Nazir müavini: Məqsədimiz süni intellekti real dəyər yaradan alətə çevirməkdir - MÜSAHİBƏ Müsahibə

Nazir müavini: Məqsədimiz süni intellekti real dəyər yaradan alətə çevirməkdir - MÜSAHİBƏ

Son illər süni intellekt texnologiyaları dövlət idarəçiliyi, iqtisadiyyat və cəmiyyət həyatının bütün sahələrinə ciddi təsir göstərməyə başlayıb. Azərbaycan da bu qlobal tendensiyaya uyğun olaraq süni intellektin sistemli tətbiqini və insan kapitalının inkişafını prioritet istiqamət kimi müəyyən edib. Bu yanaşmanın əsas çərçivəsini Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyası təşkil edir.

"APA-Economics" Strategiyanın icrası üzrə görülən işlər, əldə olunan ilkin nəticələr və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovla müsahibəni təqim edir.

- Saməddin müəllim, 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas mahiyyəti nədən ibarətdir?

- Qlobal miqyasda süni intellektin inkişafı müxtəlif modellər üzrə formalaşır. Kanada və Avropa ölkələri daha çox tədqiqat və etik tənzimləmə mexanizmlərinə, ABŞ innovasiya ekosisteminə, Çin isə genişmiqyaslı praktiki tətbiqlərə üstünlük verir.

Azərbaycanın yanaşması isə bu modellərin balanslaşdırılmış sintezinə əsaslanır. Biz həm insan kapitalının inkişafını, həm dövlət idarəçiliyində tətbiqi, həm də biznes mühitinin dəstəklənməsini paralel prioritetlər kimi müəyyən etmişik. Strategiyanın məntiqi də məhz bu kompleks yanaşma üzərində qurulub.

Strategiyanın əsas məqsədi süni intellekti ayrı-ayrı texnoloji həllər kimi deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və insan kapitalının transformasiyasını təmin edən sistemli alət kimi formalaşdırmaqdır. Burada institusional hazırlıq, idarəetmə bacarıqları və peşəkar kadr potensialının gücləndirilməsi mühüm yer tutur.

Beləliklə, süni intellekt sosial-iqtisadi inkişafı sürətləndirən, qərarvermə proseslərini daha səmərəli edən və rəqəmsal dövlət quruculuğunu gücləndirən əsas mexanizmlərdən biri kimi nəzərdə tutulur.

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın hədəfi süni intellekt sahəsində regional mərkəzə çevrilməkdir. Bu Strategiya həmin məqsədə nail olmaq üçün vahid və sistemli çərçivə yaradır. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına dair müşavirədə də süni intellektin rəqəmsal transformasiyada aparıcı rolu xüsusi vurğulandı. Bu sahədə fəaliyyətin əlaqələndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

- Strategiya çərçivəsində süni intellektin dövlət idarəçiliyində və iqtisadiyyatda hansı istiqamətlərdə tətbiqi nəzərdə tutulur?

- Süni intellektin həm dövlət idarəçiliyində, həm də iqtisadiyyatın müxtəlif sahələrində geniş şəkildə tətbiq olunması planlaşıdırılır. Dövlət idarəçiliyində əsas hədəf qərarvermənin dəqiqliyini artırmaq, idarəetmə proseslərini daha səmərəli və şəffaf təşkil etmək, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir.

Bu çərçivədə məlumatların idarə edilməsi mexanizmləri təkmilləşdirilir, Təbii Dil Emalı texnologiyalarının tətbiqi genişləndirilir. İlkin mərhələdə həmin texnologiyaların beş pilot dövlət xidmətində sınaqdan keçirilməsi planlaşdırılır.

Artıq bu istiqamətdə konkret nəticələr də əldə olunub. Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində hazırlanmış “E-qanun.ai” platforması istifadəyə verilib. Süni intellekt əsaslı bu həll hüquqi sənədlər və qanunvericilik bazasında effektiv axtarış aparmağa, mətnlərin avtomatlaşdırılmış təhlilini həyata keçirməyə və istifadəçilərə operativ cavablar təqdim etməyə imkan yaradır. Platforma Strategiyada nəzərdə tutulan Təbii Dil Emalı texnologiyalarının tətbiqinin praktiki nümunələrindən biridir.

İqtisadiyyat sahəsində isə süni intellektin tətbiqi üçün prioritet sektorların müəyyənləşdirilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər sahələr bu baxımdan əsas istiqamətlər kimi seçilib. Ümumi hədəf süni intellekti real iqtisadi və sosial dəyər yaradan, məhsuldarlığı artıran praktik alətə çevirməkdir.

- Süni intellekt sahəsində hüquqi və normativ bazanın formalaşdırılması istiqamətində hansı addımlar atılır?

- Süni intellektin geniş tətbiqi üçün yalnız texnoloji imkanların deyil, həm də aydın qaydaların mövcudluğu vacibdir. Bu səbəbdən Strategiya çərçivəsində hüquqi və normativ bazanın formalaşdırılması xüsusi istiqamət kimi müəyyən edilib.

Hazırda süni intellekt tətbiqlərində şəffaflığın, məlumatların məxfiliyinin və etik prinsiplərin qorunmasını təmin edən mexanizmlərin yaradılması üzərində iş aparılır. Məqsəd dövlət və özəl sektorda süni intellektdən istifadə zamanı vahid yanaşmanın formalaşdırılmasıdır.

Bu istiqamətdə artıq konkret nəticələr də mövcuddur. Süni intellekt üzrə 8 milli dövlət standartı beynəlxalq standartlara uyğun hazırlanaraq təsdiq edilib, onlardan 4-ü 2025-ci ildə qəbul olunub. Həmin standartlar tətbiqlərin keyfiyyətinin yüksəldilməsinə, təhlükəsizliyin təmin edilməsinə və dövlət qurumlarında vahid metodologiyanın tətbiqinə xidmət edir.

Eyni zamanda süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi, risklərin qiymətləndirilməsi və məsuliyyətli istifadə ilə bağlı normativ mexanizmlərin hazırlanması davam etdirilir.

Bu tədbirlər süni intellekt texnologiyalarının ölkəmizdə həm innovativ, həm də hüquqi baxımdan etibarlı mühitdə inkişaf etməsinə şərait yaradır.

- Süni intellekt sahəsində özəl sektor və startap ekosistemi necə dəstəklənəcək?

- Süni intellekt ekosisteminin inkişafı üçün dövlət-özəl sektor əməkdaşlığı əsas prioritetlərdən biridir. Burada məqsəd innovasiyalar üçün əlverişli biznes mühiti yaratmaq və yerli təşəbbüsləri stimullaşdırmaqdır.

Bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə maliyyə və institusional dəstəyin gücləndirilməsi, eləcə də süni intellekt sahəsində pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planına uyğun olaraq, süni intellekt sahəsində fəaliyyət göstərən azı 50 sahibkarlıq subyektinə güzəştli kreditlərin verilməsi planlaşdırılır. Eyni zamanda texnologiya parklarına və sənaye zonalarına bu sahədə çalışan yeni rezidentlərin cəlb edilməsi də əsas hədəflərdəndir.

Bütün bu addımların məqsədi yerli həllərin yaranmasını sürətləndirmək, startapların inkişafını dəstəkləmək və süni intellekt sahəsində rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaqdır.

- Strategiyada insan kapitalının inkişafı xüsusi yer tutur. Bu istiqamətdə hansı addımlar atılır?

- İnsan kapitalının inkişafı 2025 – 2028-ci illər üçün Süni İntellekt Strategiyasının əsas prioritetlərindən biridir. Çünki süni intellekt texnologiyalarının səmərəli tətbiqi yalnız müasir infrastrukturla deyil, həm də bu texnologiyaları anlayan və idarə edə bilən peşəkar kadrlarla mümkündür.

Bu məqsədlə süni intellekt üzrə təhsil proqramları genişləndirilir, yeni ixtisaslar formalaşdırılır və mövcud kadr potensialının gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Universitet-sənaye əməkdaşlığının inkişafı və praktik yönümlü təlimlərin təşkili də bu prosesin mühüm tərkib hissəsidir.

Bu sahədə əsas institusional mexanizmlərdən biri Milli Süni İntellekt Mərkəzidir. Mərkəz tədqiqatların təşviqi, kadr hazırlığı və süni intellekt həllərinin tətbiqi istiqamətində fəaliyyət göstərərək rəqəmsal transformasiya prosesinə dəstək verir.

