“Gübrələrdən normadan artıq istifadə olunur” Siyasət

“Gübrələrdən normadan artıq istifadə olunur”

Qüdrət Həsənquliyev: “Hətta bəzi kənd təsərrüfatı məhsulları məhz bu səbəbdən xarici ölkələrə buraxılmır”

“Parlamentdə müzakirələrdə biz, millət vəkilləri olaraq adətən hər zaman diqqəti nöqsanlara yönəldirik və çalışırıq ki, problemlər aradan qaldırılsın. Amma görülən işləri də qeyd etməliyik. Mən Qida Təhlükəsizliyi Agentliyinin gördüyü müsbət işləri də qeyd etmək istəyirəm. Qanun layihəsini hazırlayan işçi qrupun üzvlərinə də öz təşəkkürümü bildirirəm. Ona görə ki, onlar həqiqətən də çox keyfiyyətli bir layihə hazırlayıblar”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, qida məshullarının keyfiyyətini yoxlamaq üçün agentliyin tərkibində laboratoriyalar var: “Mənim sadəcə birinci oxunuşun tələblərinə uyğun olaraq konseptual baxımdan təklifim ondan ibarətdir ki, müstəqil laboratoriyalar yaradılmalıdır.

Xatırlayırsınızsa müstəqil ekspetizaların yaradılması ilə əlaqədar vaxtilə qanun qəbul elədik ki, vətəndaşlar qəbul olunmuş qərarları mübahisələndirəndə alternativ laboratoriya da olsun ki, biz onu yoxlaya bilək.

Bu məsələ qanunvericilikdə də öz əksini tapsın. İkinci fəsil qida təhlükəsizliyi sahəsində dövlətin tənizmləməsi adlanır.

Bir də məni ən çox narahat edən məsələlərdən biri nədir?

Bir çox mütəxəssislərlə söhbət eləmişəm, hətta onlardan mənə müraciət edənlər də olub ki, Azərbaycanda son vaxtlar bizim otlaq sahələrinin imkan verdiyi həddən çox miqdarda mal-qara saxlanılır. Bu da ekologiyaya çox ciddi ziyan vurur. Avropa ölkələrində məhz otlaq sahəsinin həcminə görə fermerlərə icazə verirlər ki, onlar mal-qara saxlasın. Orada hətta otun tərkibi də yoxlanılır və.s. Heç bir fermer deyə bilməz ki, gedib kənardan yem alacağam, buna görə də artıq malı-qara saxlaya, heyvandarlıqla məşğul ola bilərəm. Onlara belə bir icazə verilmir. Azərbaycanda əlbəttə bəlkə də bu qanunun birbaşa tənzimlədiyi məsələ deyil, amma hesab edirəm ki, bu qanunda, qeyd elədiyim ikinci fəsildə biz nəyi nəzərdə tuta bilərik? İnsanlar son vaxtlar çox şikayətlənirlər ki, xüsusilə yay aylarında aran rayonlarında yetişdirilən qarpızın keyfiyyəti aşağı olur, zəhərlənmələr baş verir. Gübrələrdən normadan artıq istifadə olunur. Hətta bəzi kənd təsərrüfatı məhsulları məhz bu səbəbdən xarici ölkələrə buraxılmır. Biz bir çox hallarda onları Avropa ölkələrinə ixrac edə bilmirik. Buna görə də əlbəttə, burada fermerin məsuliyyəti var. Bizim Qida Təhükəsizliyi Agentliyi müvafiq sertifikat verməyə bilər və o ziyana düşə bilər. Amma dövlət olaraq bizim bundan qazancımız nədir? Əgər min hektarlarla ərazidə məhsul yetişdirilirsə və o məhsul faydasızdırsa biz dövlət və ölkə olaraq bundan ziyan çəkirik. Ona görə də maarifləndirmə işləri də ciddi şəkildə aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin də bu məsələdə bir məsuliyyəti olmalıdır ki, yəni vaxtında xüsusi braşurlar buraxılsın, fermerlərlə xüsusi iş aparılsın ki, hansı gübrədən nə qədər istifadə etmək olar? Torpaq ekspertizaya tədqim olunsun, torpağın tərkibi öyrənilsin ki, nə qədər gübrə verilməlidir. Bu işlər öncədən görülməlidir ki, biz, həmin torpaqlardan maksimum yararlana bilək. Yoxsa min hektarlarla ərazidə məhsul yetişdirilsin, sonra da o məhsul keyfiyyətsiz olsun. Yəni həm fermerlər, həm də dövlət ziyana düşür. O cümlədən də qeyd etdiyim kimi ölkəmiz, vətəndaşlarımız da bundan əziyyət çəkirlər. Yən bu iki məsələni diqqətdə saxlasınlar. İkinci oxunuşda da ehtiyac olsa konkret maddələr üzrə çıxış edib, öz fikirlərimi bildirəcəyəm”.

Əli Zülfüqaroğlu