“Həmsədrlər birbaşa və hamıdan çox məsuliyyət daşıyırlar” Siyasət

“Həmsədrlər birbaşa və hamıdan çox məsuliyyət daşıyırlar”

Mübariz Əhmədoğlu: "Həmsədrlər özləri qəsdən siyasi iradə nümayiş etdirmirlər"

"Rəsmi yayılan məlumatlarda və ekspert şərhlərində tez-tez səslənən mövqelərdən biri mühüm diplomatik addımlar ərəfəsində Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi vəziyyətin gərginləşməsi ilə bağlıdır". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, indi ATƏT MQ həmsədrləri də Azərbaycanın və Ermənistan Xarici İşlər Nazirlərinin görüşləri ilə Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttində hərbi insidentlərin intensivliyinin artmasını əlaqəli hesab edirlər: "Vasitəçilərin dinc tənzimləmə ilə bağlı irəli sürdüyü təşəbbüslərin dinamikasını izləsək aydın görünür ki, əvvəllər hərbi insidentlərin sayının artması ilə diplomatik təşəbbüslər arasında əlaqə yox idi. İndiki həmsədrlər rəsmən fəaliyyətə başladığı dövrdə qumbara və minaatanlardan istifadə olunmurdu. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində istifadə etdikləri silahların çapının artmasına vasitəçilərin fəaliyyəti və ya fəaliyyətsizliyi də şərait yaradıb. Erməni siyasətçilərinin qoşunların təmas xəttində baş verənlərə münasibəti hər şeyi deyir. Ermənistan-Azərbaycan sərhəddində yerləşən erməni kəndlərinə səfər edən erməni deputatları sübut etməyə çalışırlar ki, Azərbaycanın Ermənistanla həmsərhəd kəndləri boşalır. Bu, ermənilərin Azərbaycan kəndlərini atəşə tutmasının birbaşa sübutudur".
Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi regionunda indi yaranmış vəziyyətə görə, həmsədrlər birbaşa və hamıdan çox məsuliyyət daşıyırlar: "I. Həmsədrlər özləri qəsdən siyasi iradə nümayiş etdirmirlər. Azərbaycan və Ermənistan prezidentlərindən siyasi iradə nümayişini tələb etmənin ən yaxşı yolu vasitəçilərin özlərinin siyasi iradə nümayiş etdirməsidir:
a) Amerikalı həmsədr Uorlik Yenilənmiş Madrid Prinsiplərinin bəzi maddələrinin izahını verərkən Ermənistan və Azərbaycan ictimaiyyətində böyük canlanma müşahidə olundu. ATƏT MQ həmsədrləri Yenilənmiş Madrid Prinsiplərinin bütün prinsip və maddələrinin izahını verməklə Azərbaycan və Ermənistan cəmiyyətlərini münaqişənin tənzimlənməsində real vəziyyətlə tanış edə bilərlər. Bununla da həmsədrlər hər iki cəmiyyəti real dialoqa çağırmış olarlar. Bu isə hər iki cəmiyyəti sülhə hazırlamağın əsas metodudur. Həmsədrlər bu günədək Yenilənmiş Madrid Prinsiplərinin rəsmi təfsirini verməyiblər. Azərbaycan cəmiyyətində Yenilənmiş Madrid Prinsiplərinin bütün maddə və prinsiplərinin izahı dəfələrlə verilib. Azərbaycan Prezidenti İlham Əliyev Yenilənmiş Madrid Prinsiplərinin maddə-maddə izahını verib. Ermənistan rəsmilərinin və siyasətçilərinin heç birisi Yenilənmiş Madrid Prinsiplərinin maddə-maddə izahını verməyib. Yenilənmiş Madrid Prinsiplərinin rəsmi təfsirinin verilməməsi məsələsində həmsədrlərin mövqeyi ilə rəsmi Ermənistanın mövqeyi üstə-üstə düşür.
b) Həmsədrlər itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi barədə təklif irəli sürdü. Ermənistan imtina etdi. Vasitəçilərin öz təklifini müdafiə etməyə isə siyasi iradəsi çatmadı.
c) Münaqişənin tənzimlənməsi məqsədi ilə Azərbaycan çoxsaylı iqtisadi təkliflər irəli sürüb. ATƏT MQ bu təklifləri dəstəkləmək üçün siyasi iradə tapmadı.
II. Vasitəçilərin fəaliyyətsizliyi kifayət qədər ciddi problemdir. Bu, həm də münaqişənin tənzimlənməsində dinc danışıqların rolunun ölməsinin əsas səbəblərindəndir".
