
Slovakiya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovun APA-ya müsahibəsi
Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından böyük strateji əhəmiyyətə malikdir
– Cənab səfir, ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafında strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından böyük strateji əhəmiyyətə malikdir. Bu səfər Slovakiya-Azərbaycan münasibətlərində bir neçə səbəbə görə yeni mərhələ hesab edilə bilər. Bu, Azərbaycan Prezidentinin Slovakiyaya ilk tarixi rəsmi səfəridir ki, bu da ikitərəfli münasibətlərdə yeni səhifə açmaqla ona xüsusi simvolik və siyasi əhəmiyyət verir.
Birincisi, bununla Bratislava ilə Bakı arasında birbaşa aviareys açılır ki, bu da turizmin inkişafına və insanlar, mədəniyyətlər arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verəcək.

İkincisi, Slovakiya şirkətlərinin Azərbaycanda infrastruktur layihələrində iştirak etməsi üçün konkret imkanlar yaranır. Bu layihələr Slovakiya bankları tərəfindən Azərbaycanın dövlət zəmanəti altında maliyyələşdirilə bilər.
Üçüncüsü, bu maliyyələşdirmə Qarabağda sosial-iqtisadi həyatın bərpasını sürətləndirə bilər ki, bu da hazırda Azərbaycan üçün strateji prioritetdir.
Dördüncüsü, hərbi-sənaye əməkdaşlığı da inkişaf edir. Bu sahədə Slovakiya yalnız öz məhsullarını satmaqda deyil, həm də Azərbaycanın müdafiə məhsullarını almaqda və praktik sahələrdə yeniliklərin mübadiləsini aparmaqda maraqlıdır. Beləliklə, burada söhbət nəqliyyat əlaqələri, iqtisadi əməkdaşlıq, postmünaqişə bərpa və hərbi-texniki tərəfdaşlığı birləşdirən kompleks yanaşmadan gedir. Bu, ikitərəfli münasibətlərdə yeni keyfiyyət ölçüsü yaradır.
Eyni zamanda, Slovakiya Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasından sonra ölkələrimiz bir çox sahədə aktiv əməkdaşlıq qurur. Hər il müxtəlif səviyyələrdə rəsmi səfərlər və Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr keçirilir. Cari ildə də bir sıra rəsmi və işgüzar səfərlər planlaşdırılıb ki, bu da tərəfdaşlığımızın dinamik inkişafını göstərir.

Uzunmüddətli perspektivdə Slovakiya üçün Azərbaycan qazını alma imkanları axtarılacaq
– Slovakiya Prezidenti Azərbaycan təbii qazının ölkəsi üçün uzunmüddətli strateji əhəmiyyətini qeyd edib. Azərbaycan qazının Slovakiyaya tədarükü ilə bağlı hansı yeni layihələr hazırlanma mərhələsindədir?
– Hazırda Azərbaycan qazının ekspert səviyyəsində Slovakiyaya tədarük imkanları öyrənilir. Texniki baxımdan Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Slovakiyaya çatdırıla bilər, lakin əsas məhdudiyyət dəhlizin ötürücülük qabiliyyətidir. Uzunmüddətli perspektivdə Slovakiya üçün Azərbaycan qazını alma imkanları axtarılacaq. Azərbaycan hazırda bir neçə Avropa ölkəsinə qaz təchizatını diversifikasiya etməyə kömək edir ki, bu da Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfədir. Azərbaycan enerji sahəsində Aİ üçün ən önəmli tərəfdaşlardan biridir və biz gələcəkdə bu əməkdaşlığı genişləndirməyə imkan verəcək layihələrin müzakirəsinə və hazırlanmasına davam edəcəyik.
Hazırda müdafiə sənayesi üzrə bəzi birgə müəssisələrin yaradılması prosesi davam edir

– İki dövlət arasında hərbi və hərbi-texniki əməkdaşlıq perspektivlərini necə görürsünüz? Müdafiə sənayesi sahəsində birgə müəssisələrin yaradılması istiqamətində hansı işlər görülür?
– Slovakiya tarixən müdafiə sənayesində güclü ənənələrinə malikdir. Ölkənin müəssisələri müasir silah və hərbi texnika istehsalında zəngin təcrübəyə sahibdir və bu, beynəlxalq əməkdaşlıq üçün möhkəm əsas yaradır.
Slovakiya müdafiə sənayesi sahəsində Azərbaycanla əməkdaşlığı strateji istiqamət kimi qiymətləndirir. Hazırda bəzi birgə müəssisələrin yaradılması prosesi davam edir və biz bu sahədə iki tərəf üçün böyük potensial görürük.

Slovakiya Qarabağın sosial-iqtisadi həyatının bərpasında iştirak etmək imkanına görə minnətdarlığını bildirir
– Ağdamın Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsi üzrə işlərin icra səviyyəsi hansı mərhələdədir?
– Keçən ilin sentyabrında Slovakiya şirkəti Azərbaycan tərəfdaşları ilə birgə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisinə başlayıblar. Layihənin birinci mərhələsi bu il başa çatdırılacaq. Qeyd olunan layihə çərçivəsində Slovakiya tərəfi 800 şagirdlik məktəbin tikintisini də öz üzərinə götürüb. Slovakiya Qarabağın sosial-iqtisadi həyatının bərpasında iştirak etmək imkanına görə minnətdarlığını bildirir.
– Bəs Slovakiya Prezidenti və ya Baş nazirinin Azərbaycanın azad olunmuş ərazilərinə səfəri nəzərdə tutulur?
– Bu il Slovakiya ilə Azərbaycan arasında bir sıra yüksək səviyyəli rəsmi və işgüzar səfərlər planlaşdırılıb. Slovakiya Prezidenti Peter Pelleqrini və Slovakiya Milli Şurasının sədri Rixard Raşinin səfərləri də nəzərdə tutulur. Hazırda bu səfərlərin vaxtının razılaşdırılması istiqamətində iş aparılır. Bizdə olan məlumata görə, Prezident və Milli Şuranın sədri Azərbaycana səfərləri zamanı azad olunmuş ərazilərə də baş çəkməyi planlaşdırır.
Slovakiya Orta Dəhlizin işində aktiv iştirak etmək istəyir

