

Əbülfət Mədətoğlunun poeziyası haqqında fəlsəfi düşüncələr
Ön söz
Çoxdan izlədiyim Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında əlimə qələm alanda saysız-hesabsız ştamplaşmış, daşlaşmış bədii ədəbiyyatın nəzəriyyələrinin, fəlsəfi ideyaların yolayrıcında durub fikrə getdim. Bu nəzəriyyələrin, ideyaların heç biri əl vermirdi. Bəs, Əbülfətin yaradıcılığına hansı gözlə yanaşım?! Qərara gəldim ki, kreativ şəxsiyyətlərin yaradıcılığına baxışın və təhlilin ən obyektiv yolu onun öz gözüdür. Gəlin, Əbülfətin bədii yaradıcılığını fəlsəfi düşüncə tərzində, onun öz gözü ilə nəzərdən keçirək.
Ağrılı çəkdiyim, dərdli çəkdiyim
Bu boyda Bakıda dərddi çəkdiyim,
Mənim azadlıqda şərti çəkdiyim,
Cəzanın adını çəkənlər bilər.
Lirika
Lirika nədir? Qədim Yunanıstanda, o cümlədən Qərbdə poeziya nümunələri - sonet, oda, elegiyalar və s. lira musiqi alətinin sədaları altında oxunduğu üçün onlara lirika deyirdilər. Qərbdə poeziya ilə liranın melodiyasının vəhdəti də ecazkar təsir qüvvəsinə çevrildiyi kimi, Şərqdə də Əbülfət Mədətoğlunun poeziyası tarla, kamanla, sazla vəhdətdə səslənir. O, tar kimi haray salır, kaman kimi inləyir, saz kimi ruha hopur. O, Qurban Pirimovu, Habil Kamanı, Ədaləti xatırladır. Onun lirikasındakı insanlar da, onların məhəbbət və nifrəti də, təbiəti də, orada ağacların yarpaqlarının xışıltısı, gül-çiçəklərin ətri də təkrarolunmazdır.
Ağacların nəğməsini
yarpaqlar oxuyur,
Yarpaqların nəğməsini
küləklər…
çiçəklər,
ləçəklər…
Oxuyur
Günəşdən öncə,
arılar,
sonra da kəpənəklər…
Günəşsə yuyunur şehdə.
Qəlbləri əvvəl
duyğu danışdırır…
sonra da
qələm, kağız.
Ürəklə kağızın arasında
hər kəsdən
deyilməmiş
söz qalır
bir ağız…
***
Dilimizdə obraz surət, şəkil kimi anlaşılır. Əbülfətin yaradıcılığı bundan imtina edir. Onun obrazları, həyatdakı həqiqətlərlə eyniyyət təşkil etmir, onların surəti və ya şəkli deyil, özünün təkrarolunmaz duyğularının, düşüncə, qavrayış tərzinin şeir məhsuludur.
Gülüm,
əllərim dibçək,
saçların
ovcumda açmış çiçək…
yüz il bundan sonra da
tellərinin sayını
soruşan olsa,
əllərim su kimi içəcək!..
və yaxud
Dərdin
Böyüyü-kiçiyi olmur,
Dərdin ölçü vahidi
Ürəyin tutumudu…
Dərd - dadı damağından,
Ağrısı canından getməyən
Ömrün
Bir turşməzə tumudu.
Baş-başayıq onunla…
***
Allah saysız-hesabsız canlı-cansız varlıqlar yaradır, lakin onların heç biri digərinin tam eynisi deyildir. Hər birini birləşdirən ümumi cəhətlər olduğu kimi, ayıran, fərqləndirən xüsusi cəhətlər də var. Van Qoqun "Günəbaxan" rəsmi həm təbii günəbaxandan, həm də ona qədər çəkilən minlərlə günəbaxandan xüsusi duruş, görünüş tərzi, rəngləri ilə fərqlidir. O günəbaxan daha çox enerji saçır, işıqlıdır, orijinaldır, təkrarolunmazdır, unudulmazdır. Hətta harda, ilin, günün hansı vaxtında, kim tərəfindən çəkildiyini açıq-aydın söyləyir. Yaradıcılıq, bədii estetik yaradıcı düşüncənin məhsulu budur!
Mən səhəri göy üzündə açmışam
Ulduzları saya-saya baxışla...
Hörüyünə bir bənövşə taxmışam -
Yuxudaydın, oyatmadım... bağışla!
