Türkiyə müxalifətinin lider problemi Siyasət

Türkiyə müxalifətinin lider problemi

Seymur Həsənli: "Türkiyədə keçirilən son seçkilər göstərdi ki, müxalifət, özəlliklə də MHP öz siyasətində ciddi dəyişiklik etməlidir"

Türkiyədə AKP-nin bələdiyyə seçkilərində müxalifətə böyük üstünlüklə qalib gəlməsi parlament və prezident seçkilərinin də bu partiyanın qələbəsi ilə yekunlaşacağını deməyə əsas verir. Bəzi ekspertlər isə hesab edirlər ki, bu seçkinin taleyinini həll olunması daha çox Ərdoğanın xarizmatik lider olması ilə bağlıdır. Bununla da Türkiyə müxalifətinin lider probleminin olması məsələsi gündəmə gəlib.
Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel bildirib ki, müxalifət öz daxili quruluşuna yönəlik çalışmalar etməli, seçkilərdə qazanmaq və Türkiyəni yönətmək üçün layihələr düşünməlidir: "Seçkilərdə uduzmaq bəhanə ola bilməz. Bu, yersizdir. Cumhuriyyət Xalq Partiyası (CHP) Türkiyənin sahillərində var olan bölgələrdə səs qazana bildi. Milliyətçi Hərəkat Partiyası (MHP) çox az səs aldı". Sertel deyib ki, Türkiyədə səs verənlərin bir qismi dinə, digər bir qismi isə dilə baxdı: "Bu, doğrudur. Amma müxalifətin də ümumi olaraq özünü təhlil etməsi lazımdır. Sadəcə şikayətlənmək, tənqid etmək səs gətirmir. Bu sandığa təsir etmir. Layihələr hazırlamaq, xalqın inamını qazanmaq lazımdır".
Siyasi şərhçi Seymur Həsənli diqqətə çatdırdı ki, Türkiyədə keçirilən son seçkilər göstərdi ki, müxalifət, özəlliklə də MHP öz siyasətində ciddi dəyişiklik etməlidir: "AKP hakimiyyətə gələrkən fətullahçı hücrələrin ciddi dəstəyini almışdı və sonrakı seçimlərdə də həmin qüvvələr AKP-nin aktiv dəstəkçisi olub. Zamanla bu qüvvələrin gerçək niyyəti hakim partiyaya da bəlli olunca, onların silinmə prosesi başladı. Amma çox gec idi və bütün dövlət strukturlarında, təhsil, iqtisadi və siyasi sahədə oturuşmuş camiə Ərdoğanı təhdid etdi. Nəticədə bütün hücrələr AKP-dən başqa hər kəsi dəstəkləyə bilərsiz mesajı verdi. Buna baxmayaraq, AKP son seçkilərdə də istədiyi səsi aldı. Hələ də bir çox analitiklər bunun səbəblərini araşdırmağa çalışır. Ərdoğan son seçkilərdə əvvəlkindən fərqli olaraq CHP-çilərin də səsini ala bildi. Çünki Türkiyədə radikal Atatürkçü qüvvələr Fətullah Gülən təriqəti ilə düşmən mövqedə dayanır. Onlar CHP-nin camaat istiqamətində xoş niyyətini görüb prinsipə AKP-yə səs verdi. Türkiyədə CHP-nin sabit sosial bazası var. Amma MHP öz siyasəti ilə ciddi dəyişiklik edə biləcək partiyadır. İslam xəttinin partiya siyasətində əksini tapması MHP ilə AKP-ni yaxınlaşdıran məqamlardır. Təsadüfi deyil ki, AKP-dən istefa edənlər MHP-yə, MHP-dən istefa edənlər AKP-yə gedir. Nadir hallarda CHP-yə üz tutulur. MHP son seçimlərdə Azərbaycan üçün də strateji bölgə olan İqdırı itirdi. Amma parlament seçkilərində qazanmışdı. Demək seçki siyasətində müəyyən səhvlər buraxılıb. MHP-nin hazırki siyasətinin ən böyük qüsuru bağışlanmaz xətt yürütməsidir. Yəni partiyaya və