Mərkəz rəhbəri hesab edir ki, vasitəçilərin fəaliyyətsizliyi ilə bağlı bir neçə diqqət çəkən məsələlər var:
a) Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının görüşünün təşkil edilməsi həmsədrlərin tabu qoyduğu mövzulardan biridir. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunun qurulmasında Azərbaycanın maraqlı olduğunu və rəsmi şəkildə dəfələrlə buna cəhd etdiyini nəzərə alsaq, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqa qadağanın Azərbaycandan kənar yerdən qoyulduğunu demək mümkündür. Bu tabunun müəllifi Ermənistan rəhbərliyi və şəxsən prezident S.Sərkisyandır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Dağlıq Qarabağda əvvəlki qaydada erməni ilə azərbaycanlının birgə yaşaması deməkdir. Belə olan təqdirdə həmsədrlərin Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqa laqeyd münasibəti şübhələr yaradır. Ya həmsədrlər münaqişəni tənzimləmək niyyətində deyillər, ya da bu təklifi irəli sürməyə siyasi səviyyələri imkan vermir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü Dağlıq Qarabağın özündə,Tbilisidə, Moskvada, Brüsselldə və Vaşinqtonda da təşkil oluna bilər. Ən asan həll yolunu görməmək ATƏT MQ həmsədrlərinin intellektual səviyyəsini də şübhə altına salır.
b) Vasitəçilər Böyük Sülh Sazişinin hazırlanması ilə Helsinki Yekun Aktının üç prinsipi haqqında müqaviləni uzlaşdıra bilmirlər. Görünür, buna da intellektual səviyyələri çatmır. Rəsmi Bakının fikrincə, aparılan danışıqlar, əldə olunmuş razılıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Böyük Sülh Sazişinin hazırlanmasına imkan verir. Ona görə rəsmi Bakı Böyük Sülh Sazişinin hazırlanmasında israrlıdır. Ermənistan isə əvvəlcə Helsinki Yekun Aktının məlum üç prinsipi haqqında müqavilənin imzalanmasını tələb edir. Ermənistanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə deyil, tənzimlənmə görüntüsü yaratmağa yönəlib. Rəsmi Ermənistan möcüzələrə ümid edir: "Bir az vaxt udaq, bəlkə nə isə baş verdi". Həm də Helsinki Yekun Aktının məlum üç prinsipi haqqında müqavilə imzalamaqla Ermənistan münaqişənin tənzimlənməsi görüntüsünü yaradıb, investisiya cəlb etmək istəyir. Beləliklə, Azərbaycan Böyük Sülh Sazişinin hazırlanmasına, Ermənistan isə tənzimləmənin üç prinsipi barədə müqavilənin imzalanmasına çalışdığı aydın görünür. Həmsədrlər tənzimləmənin üç prinsipini Böyük Sülh Sazişinin içinə yerləşdirə bilmirlər.
III. Snayperlərin geri çəkilməsi və qoşunların təmas xəttində baş verənlərin tədqiq mexanizmlərinin yaradılması ən mühüm etimad tədbiri kimi təqdim edilir. Qoy olsun. Amma yarımçıq addımlar atılmamalıdır. Ermənistan işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının yol xəritəsi hazırlanmalıdır. Yol xəritəsi snayperlərin geri çəkilməsindən başlaya bilər.
Ermənistan yarımçıq tədbirlər ortalığa qoymaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubadıb, indi də bu işlə məşğuldur. ATƏT MQ-nin fəaliyyəti və fəaliyyətsizliyi məhz ermənilərin mövqeyinə xidmət edir. İntellektual imkanları normal qaydada işə düşən kimi həmsədrlər Dağlıq Qarabağ münaqişəsi regionunu müharibəyə çatdırdıqlarını başa düşəcəklər".
M.Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi vəziyyətin gərginləşməsinin mənbəyi ATƏT MQ həmsədrləridir.
Onun sözlərinə görə, ATƏT MQ-nin etimad tədirlərinə qərəzli yanaşması, siyasi iradə nümayiş etdirə bilməməsi, münaqişəni müharibə həddinə çatdırması digər mexanizmi aktual edir: "ATƏT MQ-nin işinin yoxlanılması, təftişi və dəyərləndirləndirilməsi mexanizmi yaradılmalıdır. Bu məsələ BMT və ATƏT qarşısında qaldırılmalıdır".