Çağdaş poeziyada şəhidlik mövzusu Ədəbiyyat

Çağdaş poeziyada şəhidlik mövzusu

Müstəqillik dövrü Azərbaycan poeziyası üçün səciyyəvi olan mövzulardan biri şəhidlik konseptidir. "Şəhidlik" bir məna hadisəsi, semantik dəyər, düşüncə konsepti kimi dərin tarixi köklərə malikdir. "Şəhid" sözü ərəb-islam mənşəli olsa da, şəhidlik islama qədər də milli tariximizin şərəfli hadisəsi olub.
Azərbaycan tarixi ta qədimlərdən indiyə qədər vətən, millət, din, el-oba, ailə uğrunda şirin canından keçən qəhrəmanların adı ilə zəngindir. Bu uca məqam ulu abidəmiz "Kitabi-Dədə Qorqud"da öz izlərini aydın şəkildə saxlamışdır. Məsələn, eposun "Salur Qazanın evi yağmalandığı boyı bəyan edər" adlı ikinci boyunun axırında oğuzlarla onların düşmənləri olan kafirlər arasında böyük savaş olur. Savaşda beş yüz oğuz igidi şəhid olur: "On iki bin kafər qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldı".
Çağdaş poeziyamıza şəhidlik movzusu əsasən qanlı 20 Yanvar hadisələ¬rindən sonra daxil oldu. Belə ki, 1990-cı ilin 19-dan 20-nə keçən yanvar gecəsi baş verən hadisələr insan ağlına gəlməyəcək dərəcədə vəhşiliklə, qansızlıqla hə¬yata keçirilmişdi. Ramiz Məmmədzadənin "O gecə" poeması 20 Yanvar faciəsini tez bir zamanda xalqımıza çatdıran o dövrün ən populyar əsərlərindən idi. Poema kitabça şəklində 1991-ci ilin əvvəllərində 100000 (bir yüz min) tirajla çap edilib yayıldı:

Nə qara, nə müdhiş gecəymiş, Allah!
Biz hardan biləydik necəymiş, Allah!
Qapqara güllələr, odlar, silahlar
Axıb tökülübmüş gül şəhərimə.
O gecə fəryadlar, amanlar, ahlar...
Od vurdu bir qara yel şəhərimə.

O qara, müdhiş gecənin gətirdiyi fəlakətlər heç zaman unudulmadı, unu¬dulmayacaq da. İnsan ləyaqətini alçaldan, bəşəriyyətin tarixinə qara ləkə kimi həkk olunan o gecənin dəhşətlərinin təsvir edilməsi Azərbaycan poeziyasının üzərinə böyük məsuliyyət qoydu. "O qara gecə" ifadəsi ilə şair folklorumuzda olan qara rəngin nüvəsində bir qara kabusun, xaosun gizləndiyinə işarət edirdi. O faciənin rəngi qara olmasaydı, şair gecəni romantik bir şəkildə, deyək ki, aylı gecə kimi təsvir edərdi. Lakin o gecənin rəngi qara olduğu kimi gətirdiyi fəlakət də qaraydı, qara bayraqlar ilə müşayiət olunurdu. Təsadüfü deyil ki, bu gün də şairlərimiz o gecənin dəhşətlərinin təsiri altında şəhidlik zirvəsinin bədii ob¬razını elə qara rəngdə yaratmağa çalışırlar.İlyas Tapdığın "Bir şəhiddir ürəyim" şeirində o müdhiş gecənin dəhşətləri təsvir edilib:

Unudula bilərmi o gecəki səhnələr?
Bağlanmışdı Bakının qolları əsir kimi;
Tankların tırtılında od püskürdü sinələr,
Cəsədlər yastılandı qanlı bir həsir kimi.

