidir.

Bu prinsiplər TRIPP təşəbbüsünün əsasını təşkil edir və onun Cənubi Qafqaz regionunun bütövlükdə xeyrinə əhəmiyyətli iqtisadi imkanları açmaq potensialı var.

Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqazdakı tərəfdaşlarımızla əməkdaşlıq ümumi qonşuluğumuzda, daha geniş miqyasda isə transatlantik məkanda təhlükəsizlik və sabitliyə əhəmiyyətli töhfə verir

Rusiya və İran Cənubi Qafqazı öz strateji təsir dairələrinin bir hissəsi hesab etdikləri halda, NATO regional gərginliklər fonunda Azərbaycanla əməkdaşlığını necə balanslaşdırır?

Hər bir dövlət daxili və xarici siyasətini azad şəkildə və kənar müdaxilə olmadan müəyyən etmək hüququna malikdir. NATO-nun regionun hər üç ölkəsi ilə əməkdaşlığı tələbat-əsaslı prinsipə söykənir: biz yalnız tərəfdaşlarımızın müraciət etdiyi və müttəfiqlərimizin qərar verdiyi həddə cəlb olunuruq. Biz gündəlik diktə etmir, heç bir vasitə ilə əməkdaşlığa məcbur etmirik.

Əksinə, tərəfdaşlarımızın dəstək tələblərini diqqətlə dinləyir və tərəfdaşlıq və kooperativ təhlükəsizlik ruhunda, tərəfdaşlarımızın ehtiyaclarına cavab verən və NATO-nun əlavə dəyər yarada biləcəyi sahələrdə mümkün qədər səmərəli cavab verməyə çalışırıq. Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqazdakı tərəfdaşlarımızla əməkdaşlıq ümumi qonşuluğumuzda, daha geniş miqyasda isə transatlantik məkanda təhlükəsizlik və sabitliyə əhəmiyyətli töhfə verir.

Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir

– Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələyə keçiddən sonra NATO regionda formalaşan təhlükəsizlik arxitekturasını necə qiymətləndirir və regional sabitliyin qorunmasında Azərbaycan üçün hansı rolu görür?

Azərbaycan NATO-nun ən fəal tərəfdaşlarından biridir, Alyansın tərəfdaşlıq alətlərindən geniş istifadə edir və əməkdaşlığın daha da dərinləşdirilməsinə davamlı maraq göstərir. Bu kontekstdə Azərbaycan artıq regional təhlükəsizlik mühitində mühüm rol oynayır.

Gələcəyə baxdıqda, bu potensialın tam reallaşdırılması hərtərəfli, davamlı və qarşılıqlı qəbul edilən sülhə yönəlmiş ardıcıl səylərlə dəstəklənə bilər. Məhz buna görə Azərbaycan və Ermənistanı sülh sazişinin imzalanması, ratifikasiyası və tam icrası istiqamətində irəliləməyə təşviq edirik. Bu, Azərbaycanın regionun digər ölkələri ilə birlikdə Cənubi Qafqaz üzrə sabitliyin, əlaqəliliyin və əməkdaşlığın gücləndirilməsinə, kooperativ təhlükəsizlik prinsiplərinə uyğun şəkildə, tam diqqət ayırmasına imkan verəcək.

NATO Rusiyanın təsirinin azalmasının Azərbaycan üçün həm imkanlar, həm də risklər yaratdığını tanıyırmı? Bu şəraitdə Azərbaycan üçün optimal strateji kurs nə ola bilər?

– Rusiyanın siyasi məqsədlərə nail olmaq üçün silahlı təcavüzdən istifadə etməsi də daxil olmaqla atdığı addımlar beynəlxalq qaydalara əsaslanan nizam üçün ciddi çağırış yaradır. Bu kontekstdə bütün dövlətlərin təhlükəsizlik mühitini hərtərəfli qiymətləndirməsi və potensial risk və çağırışlara cavab olaraq dayanıqlılığını gücləndirməyə davam etməsi vacibdir.

NATO, müraciət olunduğu təqdirdə, tərəfdaşların bu səylərini, o cümlədən dayanıqlılığın və potensialın artırılmasına yönəlmiş məqsədyönlü əməkdaşlıq vasitəsilə dəstəkləməyə hazırdır. Bütün tərəfdaşlıqlarımızda olduğu kimi, bu cür əməkdaşlıq tələbat-əsaslı prinsiplə və Azərbaycanlı tərəfdaşlarımızla sıx məsləhətləşmə şəraitində, onların prioritetlərini və suveren qərarlarını, eləcə də müttəfiqlərin maraqlarını əks etdirərək həyata keçirilir.

Birbaşa qonşuluğumuzda baş verən hər hansı münaqişə narahatlıq doğurur

– NATO Qərb ilə İran arasında artan gərginliyin Cənubi Qafqaza sirayət etməsindən narahatdır?

– Birbaşa qonşuluğumuzda baş verən hər hansı münaqişə narahatlıq doğurur. NATO müdafiə xarakterli alyansdır və belə də qalacaq. Onun üzvləri bütün müttəfiqlərin azadlığını və təhlükəsizliyini bütün istiqamətlərdən gələn bütün təhdidlərə qarşı qorumağa sadiqdirlər. NATO-nun mövcudluğunun mahiyyəti münaqişələrin qarşısını almaq və onların yaratdığı təhdidləri azaltmaqdır. Buna görə də cənub qonşuluğumuzda gərginliyin artmasının həm biz, həm də tərəfdaşlarımız üçün risklər yaratdığının fərqindəyik. Bu risklər gərginliyin azaldılmasına çalışmaq və eyni zamanda öz dayanıqlılığımızı gücləndirməklə səmərəli şəkildə aradan qaldırılmalıdır.