Özüm, sanki üzülmüş bir yarpağam
Duman qoymur sənə tərəf, yar, baxam...
Nə əlim var, nə əlində, yar, yaxam -
Seçəcəksən məni hansı naxışla?
Məhəbbətdi ruhum - özəl mənbəyim,
Təbiidi yana-yana sönməyim...
Qadağandı ürəyinə dönməyim -
Dönəcəyəm kirpiyinə yağışla...
***
Deyirlər, "Dünya bir pəncərədir, hər gələn baxıb gedər". Həmin pəncərədən hər kəs öz gözü ilə görür, öz duyğuları ilə qavrayır, gördüyünü paylayır. Rəssam rənglə, musiqiçi səslə, şair poeziya ilə. Orada ümumi cəhətlər nəzərə çarpmır, yalnız xüsusi, məxsusi rənglər, səslər, poetik ifadələr görünür, eşidilir, beyinlərə hopur, gələcəyə, uzunömürlülüyə yol tapır.
Hönkür-hönkür ağlayıb,
Boşaltdım ürəyimi.
Batırdım göz yaşıma
Əl boyda çörəyimi
Kasıb süfrə açmışdım, kasıb…
və yaxud
Ucalıq qəmin çəpəri,
Tükənir dizin təpəri…
Günün ən acı xəbəri -
Bu telefona zəng çatmır!
Bu fikirlər Əbülfətin poeziyası ilə
Metafora
Əbülfət Mədətoğlu poeziyası nəql, vəsf, nifrət, ifşa, çağırış, üsyan etmir, o, imperativ deyil, onda notemika, pafos yoxdur. Sadəcə, hiss-həyəcanlarının duyğu ilə qavrayışını poetik dillə ifadə edir. O, formaca adi görünsə də, ideya və məzmunca həyat həqiqətlərini, reallığı ifadə etsə də, deyim tərzi özünəməxsus obrazlı metafordur. Onun lirikası fəlsəfəsi, fəlsəfəsi lirikasıdır. Təbiətən də axar bulağın şırıltısını, musiqidə ecazkar kamanın iniltisini xatırladır.
Dedim sənin yanında
Heç nə düşmür yadıma.
Səndən ayrılan kimi
Başlayır darıxmağa -
Ürəyim.
Dedim sənin yanında
Söz tapmıram danışım.
Ayrılanda həsrətlə
İmkan vermir barışım -
Ürəyim.
Dedim bunun sonu nə -
Yolu hara qədərdi?
Bu görüşlər bəhanə,
Yaşadığım kədərdi -
Ürəyim!
Dedim son da əvvəldi,
Dözəcəm sona kimi.
Çatlasa, həsrətindən,
Yanacaq qana kimi -
Ürəyim.
Dedim çaşıb qalmışam,
Bilmirəm, heç nə edim?!
Sənsiz mən hara gedim -
Ürəyim?
Dedim mən də dalğınam,
Ay arzum, ay diləyim,
Dənizsən, mən dalğanam
Ayır görüm, sən bizi,
Ürəyim, ay ürəyim!
***
Əbülfət Mədətoğlu hər zaman, hər yerdə özü olmağa çalışır. Şeirlərinin nöqtəsi yoxdur, ideyalar ən mükəmməl həndəsi fiqur kimi dövrə vurub, yeni, daha mükəmməl keyfiyyətdə oxucuya qayıdır, enerjisinə yeni enerji, ruhuna ruh, həyat eşqinə yeni eşq qatır.
Əslində,
hər şey sondu.
Və sondan
başlayır əvvəl...
Nəticə -
ilk addımın əksidi.
Hətta
belə də
demək olar -
məqsədin çəkisidi
sondan əvvələ
uzanan yol...
sanki seyr edirsən,
bircə unudursan ki,
hər zaman
özündən özünə
gözüyumulu
bütün
istiqamətlərdən
yol gedirsən.
və yaxud
Hərdən
üzüquylu düşüb
ölümümü
ağlamaq istəyirəm -
nə vaxt gələcəyini
bilməsəm də...
Hərdən
əllərimi uzadıb
tanrının
gözlərini
bağlamaq istəyirəm -
mənim necə
ağladığımı
gördüyünü bilsəm də...
