Allahşükür Paşazadə Tbilisidə II İliya ilə görüşüb Siyasət

Allahşükür Paşazadə Tbilisidə II İliya ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tbilisiyə iki günlük səfəri çərçivəsində Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan patriarxlığında baş tutan görüşdə tərəflər iki ölkə arasında dini-mədəni əlaqələr barəsində söhbət açıblar.
Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyunca mehriban qonşuluq əlaqələri mövcud olub və hər iki ölkənin xalqları arasında tarixən möhkəm dostluq münasibətləri çərçivəsində yaşayıblar.

Söhbət zamanı Allahşükür Paşazadə erməni din xadimlərinin revanşizmə çağırışlar etdiyini və gəncləri silahlandıraraq insanları öldürməyə çağırış etdiyini qeyd edib. O, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində İslam dininə məxsus abidələrlə yanaşı, kilsələrin də bərpa edildiyini diqqətə çatdırıb.

Patriarx II İliya isə öz növbəsində ziyarətdən məmnunluğunu ifadə edib və fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Qulliyev və səfirliyin əməkdaşları da iştirak ediblər.