– Orta Dəhliz regional əlaqəliliyin gücləndirilməsi, eləcə də qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Slovakiyanın bu layihədə iştirak perspektivini necə görürsünüz?
– Slovakiya Orta Dəhlizi Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat marşrutu kimi qiymətləndirir və onun icrasında aktiv iştirak etmək istəyir. Slovakiyanın Avropanın mərkəzində yerləşməsi onun Orta Dəhliz vasitəsilə Avropa ölkələrinə daşınan mallar üçün logistik mərkəz kimi çıxış etməsinə imkan verir. Biz effektiv tranzit əlaqələrini təmin edən dəmir və avtomobil yollarının inkişafında böyük potensial görürük.
Slovakiya şirkətləri nəqliyyat-logistika, infrastrukturun tikintisi və nəqliyyat proseslərinin rəqəmsallaşdırması sahəsində təcrübəsini və müvafiq texnologiyanı təqdim etməyə hazırdır. Biz həm də bu marşrut üzrə əsas tərəfdaş kimi Azərbaycanla ticarət-iqtisadi əməkdaşlığı dərinləşdirməkdə maraqlıyıq.
Orta Dəhlizin inkişafı həm Slovakiyanın, həm də bütövlükdə Avropa İttifaqının nəqliyyat marşrutlarının şaxələndirilməsi və Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından maraqlarına cavab verir. Bu isə mövcud qlobal geosiyasi şəraitdə xüsusilə böyük əhəmiyyət daşıyır.
Azərbaycanla Ermənistanın sülh sazişini paraflaması Cənubi Qafqaza təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf gətirəcək tarixi nailiyyətdir

– Rəsmi Bratislavanın Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı mövqeyi nədən ibarətdir?
– Ötən ilin 8 avqust tarixində Azərbaycanla Ermənistan sülh sazişinin mətnini parafladı. Biz bu münasibətlə Azərbaycanla Ermənistanı səmimi qəlbdən təbrik edirik. Bu, Cənubi Qafqaza təhlükəsizlik, sabitlik və iqtisadi inkişaf gətirəcək tarixi nailiyyətdir. Hətta Avropaya ən çətin vəziyyətlərdə sülhün mümkün olduğunu bariz nümayiş etdirir. Ümid edirik ki, əldə olunan irəliləyiş yaxın zamanda iki dövlət arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq.
Yaxın gələcəkdə Bakıda Slovakiyanın Turist İnformasiya Mərkəzi açılacaq
– Ölkələrimiz arasında birgə turist mübadiləsinin icrası planlaşdırılır?
– Qeyd etdiyim kimi, Bratislava və Bakı arasında birbaşa aviareyslər planlaşdırılır. Bu, Slovakiya ilə Azərbaycan arasında turist mübadiləsinin inkişafına böyük töhfə verəcək. Yaxın gələcəkdə isə Bakıda Slovakiyanın Turist İnformasiya Mərkəzi açılacaq. Azərbaycan vətəndaşları buradan Slovakiya barədə, o cümlədən kurort şəhərlərdə turizm imkanları haqqında bütün lazımi məlumatları ala biləcəklər. Əminik ki, bu təşəbbüslər xalqlarımız arasında qarşılıqlı anlaşmanı gücləndirəcək və hər iki ölkəyə iqtisadi fayda gətirəcək. Turist mübadiləsinin inkişafı ikitərəfli münasibətlərimizin prioritet istiqamətlərindən biridir.

Slovakiya həmişə öz milli maraqlarını qoruyacaq
– Son sualım Ukrayna münaqişəsi barədədir. Bəzi hallarda Ukraynaya münasibətdə Slovakiya ilə Avropa İttifaqı arasında fikir ayrılığı yaranır. Bu barədə nə deyə bilərsiniz?
– Slovakiya ixracatyönümlü kiçik ölkədir və bu səbəbdən dünyanın bütün regionları ilə əlaqələri inkişaf etdirmək istəyirik. Avropa İttifaqı 27 suveren dövlətin birliyidir, burada beynəlxalq hadisələrlə bağlı fikir ayrılığının yaranması təbiidir. Bu, demokratik və sağlam dialoqun bir hissəsidir. Fikir ayrılığı isə bir qayda olaraq bizim ölkəyə və vətəndaşlarımıza neqativ təsir göstərə biləcək qərarlar üzrə yaranır. Slovakiya həmişə öz milli maraqlarını qoruyacaq.

Lakin vurğulamaq vacibdir ki, Avropa İttifaqı və NATO bizim üçün təbii həyat məkanı olaraq qalır. Biz həm ümumi Avropa maraqlarını, həm də Slovakiyanın ehtiyaclarını nəzərə alan konstruktiv dialoqa və həll yollarının axtarışına sadiqik.