Burada qan rəngli bulud, zülmət, Bakının başına bağlanan qara yaylıq, yerlərin dediyi ağı, göylərin göz yaşı şəhidlik konseptinin birbaşa folklordan gələn semantik çalarlarıdır.
Şairlərimiz bir-birinin ardınca Azərbaycanın haqq səsini, harayını, ağrı¬sını, acısını özünəxas ifadələrlə poeziyamıza gətirdilər. 1990-cı ilin 19-dan 20- nə keçən şənbə gecəsində Bakıda törədilən vəhşət və dəhşətin acıları unudulma¬yıb. O gecə Azərbaycanın haqq səsini boğmağa çalışanların zülmünün, qəd¬darlığının üstündən haqqa yol açan, körpü salan soydaşlarımız mənəviyyat dün¬yamızın tarixləşdirdiyi Şəhidlik zirvəsini fəth etdilər.
20 Yanvar gecəsində şəhid olanların əksəriyyəti Bakının dağüstü parkında dəfn edildi. Yan-yana dəfn edilmiş şəhid qəbirlərinin yerləşdiyi məkana "Şəhidlər Xiyabanı" adı verildi. Bu məkan müqəddəs and yerinə çevrildi. Milyonlarla insan şəhidlər xiyabanını ziyarət etdi və bu ziyarət ənənəyə çevrildi. Şəhidlər xiyabanını ziyarət edən Bakı kəndlərinin əhalisi həyətyanı sahələrində yetişdirdikləri qırmızı qərənfillər ilə şəhidlər xiyabanını, şəhidlərin qanı axmış hər küçəni, səkini, 20 Yanvar metro stansiyasının ətrafını bəzədilər.
O şənbə gecəsində əliyalın, silahsız ölümün üstünə gedən Vətən övladla¬rının amansızcasına gülləbaran edilməsi ürəkləri sızladır, yandırırdı. Xalq şairi Qabil 20 Yanvar şəhidlərinə yas tuturdu:

Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.

Hüseyn Razinin "Şəhid qəbirləri" şeirindən nümunə gətirdiyimiz bu parçada o vaxtkı mənzərə tam dolğunluğu ilə gözlərimiz qarşısında canlanır. Burada xalqın düşüncə tərzinin, bu tərzin folklorda öz işarəsini tapan kodları özünü göstərir. Adətən, həyatdan nakam, cavan getmiş insanların qəbirlərinin üstünə al qırmızı, yaşıl rəngli gül-çiçək dəstələri qoyulur, başdaşına qırmızı lent bağlayırlar. Şəhid qəbirlərinin üstünə qırmızı qərənfillərin düzülməsi bu ənə¬nənin davamı kimi anlaşılır. Burada qırmızı rəngin əski ritual-mifoloji simvo- likası özünü göstərir.
"Ağ-qırmızı-qara" rəng triadasının folkorda kosmos-xaos modelini işarə etməsini aşkarlamış S.Rzasoy yazır: "Qırmızı- ritual-mifoloji düşüncə mode¬lində dünyanın hissələrini işarələyən üç əsas rəngdən biri olub, qadınlarla bağlı¬dır. Mifdə ağ rəng - kosmosu və kişi başlanğıcını, qara rəng - xaosu və ölümü, qırmızı rəng - kosmosla xaos arasındakı aralıq dünyanı (təmas sahəsini) və qa¬dın başlanğıcını bildirir. Bu, "Dədə Qorqud"dakı ağ, qırmızı, qara çadır obraz-kompleksi ilə də təsdiq olunur. Bu halda "qırmızı don" obrazında "qırmızı" və "don" işarələrinin mənaları bir-birini tamamlamaqla yenidən doğuluşu bildirir. Don - yenidən doğuluş mexanizmi (aləti, aparatı), qırmızı - həmin mexanizmin mənsub olduğu kosmoloji sahəni təyin edən işarədir".
Beləliklə, ağ rəng - həyatı, bu dünyanı, qara rəng - ölümü, o biri dünyanı, qırmızı rəng isə - həyatla ölüm, bu dünya ilə o biri dünya arasındakı keçidi bildirir. Bu nöqtə bizə həyatdan nakam, cavan getmiş insanların qəbirlərinin üstünə al qırmızı çiçəklərin qoyulmasının, başdaşına qırmızı lent bağlanmasının mənasını aydınlaşdırır. Bu cəhətdən qərənfil, sadəcə, bir gül olmayıb, milli düşüncədə xüsusi mənaya malik folklor kodudur.
Qeyd edək ki, belə ümumi mənzərəni əks etdirən şeirlərlə yanaşı, ayrı-ayrı 20 Yanvar şəhidlərinə də şeirlər həsr edilir, hər bir şəhidin fərdi qəhrəmanlıqları təsvir edilirdi. Asif Asimanın "Səndən danışır" şeiri 20 Yanvar şəhidi Babayev Rahim Vaqif oğluna ithaf edilib:

Qəlbini tərk etmədi, zərrətək Vətən andın,
Eşqinin atəşinə, oduna arxalandın.
Yağı düşmən önündə, həmişə sərt dayandın,
Mərdliklə sinə gərdin, hər çətinə, ay Rahim!