İnsan və robot
Poeziya irrasional qavrayışa rasional dərketmədən daha çox önəm verir. Rasional təfəkkür dəqiq, quru, sxematik, elm, ağıl yoluna gedib, insanı robota, irrasional qavrayış isə insanın duyğu üzvlərini itiləyir, fantaziyasını qanadlandırır, hiss və həyəcanlarını coşdurur, həyat eşqini yüksəldir, hətta robot hazırlayan alimlərin robotlaşmasına əngəl törədir. Metafora, yaradıcı fantaziya, rasional təfəkkürlə irrasional qavrayışın, ağılla hiss və duyğuların balansını tənzimləyir.
Bu qədər
canım
sıxılmazdı əvvəllər -
bilməzdim ki,
nə canım var,
nə dərdim...
İndi
canım
sıxıldıqca
düşünürəm ki,
canım olmayan yerə
dərdimi
tərəddüdsüz
götürüb gedərdim -
bir az
rahatlanmaq üçün...
Və yaxud
Öldür məni sevə-sevə,
Göz yaşın gözümə yağsın.
Öldür, amma gülə-gülə
Gözlərin gözümə baxsın.
Dünyanın odun ələyim,
Canımı oda bələyim,
Özü od olan mələyim,
Bir dönüb üzümə baxsın...
Duyğu qalereyası
Əbülfət Mədətoğlunun poeziyası təbliğatçı, təşviqatçı, təşkilatçı deyil, təbiətin qanunları kimi təbii, sakit, sadə, təmkinli və bitərəfdir; öz strategiyası və trayektoriyası var. Bunu bilmədən və öyrənmədən ondan faydalanmaq çətindir. O, təbiətin və cəmiyyətin gözəlliklərini, ağrı-acılarını abstraksiya edərək ümumiləşdirib standartlaşdırmır, hamı üçün şablon, ştamp, trafaret, matrisa hazırlamır. O, duyğuların, hiss-həyəcanların açıq qalereyasıdır. Hər kəs onları öz gözü ilə görür və təbii duyğularının gücü müqabilində payını götürür.
Qaçdım,
qurtara bilmədim
dərdin əlindən.
Əvvəl ətəyimdən tutdu,
sonra ürəyimdən.
Yavaş-yavaş
ruhumu oxşayaraq
şirin vədlər -
səpələdi dilindən.
Mən də
üzüyumşaq -
aldana-aldana
bir də gördüm ki,
əlimdən çıxıb ürək...
və yaxud
Metro girişində
bir parça
karton üstündə
əyləşib
qucağında
əl boyda
körpəsi olan
bir qadın
çörəkpulu dilənir...
Görəsən,
Şirin öpüşlərin,
gizli görüşlərin
yaşayanda dadın -
heç ağlına
gətirə bilirdimi,
doğacağı uşağın
indiki həyatın,
bu gün
metro girişində
Allahın adıyla
dilənən qadın?!.
Vəhdət
Kainatda hər şey qarşılıqlı əlaqədə, vəhdətdədir. Dahi filosof və loğman Əli ibn Sina son nəfəsində bu sözləri təkrar etmişdi: Vəhdət! Vəhdət! Vəhdət!
Orta əsrlərdə, dinlərin hökmran olduğu dövrdə "proqres" sözü, anlayışı yox idi. Hər şey mütləq ideyanın iradəsindən asılı idi. "Ol" deyəndə olur, "öl" deyəndə ölürdü. Vəhdət isə yekcinsliyi qəbul etmir, o, xüsusi, təbii, zəruri, qüdrətli strategiya və taktika əsasında birləşmənin nəticəsidir. O, tərkibdir. Hər şey, bütün materiyalar, hətta millətlərin qan qrupu - DNT-ləri də tərkibdir. Heç kim düz xətlə bir tayfanın və qəbilənin qan qohumluğundan yaranmayıb.
***
Eksperimental fizikanın banisi Qalileo Qaliley (1564-1642) yeri-göyü tədqiq edib bu fikrə gəldi: hər şey əbədi hərəkətdədir, səbəb və nəticə əlaqəsinin məhsuludur. Əli ibn Sinanın "Vəhdət" sözü elmi təsdiqini tapdı. Bəs səbəb?
***
Alman klassik idealist fəlsəfəsinin nəhəng yaradıcılarından biri Georq Vilhelm Fridrix Hegel (1770-1831) vəhdəti əksliklərin mübarizəsində gördü. Beləliklə, əksliklərin mübarizəsi və vəhdəti qanunu yarandı.
Bu, ümumdünya akademik, milli universal qanuna hamımız inanmışıq. O, təbiidir, zəruridir, vacibdir, geriyə dönməzdir.
***
Əbülfət Mədətoğlunun çox maraqlı həyatı var. O, Azərbaycanın əzəli-əbədi tarixi torpağı - Qarabağın Xocavənd rayonunun məşhur Tuğ kəndində doğulub. Milli əksliyin əsrlərlə tüğyan etdiyi doğma ata-baba torpağında. Şair bu əksliklərin mübarizəsinə təbii qüvvə kimi baxır, axırda onun haqq-ədalətin rəmzi kimi vəhdətdə birləşməsinə şübhə etməməyə çalışırdı.
“Kür, Araz, Ararat, gözəldir bu həyat,
Qardaş olub Hayastan - Azərbaycan”.
- sözləri ilə cilalanmış mahnını eşidəndə duruxub fikrə gedirdi. "Kəndim" şeirində həmin hisslərini ifadə etdi. Bu onun ilk şeirlərindən biri idi.
Əlim daşına çatmır,
Daşını öpə bilmirəm.
Heç nə başımı qatmır.
Gözümə təpə bilmirəm,
Nə vaxtdır səni, kəndim.
Bu qışda "soyuğa" bax,
Əlim, üzüm üşümür.
Qar yağır, qardan da ağ
Xəyal durub, düşürmür -
Atından məni, kəndim.
İçimin göynərtisi
Soyadıma bəs edər.
Bu dərdin göynərtisi
Nəsillərə dərs verər
Dumanlı-çənli kəndim.
Bu öc düşmənə qalmaz
(Mənimtək oğul olmaz!)
Son kərə gülməmişəm.
Qoruya bilməmişəm
Ölüncə səni, kəndim.
Və yaxud
Kirsin dizi üstə qoyub başını,
Uyuyur, dünyadan bixəbər kimi.
Gözümü açandan, dağlar kəndimin
Qoruyur yuxusun bir sipər kimi.
Öz qara donunu geyər buludlar,
Çilər göz yaşını yola, irizə.
Yəqin, toz olmasın deyər buludlar,
Belə kövrəldiyin verməz büruzə.
Mürgülər dağ kəndim - mənim Tuğ kəndim,
Amma ki, yuxusu quş yuxusudur.
Şəhərin havası dəyişdi qəfil -
Yəqin, gələni var - kənd qoxusudur.
***
İllər beləcə keçir, Əbülfətin həyatının ən dəyərli anları ötüb-gedirdi. O, hərdən tarixi xatırlayıb, kəndinin taleyi haqda düşünürdü. Kəndinin yarısında azərbaycanlılar, digər hissəsində ermənilər yaşayırdılar. Bu iki əksliyin zaman-zaman təbii qüvvələrdən yan keçib iyrənc hal alacağını, vəhdətdə birləşməyəcəyini ağlına belə gətirə bilmirdi. Cəfər Cabbarlının əsərindəki Allahverdi ilə İmamverdinin üz-üzə durduğunu, hərdənbir barışdığını düşünüb qəti fikrə gələ bilmirdi. Arada güllə səsi gəlsə də, erməninin səsinə inanıb təskinlik tapırdı: "Atan kazaklardı".
"Yersiz gəldi, yerli qaç", "Gəmidə oturub gəmiçi ilə dava eləmək" kimi xalq məsəlini arabir xatırlasa da, əksliklərin mübarizəsinin mütləq vəhdətlə nəticələnəcəyi kimi təbii qanunun da gücünə güvənirdi. Buna baxmayaraq o güllənin kazaklar tərəfindən atıldığına heç vaxt qəti inana bilmirdi.
Ola bilsin ki, bu da Sovet təbliğatının acı nəticəsi idi. O nəticə də erməninin iç üzünün açılmasını gecikdirirdi. Nəhayət, pərdələr qaldırıldı və öncə söylədiklərim öz təsdiqini tapdı: yersiz gəldi, yerli qaçdı. Bu da şairin poeziyasında yeni səhifə açrı.
Mən səninçün heç vaxtı
Belə darıxmamışdım.
Adımı, soyadımı
Belə karıxmamışdım -
Doğulduğum əsir yurd...
Sən mənimçün adicə
Çəmən idin, bağ idin.
