Berlində “Uşaqlar üçün Osman Türkay” kitabının təqdimatı olub Ədəbiyyat

Berlində “Uşaqlar üçün Osman Türkay” kitabının təqdimatı olub

Fevralın 16-da yazıçı, sosioloq və sənədli film rejissoru Semra Eren-Nijharın hazırladığı son kitab - “Uşaqlar üçün Osman Türkay”ın (“Çocuklar İçin Osman Türkay”) şair Osman Türkayın doğum günündə, Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Almaniya Təmsilciliyi himayəsində Berlində təqdimatı keçirilib.

Beynəlxalq Şairlər Akademiyası tərəfindən “Milenyum Şairi” seçilən və iki dəfə Nobel Ədəbiyyat Mükafatına namizəd göstərilən şair, ozan və tədqiqatçı O.Türkayın poeziyası üzərində uzun illər çalışan Osman Türkay üzrə mütəxəssis Semra Eren-Nijharın xüsusilə uşaqlar üçün tərtib etdiyi yeni kitabı böyük maraqla qarşılanıb.

Təqdimat gecəsində Türkiyənin Berlin Baş konsulu İlker Okan Şanlı, Azərbaycanın Berlin səfirliyinin müşaviri Samir Rzayev, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və incəsənət ictimaiyyətindən çoxsaylı qonaqlar iştirak ediblər.

Gecənin açılış nitqini KKTC Almanya Təmsilciliyinin rəhbəri Emine Andiz Ertürk edib. O bildirib ki, O.Türkay təkcə Kipr türk ədəbiyyatı baxımından deyil, dünya ədəbiyyatı üçün də mühüm simadır. Ertürk vurğulayıb ki, şair əsərlərində Kipr xalqının yaşadığı ağrıları, sevincləri, mübarizəni və vətən sevgisini universal dillə ifadə edib və onun doğum günündə belə mənalı tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyduqlarını qeyd edib.

Daha sonra çıxış edən Semra Eren-Nijhar bildirib: “Osman Türkay Almaniyanın Johann Wolfgang von Goethesi, Çilinin Pablo Nerudası və İngiltərənin William Shakespeareidir. Lakin təəssüf ki, biz onu yetərincə tanımır və tanıtmırıq.”
Bu səbəbdən “Uşaqlar üçün Osman Türkay” kitabını hazırladığını deyən müəllif, böyük şairin yaradıcılığının kiçik yaşlardan uşaqlara tanıdılmasının vacibliyini vurğulayıb. O, başda Kipr olmaqla, London və digər şəhərlərdə Osman Türkay evlərinin və ya institutlarının açılmasının zəruriliyini diqqətə çatdırıb.
Tədbirdə Berlinli ədəbiyyatsevərlərlə yanaşı, Londondan Limasollular Dərnəyinin sədri Arife Retvan, dərnək üzvləri və İngiltərə Kipr Türk Dərnəkləri sədr müavini Duyğu Tağmaç da iştirak ediblər.