türk millətçiliyinə illərdir xidmət edənlər ya hansısa səhvinə, ya da nəsə fərqli mövqeyinə görə partiya sıralarından xaric edilir. Bu baxımdan, bir çox qüvvələr MHP-dən kənarda qalıb. Neçə illərdir ki, gənclərin axınına baxmayaraq, MHP-nin sosial bazasında artım yoxdur. Səbəb, dediyim silinmə prosesinin sürətlə həyata keçirilməsidir. Həmin insanlar öz küskünlüklərini ya AKP-yə, ya da başqa xırda partiyalara səs verməklə bildirirlər. Nəticədə səslər parçalanır. Amma kürdlər elə təşkilatlanırlar ki, iki partiya olmasına baxmayaraq, hər şəhərdə öz nüfuzlarını ortaya qoya bilirlər. Son seçimlər də onların necə seçki siyasəti yürütdüyünü isbat etdi".
Tanınmış jurnalist Mirzə Xəzər bildirib ki, AKP Türkiyədə ən güclü siyasi partiya olduğunu yenə təsdiq edə bildi. O, qeyd edib ki, "Hizmət" və müxalifət partiyaların Ərdoğan hakimiyyətinə qarşı kompromat müharibəsi seçiciləri qane etməyə yetmədi: "Rəcəb Tayyib Ərdoğan siyasi məharətini və müxalif liderlərdən güclü olduğunu nümayiş etdirdi. Müxalifət isə Ərdoğana qarşı xarizmatik və güclü bir siyasi şəxsiyyət ortaya çıxara bilmədi".
Politoloq Şahin Cəfərli hesab edir ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKP) yenidən zəfər qazanması ölkədə hökm sürən iqtisadi sabitlik və cəmiyyətdəki kəskin ideoloji qütbləşmənin siyasətə təsiri ilə izah oluna bilər: "AKP 2002-ci ildə hakimiyyətə gəldikdən sonra Türkiyədə əvvəllər tez-tez müşahidə olunan permanent iqtisadi böhran və devalvasiya hallarına son qoyulub və hətta artım tempi baş verib. AKP-dən öncə ölkədə baş verən kataklizmlər, koalisyon hökumətlərin qurulub-dağılması və siyasi qeyri-sabitliyin iqtisadiyyata da mənfi təsir göstərməsi əhalini bezdirmişdi. AKP-nin təkbaşına hökumətlər qurub ölkəni ardıcıl 11 ildən bəri idarə etməsi həm siyasi, həm də iqtisadi sabitliyin yaranmasına səbəb olub və əhalinin təxminən yarısı bundan məmnundur.
Digər tərəfdən, Türkiyə cəmiyyətinin getdikcə mühafizəkarlaşması, dindar kütlənin həm kəmiyyət, həm də keyfiyyət etibarilə siyasətə təsirinin artması da AKP-nin uğurunu şərtləndirən əsas faktorlardan biridir. AKP Türkiyədə sol qarşısında ciddi say üstünlüyünə malik sağçı elektoratın böyük əksəriyyətinin əsas partiyasıdır. Sağ spektrin xüsusən mühafizəkar qismi solçu Cümhuriyyət Xalq Partiyasını bir təhlükə kimi görür və onun AKP ətrafında konsolidasiyası baş verir. Etiraf etmək lazımdır ki, Türkiyədə AKP hakimiyyətindən əvvəl dindarların hüquqları müəyyən dərəcədə məhdudlaşdırılmışdı. Ölkədə ciddi baş örtüyü problemi var idi və hicablı qadınların dövlət orqanlarında çalışması, ali məktəblərdə təhsil alması, parlamentə seçilməsi mümkün deyildi. Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra tədricən bu qadağaların hamısını aradan qaldırdı və dindar əhalinin cəmiyyətə tam inteqrasiyasını həyata keçirdi. Bu səbəblə dindar kütlə, xüsusən hicablı qadınlar arasında Ərdoğana xüsusi sevgi və bağlılıq var".

Əli