Aksiyanın obyektivliyi Siyasət

Aksiyanın obyektivliyi

Vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qeyri-qanuni istismarına və ekologiyaya mənfi təsirlərinə qarşı Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyasına səbəb olan vəziyyət hələ də aradan qaldırılmayıb.

Rusiya sülhməramlıları çıxış nöqtəsini Laçın yolunu bağlamaqda görüblər. Əslində, bütün bu baş verənlər onların üzərinə düşən missiyanı tam yerinə yetirə bilmədiklərini, Azərbaycan ərazisində yerləşən erməni terrorçu qruplaşmaların təxribatçı əməllərinin qarşısının alınmamasını göstərir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının dayandırılmasını tələb edir.

Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrup yaradılıb.

Cari il dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır.

Bütün bu baş verənlər ölkəmizin tarixi qələbəsindən sonra üç ölkə liderinin - Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsini nümayiş etdirir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törədilir. Ona görə də Azərbaycan dövlətinə məxsus ərazilərdə ekoloji monitorinqin həyata keçirilməsinə imkan verilməməsi, buna mane olan pozucu ünsürlərə qarşı heç bir tədbir görülməməsi vəziyyətin bu məcraya gəlib çıxmasına səbəb olmuşdur.

Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.

Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür.

Bu gün hər kəs bölgədə vəziyyəti kəskinləşdirməyə, kin-küdurəti, ədavəti gücləndirməyə deyil, həqiqi sülhə çalışmalıdır. Ermənistan terrorçularının Laçın yolu ilə daşıdıqları silah-sursatın Qarabağa keçirilməsinə göz yummaqla bu torpaqları yeni münaqişə ocağına çevirmək olmaz. Üzə çıxarılan faktlar, tapılan mina sahələri erməni terrorçularının Azərbaycan ərazilərinə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar basdırdıqlarını göstərir. Bu minalar hansı yollarla gətirilir? Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır. Azərbaycanın iradlarına baxmayaraq sülhməramlıların komandanlığının bu faktlarla bağlı hələ də doğru-düzgün izahı yoxdur.
ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb.

Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Baş verən hadisələrə Ermənistan hökuməti başlarından böyük şərhlər verir, bəyanatlar səsləndirirlər. Bunlar hələ də analmırlar ki, heç bir dövlətin daxili işinə qarışmaq hüquqları yoxdur. Belə bir səlahiyyət heç bir dövlətə, o cümlədən Ermənistana verilməyib. Ermənistan hökuməti gedib böhran vəziyyətində yaşayan, sosial vəziyyəti ağır durumda olan öz vətəndaşlarının problemləri ilə məşğul olsunlar.

Azərbaycan dövləti və ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə yol verənlərə qarşı, suveren ərazisində baş verən özbaşınalıqlara göz yummayacaq. Üzərilərinə düşən öhdəliyi pozanlar və təbii reaksiyadan şou yaradanlar məhz ifşa olunduqları üçün müxtəlif feyk məlumatlar yaymaqla məsuliyyətdən yayınacaqlarını, mövzunu dəyişdirə biləcəklərini düşünürlər. Bu cəhdlərin hamısı əbəsdir.

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri