Qazanılan nəticə Azərbaycanda batut gimnastikasının inkişafının göstəricisidir - Dmitri Poliaruş Müsahibə

Qazanılan nəticə Azərbaycanda batut gimnastikasının inkişafının göstəricisidir - Dmitri Poliaruş

Fevralın 15-17-də Milli Gimnastika Arenasında Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə Texniki Komitəsinin üzvü Dmitri Poliaruşun rəhbərliyi altında Azərbaycan Gimnastika Federasiyasının tədris proqramına əsasən batut gimnastikası üzrə 1-ci səviyyə üçün (5-7 yaşlı gimanstlarla çalışan məşqçilər üçün) məşqçilik kursları keçirilib. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Olimpiya məşqçisi, iki Olimpiya Oyunlarının iştirakçısı, batut üzrə 6 qat dünya çempionu, 7 qat Avropa çempionu, 20 qat Dünya Kubokunun qalibi olmuş belaruslu mütəxəssisdən müsahibə alıb. Trend müsahibəni təqdim edir.

- Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa paytaxtımızda batut üzrə keçirilən məşqçilik kursları barədə ətraflı məlumat verərdiniz.

- Bakıya tədris kursları keçmək üçün dəvət olunmuşam. Düşünürəm ki, bu, Azərbaycan Gimnastika Federasiyası tərəfindən həyata keçirilən gözəl təşəbbüsüdür. Bu kurslar məşqçilərin yetişdirilməsinə imkan yaradacaq. Təbii ki, həmçinin ölkədə batut gimnastikasının inkişafına kömək edəcək. Ümid edirəm ki, kurs iştirakçıları buradan razı halda gedəcəklər. Ümid edirəm ki. onlar əldə etdikləri bilik və bacarıqları Azərbaycanda batut gimnastikasının inkişaf etdirilməsi üçün istifadə edəcəklər.
Beynəlxalq federasiyanın nümayəndəsi kimi dünyada batut gimnastikasının inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

Batut dünyanın 50-dən çox ölkəsində inkişaf etdirilir. Olimpiya idman növü kimi 2000-ci ildən etibarən Sidney Olimpiadasının proqramında yer alıb. Dünyada batutla məşğul olanların sayı şübhəsiz ki, günü-gündən artır. Bütün qitələrdə inkişaf var, Afrika qitəsi də daxil olmaqla. Sözsüz ki, 90-cı illərlə müqayisə etsək, böyük inkişaf hiss olunur. Əlbəttə ki, bu növ dünyada daha çox populyarlıq qazanıb. Məşqçilər, mütəxəssislərin də sayı artıb ki, bu da dünyada batut idmanının inkişafına öz təsirini göstərir.

- Azərbaycanda batut gimnastikasının inkişafını necə dəyərləndirirsiniz?

- Azərbaycanda batut gimnastikası yeni inkişaf edən idman növüdür. Biz burada batut gimnastikasının ildən-ilə daha da inkişaf etməsinin şahidi oluruq. Əldə olunan nəticələrə əsasən biz bunu deyə bilərik. Bugünlərdə başa çatan Dünya kubokunu nümunə göstərə bilərik. Azərbaycanın qadınlar arasında təmsilçisi ikinci yerə layiq görüldü. Bu, batut gimnastikası üzrə Dünya kubokları tarixində qadınlar arasında qazanılan ilk medaldır. Bu, əlbəttə ki, əla nəticədir. Qazanılan nəticə Azərbaycanda batut gimnastikasının inkişafının göstəricisidir. Bu, həmçinin federasiyanın bu idman növü ilə bağlı gördüyü uğurlu işlərlə bağlıdır. Uğurlu nəticələr qazanılırsa, bu o deməkdir ki, hər şey yaxşı gedir, bu sahədə irəliləyiş var. Ümid edirəm ki, Azərbaycan 2024-cü il üçün Olimpiya Oyunlarına vəsiqə əldə edəcək və Olimpiadada iştirak edəcək.

- Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.

- Mən demək olar ki, bura hər il gəlirəm. Mən Azərbaycanın, Azərbaycan isə mənim dostumdur. Mən bura səfər etməyi çox xoşlayıram. Burada hər şey gözəldir, insanlar qonaqpərvərdirlər, bütün insanlar xoş, mehriban və eyni zamanda, çox çalışqandırlar. Bu, məni çox heyrətləndirir. Hətta federasiyada olanda şahidi olursan ki, onlarla insan günlərlə dayanmadan işləyir. Eləcə də zala daxil olduqda məşqçilərin uşaqlarla fasiləsiz işlədiklərini görürəm. Əlbəttə ki, bütün bunlar insanda xoş təəssüratlar yaradır. Demək istəyirəm ki, təkcə Bakı şəhərinə gəlmək deyil, həmçinin federasiyanın uğurlu işinə baxmaq mənim üçün həmişə xoş olub. Necə deyərlər, nəticələr özü danışır və təkcə batut gimnastikasında deyil.

- Yüksək titullara malik idmançı kimi gənc batutçulara nəyi tövsiyə edərdiniz?

- Məsləhətim odur ki, hər şeydən əvvəl, məşğul olduqları işi sevsinlər, ondan həzz almağı bacarsınlar. Əks halda, uğurlu nəticə qazana bilməzlər.