Meşəli, buz bulaqlı,
Şəlaləli dağ idin -
Doğulduğum əsir yurd.
İndi həsrət çəkdikcə
Qınayıram özümü.
Sənə qovuşmaq üçün
Qurban dedim gözümü -
Doğulduğum əsir yurd.
və yaxud
...Bir ev qoyub gəlmişəm
Açarları cibimdə.
Açarla oynayıram
Çadırların dibində.
***
Əbülfətin həyatının anları bir-birini əvəz edirdi. Ötən əsrin 80-ci illərində onu illər boyu düşündürüb rahat buraxmayan bir sıra müəmmalar tam çılpaqlığı ilə üzə çıxdı. Atan kazaklar deyilmiş, ermənilər və onların naxələf xisləti, nişangah kəndin azərbaycanlılar yaşayan hissəsi, yandırılıb külə döndərilən əksliklərin təbii, qüdrətli nəticəsi - vəhdət idi. Əbülfət Mədətoğlu yanan kəndini, ata-babasının yurdunun, evinin yandığını gözləri ilə gördü.
Yandı evim-eşiyim,
Yandı divarım, daşım...
İsit, qoyma üşüyüm,
İsit məni göz yaşım...
və yaxud
Bir qış nağılıdı bu qış gecəsi,
Şaxta da, sazaq da köhnə tanışım...
Təkcə evim yoxdu, balalarımı
Toplayıb başıma, nağıl danışım...
Əbülfət Mədətoğlunun özünün dediyinə görə, həyatının 33 anını xatırlayır. Lakin onların hamısını hələ ki qələmə almayıb. Kim bilir, o anlara həyat daha neçəsini əlavə edəcək. Şair əksliklərin daha neçə mübarizəsinin şahidi və iştirakçısı olacaq, daha neçə vəhdətin təntənəsini və qələbəsini görəcək. Hələ ki poeziyasının ən maraqlı məhsulları ilə inamla addımlayır, gedir.
Bəs o, indi haradadır, hara gedir?
Aramsız
güllə yağışı
bələyir torpağı
dəlib keçir
daşı,
otu
ağacı
yarpağı...
Bir igid
sol əliylə
sıxıb ürəyini
dizi üstə
qana boyanıb
barmağı -
ovcu qan dolu...
Sağ əliylə
tutub bayrağı
güclə dayanıb
baxır,
baxır
və bağırır: -
İrəli, qardaşlar, görünür
Şuşanın yolu!!!
***
Hər dəfə bu sualı özümə verəndə xəyalımda sürətlə şütüyən bir çapar canlanır. Qatardan irəlidə saysız-hesabsız insanlar inadkarlıqla onu istədikləri səmtə yönəltməyə çalışır. Bacarmır, naməlum tərəfə yönəlib, şikəst, çarəsiz halda qatarın ardınca söyüş söyməklə, qatardakıları təhqir etməklə, qarğımaqla, çığır-bağır salmaqla yalnız və yalnız dodaqlarının ətrafındakı havanı azacıq tərpətməyə nail olurlar.
Qatarın arxasında da böyük bir dəstə var. Onlar tənbəl-tənbəl hərəkət edir, hamı axtarır, yıxılıb-qalxır, yolda qalır, qatarı gözdən itirir, sonra özləri üçün dua etməklə, kimlərəsə nəzir-niyaz boyun olmaqla təsəlli tapırlar.
Onlar - qatarın qabağında və arxasındakılar kimlərdirlər? Birincilər özlərindən müştəbeh radikal, çılğın, xoleriklər, vsevodlar, "Çingizxanlar", "Napoleonlar"dır. Onlar, hətta qatarın zaman və məkanın qurduğu relslərdən kənara çıxarılmasının mümkünsüzlüyündən belə xəbərsizdirlər.
İkincilər maariflənməmiş məzlum kütlədir, hamı axtarır.
Bəs, qatardakılar kimlərdir? Burda mən Martin Haydeqqerlə razılaşmıram. Orada fitri istedadları ilə həyatda "özü olmağı bacaranlar"dır. Əksliklərin - yeniliklə köhnəliyin debatının qalibləri, işıqlı vəhdətin müəllifləridirlər; zaman və məkan ilə ittifaqda böyük gələcəyə doğru gedirlər.
Əbülfət Mədətoğlunu öz yaradıcılığı ilə birgə həmin qatarın içərisində görürəm.
Hüseynağa Qəniyev
filosof