"İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans Ədəbiyyat

"İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans

Dekabrın 2-də AMEA-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak edirlər.
Konfransı giriş sözü ilə açan AMEA vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə rəhbərinin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini şairə verilən yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb. Konfransda Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev və Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov mövzu ilə bağlı çıxış ediblər.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə "Heykəltəraşlıq sənətində Nəsimi obrazı" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan incəsənətində Nəsiminin bədii obrazının yaradılmasının milli mədəniyyətimizə ən gözəl töhfə olduğunu vurğulayan Ərtegin Salamzadə qeyd edib ki, Nəsimi obrazı təkcə heykəltəraşlıqda yox, eləcə də rəngkarlıqda, xalça sənətində öz əksini tapıb.
Konfrans çərçivəsində Özbəkistan Rəssamlıq Akademiyasının K.Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutu ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Dekabrın 3-dək davam edəcək konfransda "İmadəddin Nəsimi və Azərbaycan musiqisi", "Qazaxıstan təsviri sənətində Abay obrazı", "Nəsimi yaradıcılığı kitab qrafikasında", "Nəsimi poeziyası muğam-ozan ifaçılığı kontekstində", "Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü" və digər mövzularda məruzələr dinləniləcək.