

İlyas Hüseynov: “Hər kəs Prezidentin ətrafında birləşməlidir”
“Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə Prezident İlham Əliyev çox mühüm mesajlar verdi. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə ümummilli lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsi və cəmiyyətin aparıcı, intellektual, vətənpərvər kəsiminin YAP-ın sıralarında birləşməsi önəmli dönüş nöqtəsinə çevrildi”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı daha sonra ölkəmizin çoxşaxəli inkişafını, təhlükəsizliyin və regional sülhün əldə olunmasında mühüm amil kimi dəyərləndirildi: “Nəzərə almaq lazımdır ki, 1992-ci ildə ölkəni xaos, hərc-mərclik, ərazi itkilərinin yaratdığı fəsadlar, xəyanət, səriştəsizlik girdabından xilas etmək lazım idi. Bununla yanaşı, Ümummilli lider Heydər Əliyevin tarixi missiyası nəticəsində Azərbaycan xalqının həyatında qara səhifənin bağlanması, quruculuq, sabitlik və inkişaf dövrünün təməlləri atıldı və dayanıqlı inkişafı təmin etmək üçün zəruri addımlar atıldı. 2003-cü ildə Azərbaycan xalqının müdrikliklə yenidən Heydər Əliyev siyasətinə səs verməsinin, ötən 19 ildə Prezident İlham Əliyevin Heydər Əliyev yolunu uğurla davam etdirməsi və bu möhkəm təməl üzərində Azərbaycanın sürətli inkişafı ölkəmizi dünya arenasına mühüm geosiyasi aktora çevirdi. Ulu Öndər Heydər Əliyevin əsas istəyi ölkəmizin güclü orduya sahib olmaq idi. Bu istiqamətdə gərgin fəaliyyətin həyata keçirilməsi öz real nəticələrini verdi. Bu gün Azərbaycan Ordusu özünü tam təsdiqləyib, cəmi 44 gün ərzində düşməni məhv edərək tarixi ədaləti, xalqımızın qürurunu bərpa edib. Bu gün əminliklə söyləmək olar ki, rəşadətli və Vətən müharibəsinə düşməni məğlub edən müzəffər ordumuz Azərbaycan dövlətinin təhlükəsizliyinin təminatçısıdır”.
Onun sözlərinə görə, bu yaxınlarda Fransa-Ermənistan cütlüyünün Frankofoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planı ifşa edildi, hazırlanmış qətnamədən bütün anti-Azərbaycan tezisləri çıxarıldı: “Xüsusilə vurğulaq lazımdır ki, bu, Azərbaycanın beynəlxalq miqyasda apardığı işin, yürütdüyü siyasətin uğuru, Fransa-Ermənistan tandeminin rüsvayçılığı kimi dəyərləndirilməlidir. Bizim təmsil olunmadığımız təsisat və qurumlarda da bizim dostlarımız maraqlarımızı müdafiə edir və ölkəmizə böyük hörmətlə yanaşır. 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin məzarını ziyarət etməsi, sonra şəhidlərin qəbrini ziyarət etməsi və Azərbaycan xalqına Şuşa zəfərinin müjdəsini verməsi qədirbilən xalqımızın yaddaşında əbədi olaraq qalacaq. Cənab Prezident bununla Ümummilli liderin vəsiyəni yerinə yetirdi. Bu gün Azərbaycan dövlətinin Qarabağı, Şərqi Zəngəzuru cənnətə çevirmək üçün gərgin fəaliyyəti göz önündədir. Azərbaycan tarixi qələbəsi bütün dünya azərbaycanlıların fəxr, qürur ünvanına çevrilib.
Bu gün Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı və özündə mütərəqqi düşüncəli, yüksək intellektə, yaradıcı potensiala malik çoxsaylı nümayəndələrini birləşdirən siyasi qüvvə kimi günü-gündən genişlənir. Bununla yanaşı, Azərbaycanda həyata keçirilən siyasi islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, yeni mütərəqqi ənənələrin formalaşması, siyasi qüvvələrin milli maraqlar naminə birlik nümayiş etdirməsinin mühüm əhəmiyyəti vardır. Ölkəmizdə siyasi dialoqun inkişaf etdirilməsi və partiyalılığından asılı olmayaq hər kəsin dövlət və dövlətçilik amalı ətrafında birləşməsi zəruridir. Vətən müharibəsində biz bu həmrəyliyin və birliyin gözəl nümunəsini gördük. Bu gün də hər kəs Prezident İlham Əliyevin siyasətinin ətrafında birləşməlidir”.
Əli