Mərkəzi Asiyanı kim niyə qarışdırır? Siyasət

Mərkəzi Asiyanı kim niyə qarışdırır?

Turan Rzayev: “Bölgədə türk birliyi yolunda ciddi addımlar atılır”

Özbək mətbuatının yaydığı məlumata görə, Özbəkistan parlamenti ölkə Konstitusiyasına dəyişiklik layihəsində Qaraqalpaq Muxtar Respublikasının suverenliyi statusunun saxlanılması barədə qərar qəbul edib.Qeyd edək ki, yeni Konstitusiya dəyişikliyində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınması təklif edilirdi. Bu, etirazlara səbəb olmuşdu və ölkə Prezidenti Şövkət Mirziyayev sözügedən təklifin təkliflərdən çıxarılacağını bildirmişdi.
Mərkəzi Asiyada bu ilk etiraz dalğası deyil. Fərqli səbəblərdən olsa da bundan öncə Qazaxıstanda da ölkəni qarışıdrmaq cəhdləri olmuşdu. Maraqlıdır, Mərkəzi Asiyanı kim niyə qarışdırmaq istəyir?
Bununla bağlı “Xalq Cəbhəsi”nin suallarını politoloq Turan Rzayev cavablandırıb.
-Özbəkitsanda baş verən proseslərin pərdəarxası məqamları nədən ibarətdir?
-Özbəkistan parlamentinin ölkə konstitusiyasına dəyişiklik layihəsində Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyətinin əlindən alınmasını təklif edib. Konstitusiya dəyişikliklərinə etiraz olaraq qaraqalpaqlar muxtar respublikanın inzibati mərkəzi olan Nukusda nümayişlər keçirib. Hadisə ilə əlaqədar Özbəkistan Prezidenti Şövkət Mirziyayev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib. Mirziyayev Konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Bundan başqa Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.
Özbəkistanda baş verən hadisələrdə kənar təsirlərin rolunun olmadığını düşünmək sadəlövhlük olardı. Hesab edirəm ki, Özbəkistanda baş verən son hadisələrin pərdə arxasında Rusiya dayanır. Düzdür, Rusiya mediası ABŞ-a bağlı qeyri-hökumət təşkilatlarının Özbəkistanı qarışdırmaq istədiklərini yazsa da, bunun həqiqət payı yoxdur. Məsələ ondadır ki, Vaşinqtonun indiki məqamda Özbəkistanı qarşıdırması üçün elə də ciddi səbəbi yoxdur. Digər tərəfdən, Özbəkistanın müstəqil xarici siyasət yürütməsi Vaşinqtondan çox Kremli narahat edə bilər.
Aydın məsələdir ki, Özbəkistan Mərkəzi Asiyanın sayca ən çox əhaliyə malik türk respublikasıdır. 31 milyondan çox əhalisi olan Özbəkistan 448.978 kvadrat kilometr əraziyə malikdir. Yəni Qazaxıstandan fərqli olaraq ərazi və əhali balansı bu ölkədə qeyri-müəyyən deyil. Təkcə paytaxt Daşkənddə 2,5 milyon nəfər insan yaşayır.
Kreml yaxşı bilir ki, Özbəkistanda nə Qazaxıstan ssenarisi, nə də Tacikistan-Qırğızıstan gərginliyi bənzəri bir ssenarini işə sala bilməz. Daşkəndə təsir etmək üçün tək ssenari az qala bütün keçmiş sovet respublikalarının ortaq problemi olan seperatizmi alovlandırmaqla mümkün ola bilər.
Əslində Kremlin bu ssenarini işə salacağı öncədən bəlli idi. Belə ki, hələ Qazaxıstandakı iğtişaşların ilk günlərində Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistanın gələcəyi ilə bağlı "proqnozlar" vermiş oxşar hadisələrin Özbəkistanda da baş verə biləcəyini açıqca demişdi.
Təəssüf ki, Özbəkistan tərəfi Lukaşenkonun bu fikirlərinə həmin vaxt reaksiya verəmişdi və Lukaşenkonu Özbəkistanın daxili işlərinə qarışmaqda günahlandıraraq sərt reaksiya vermişdi.
Maraqlıdır ki, Lukaşenko bu gün Özbəkistanda baş verən proseslərə münasibət bildirərkən verdiyi "proqnozu" məmnunluqla təkrarlayıb və deyib: "O vaxt mən, indi baş verənlər haqda xəbərdarlıq edəndə Özbəkistan rəhbərliyi narazı qalmışdı. Özbəkistanın az qala yarısı olan Qaraqalpaqıstan artıq ayağa qalxıb. Özbəkistanı qarışdırırlar və orada indi qəliz situasiya yaranıb".
Proseslərdə Rusiyanın barmağının olduğunu göstərən digər bir fakt isə Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqıstanın “Özbəkistanın Krımı” kimi adlandırmasıdır. Rusiya Krımı ilhaq etdiyini nəzərə alsaq bu prosesdə də Kremlin payının olduğunu deyə bilərik.
-Proseslər nə ilə nəticələnə bilər?
-İndiki məqamda proseslərin necə bitəcəyini demək çətindir. Çünki proses böyüyə biləcəyi kimi, tez bir zamanda bitə də bilər. Təcrübə onu göstərir ki, Rusiyanın moderatorluğunda baş verən bütün proseslər qlobal mahiyyət almadan sakitləşir. Diqqət etdinizsə bitir demədim sakitləşir dedim. Məslə ondan ibarətdir ki, kreml bu kimi siyasi gedişlər edərək onun episentrindən uzaqlaşan ölkələrə göz dağı verməyi sevir. Xüsusi ilə ukrayan ilə muharibənin davam etdiyi bir zamanda bu kimi addımlar daha zəruridir.
Hesab edirəm ki, belə mənfi bir hadisənin baş verməsində Özbəkistan hakimiyyətinin də günahı var. Rəsmi Daşkənt kremlin gözlədiyi fürsəti qızıl sinidə ona vermiş oldu.
Mirziyayev Konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib. Hesab edirəm bu qaraqalpaqları sakitləşdirə bilər. Ancaq baş verən proses onu göstərdi ki, gələcəkdə qaraqalpaq problemi yenidən qabara və fəsadları indikindən daha ağır ola bilər.
-Baş verən hadisələr Mərkəzi Asiya Bölgəsinə necə təsir edəcək?
-Məsələ ondadır ki, son illərdə, xüsusilə türk birliyi yolunda atılan addımlar fonunda türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına edilən cəhdlər diqqət çəkir. Bir müddət öncə Qırğızıstanla Tacikistan arasında yaşanan gərginlik və ondan öncəki Qazaxıstanda baş verən etiraz aksiyaları buna misal ola bilər. Bu mənada Özbəkistanda baş verən hadisə həm Mərkəzi Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir.
Ümumiyyətlə Cənubi Qafqaz kimi, Mərkəzi Asiya da böyük dövlətlərin maraqları daxilindədir. Regionun Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərində olması, enerji resurları ilə zəngin olması, son illərdə bu regionu xüsusilə böyük güclərin diqqət mərkəzinə çevirib.
Baş verən hadisə indiki məqamda regiona elə də ciddi təsir etməyəcək. Ancaq gələckdə qaraqalpaq problemi münaqişə müstəvisinə keçə hətta Qazaxıstan ilə Özbəkistanı üz-üzə qoya bilər.
Məslə ondadır ki, Qaraqalpaq Muxtar Respublikasının Qazaxıstanla sərhədi mövcuddur və qaraqalpaq türkləri özbəklərlə yanaşı qazaxlara da yaxındırlar. 1930-cu illərdə Qaraqalpaqıstan Qazaxıstanın tərkibində olub.
Yəni gələcəkdə qaraqalpaqlar referendumla özbəkistanın təkibindən çıxıb Qazaxıstana birləşmək istəsə bu iki ölkəni muharibə vəziyyətinə gətirə bilər.
Ancaq Özbəkistanda qarışıqlıq Qazaxıstanın maraqlarına ziddir. Çünki bu həm beynəlxaq hüququn pozulması, həm də Qazaxıstanın separatçılara dəstək verməsi deməkdir. Bu zaman rusiyada istədiyi kimi Qazaxıstanın timsalında separatçılığı dəstəkləyə bilər. Məlum olduğu kimi Qazaxıstanın şimal vilayətlərində ruslar kompakt şəkildə yaşayır.
-Bu hadisələr türk dünyası ilə bağlı prosesləri təhdid edirmi?
-Özbəkistan KTMT üzvü deyil və Kremlin Daşkəndi təşkilata üzv etmək istəməsi hər kəsə bəllidir. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin 16 may tarixində Özbəkistanı yenidən rəsmi şəkildə KTMT-yə dəvət etdi. Özbəkistan isə hazırda Türkiyə və Azərbaycanla yaxınlaşmaqda Qərbə inteqrasiyada maraqlıdır. Özbəkistanın əvvəl Türkiyə, daha sonra Azərbaycan ilə hərbi əməkdaşlıq sazişi imzalamasını Rusiya həzm edə bilmir.
Mərkəzi Asiyada son illərdə Türkiyənin liderliyi altında yeni inteqrasiya prosesi, daha dəqiq desək türk birliyi yolunda ciddi addımlar atır. Bu proses dərinləşəcəyi təqdirdə, Kreml regiona təsir mexanizmlərini itirəcəyini anlayır.
Hadisənin türk birliyinə təsirinə gəlincə, prinsip etibarilə, Rusiya türk birliyinə qarşı deyil. Ancaq birliyin hərbi, siyasi və iqtisadi müstəvidə inkişaf edib güclənməsini də istəmir. Daha dəqiq desək Kreml türk birliyinin Qərblə arasında bufer zona olmasını istəsə də bunun gələcəkdə ona qarşı alternativ təhlükə olmasında da ehtiyat edir. Bu mənada Özbəkistanda baş verən prosesləri Rusiya, KTMT və Türk Dövlətləri Əməkdaşlıq Təşkilatı arasında ilk real sürtüşmə kimi də qiymətləndirmək olar...

Əli Zülfüqaroğlu