Mərkəzin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası isə insan kapitalının inkişafı üçün əsas platformalardan biridir. Hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar. Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır.

Eyni zamanda həm dövlət, həm də özəl sektorda qərarverici səviyyədə institusional bacarıqların gücləndirilməsi məqsədilə rəhbər heyət üçün nəzərdə tutulmuş “AI for Managers” və “AI Leadership” proqramları həyata keçirilir. Bu proqramlar vasitəsilə süni intellektin imkanları, riskləri və məsuliyyətli tətbiqi ilə bağlı zəruri bilik və bacarıqlar formalaşdırılır.

Beləliklə, insan kapitalının inkişafı texniki kadrlar, idarəetmə heyəti və akademik mühit üzrə paralel şəkildə həyata keçirilir. Bu isə Strategiyanın uğurlu icrası üçün möhkəm zəmin yaradır.

- Süni intellekt sahəsində beynəlxalq əməkdaşlıq imkanları necə genişləndirilir?

- Süni intellekt qlobal miqyasda inkişaf edən sahədir və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl texnologiyalara çıxışın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan mühüm addımlardan biri 2025-ci ilin avqustunda Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış Anlaşma Memorandumudur. Həmin sənəddə süni intellekt üzrə tərəfdaşlıqların inkişafı ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən edilib.

Nazir Rəşad Nəbiyevin rəhbərliyi ilə ötən ilin sonlarında ABŞ-yə həyata keçirilən səfər də bu razılaşmaların praktiki icrasına yönəlib. Keçirilən görüşlərdə süni intellekt və rəqəmsal inkişaf sahələrində birgə layihələrin həyata keçirilməsi, bilik mübadiləsi və təcrübə paylaşımı imkanları müzakirə olunub.

Beynəlxalq əməkdaşlığın coğrafiyası yalnız ABŞ ilə məhdudlaşmır. 2025-ci il ərzində Çin, Koreya, Yaponiya və digər ölkələrin rəsmi qurumları, müxtəlif şirkətləri ilə aparılan danışıqlarda süni intellekt sahəsində yeni tərəfdaşlıq imkanları geniş müzakirə edilib.

Bu istiqamətdə növbəti mühüm addım nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində atılıb. Fevralın 3-də İsrailin Baş nazirinin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzalanıb. Sənəd qabaqcıl süni intellekt modellərinin hazırlanması və tətbiqini, eksperimental laboratoriyanın və yüksək məhsuldarlıqlı hesablama infrastrukturunun yaradılmasını nəzərdə tutur. Eyni zamanda ixtisaslı kadr potensialının formalaşdırılması, akademik tədqiqatların dəstəklənməsi və dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi istiqamətləri əhatə edir.

Ümumilikdə kadr hazırlığı, texnoloji bilik mübadiləsi, birgə layihələrin icrası və innovativ həllərin tətbiqi beynəlxalq əməkdaşlıq prosesinin əsas prioritetləri kimi müəyyən edilib.

Bu əlaqələr qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanmasına və Strategiyanın daha səmərəli icrasına şərait yaradır.

- Ümumilikdə, Strategiyanın icrası üzrə indiyədək əldə olunan əsas nəticələri necə qiymətləndirirsiniz?

- Artıq Strategiyanın icrasının ilkin nəticələri aydın görünür. Bunun bariz nümunəsi kimi “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin “Hökumətlərin Süni İntellektə Hazırlıq İndeksi”ni qeyd etmək olar.

2025-ci ilin hesabatına əsasən, Azərbaycan həmin indeksdə 2024-cü illə müqayisədə 41 pillə irəliləyərək 111-ci yerdən 70-ci yerə yüksəlib.

Bu göstərici həyata keçirilən islahatların, institusional hazırlığın və insan kapitalının inkişafına yönəlmiş tədbirlərin real nəticə verdiyini təsdiqləyir.

Qarşıdakı əsas hədəfimiz bu dinamikanı davam etdirmək, süni intellekti ölkəmizdə dayanıqlı inkişafın, rəqabətqabiliyyətli iqtisadiyyatın və səmərəli dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir.

Bu, uzunmüddətli və mərhələli prosesdir. Biz bütün maraqlı tərəflərlə birlikdə bu istiqamətdə sistemli şəkildə irəliləməyə davam edəcəyik.