Hidayətin "Qələmini qanına batıran şair" adlı şeiri də o günlərin acı, lakin həm də qürurverici ovqatından yarandı. Bu könül nəğməsi də 20 Yanvarda şəhid olmuş Ülvi Bünyadzadəyə həsr olunub:
Sağlığında gəlmədin...
Bilmədim bir şair var - Qələmini qanına batırıb yazar.
Düzər misralarını
"Azad Azərbaycan!" adlı arzuların dağına.
Böyük Vətən müharibəsində şəhid olan əsgərlərimiz öz qanları ilə səngər divarlarına son sözlərini yazırdılar. Kinofilmlərdə yer alan bu cür hallar xalq yaradıcılığında "qanla qazanılmış azadlıq" ifadəsi kimi formalaşmışdır. Hidayət bu məzmunlu ifadələrdən bəhrələnərək "qələmini qanına batırıb yazar" obrazlı deyimi ilə şair şəhidin şücaətini vəsf edib.
Sabir Rüstəmxanlı "Ölümün görüşünə gedən qız" şeiri ilə gənc ömrünü Azərbaycanın azadlığı yolunda fəda etmiş Vətən qızının mətin iradəsini gözlə¬rimiz qarşısında sərgiləyir. Bu günə qədər yaxasına əl dəyməmiş bakirə qızın döşlərinin arasından dəyən güllə yarasından axan qırmızı qan orada açılan qızıl gülləri xatırladır. Həsrətin "Vətən oğullar" şeirində şəhid olan oğulların hər birinin Vətənə çevrilməsindən söhbət açılır. Qeyrətə, namusa and içib, azadlıq eşqiylə döyünən ürəklərini 20 Yanvar gecəsində məşələ döndərən, haqq işi uğrunda ölümün gözünün içinə dik baxan şəhidlər bir ölməzlik qazandılar:

Axdı şəhidlərin günahsız qanı,
Bu xəbər bürüdü Azərbaycanı.
Azadlıq yolunda şirin canını,
Vətənə verdilər Vətən oğullar.

Müasirlərindən fərqli olaraq Məmməd Araz poeziyası öz cəsarətiylə meydana atıldı. Fiziki cəhətdən zəif, ruhən sağlam və güclü olan şair göz yaşlarının içində soydaşlarını dəyanətli, mərd, mübariz, qürurlu olmağa səslədi:

Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
Xalqımız zaman-zaman yadelli işğalçılara qarşı vuruşubdur. Döyüşlərdə qazanılmış ənənəvi rituallar var. O rituallardan biri də "qanlı köynək" ifadəsi ilə əlaqəlidir. "Kitabi-Dədə Qorqud"dan belə gələn "qanlı köynək" ifadəsi ilə şəhidin yeri, məqamı bilinməkdədir. Təbii ki, qanlı köynək geyib vuruşa getmək şəhidliyi könüllü olaraq qazanmaqdır. Ancaq unutmaq olmaz ki, bu qanlı köynəyin arxasında şəhidlərin qanına bulanmış bayrağımız dayanır. Hər şəhidin qanlı köynəyi bayrağımızın al rəngini bir az da qatılaşdırır, insanlara azadlıq, Vətənimizə müstəqillik bəxş edir.
Bu dövrdə şəhid analarının dərdi poeziyada öz əksini tapır. Dərdi ilə ucalan, dərdi ilə qürur heykəlinə çevrilən analar haqqında Fikrət Qoca yazır:

Dərd daş atar, ayna sınar,
Sınar evin sonası da,
Dönər şəhid anasına
Dünyaya gələr analar.

Ayna sınması ənəvi düşüncədə, xalqımızın inanclar sistemində bədbəxtlik, "bəxtin bağlanması" əlaməti sayılır. Gəlin köçəndə ona verilən bəxt aynasını möhkəm-möhkəm qoruyarlar ki, nəyəsə dəyib sınmasın. Amma bu anaların bəxt aynasını düşmən güllələri sındırıbdır. Şeirdə ifadə olunan bu fikirdə bəxt aynası sınan qadınların şəhid anası kimi doğulması bir ümid işığı kimi diqqəti cəlb edir.
Bəxtiyar Vahabzadənin "Şəhid anası" şeiri cəmiyyətimizdə mövcud olan nadanlara qarşı ibrət dərsi vermək məqsədi daşıyır. Müşkülünü həll etmək istəyən Şəhid anası bir məmurun qapısını döyür. Amma o qapı açılmır, Şəhid anasının dərdini başa düşmək istəməyən məmur şəhid qanlarının üstündə rahat kreslosuna əyləşib fırlanır, əylənir və o uca, saçları ağarmış ananın şəhid oğlunun məzarında ruhu od tutub yanır…

Şəhidi şəhidlik mərtəbəsindən
Endirir ananın giley-güzarı.
Bizdən komək uman dərdli səsindən
Alışıb yanmazmı şəhid məzarı?
Ana qapılarda dilənir bu gün,
Oğul şəhid olmuş, yoxsa, bununçün?


Nizami Muradoğlu
filologiya üzrə elmlər doktoru