Avropa Birliyinin assosiativ saziş iddiası Siyasət

Avropa Birliyinin assosiativ saziş iddiası

Azər Həsrət: "Bizim kimi ölkələr atdıqları hər addımda diqqətli olmalıdırlar"
Qabil Hüseynli: "İndiki halda durum kifayət qədər mürəkkəbdir"

Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard bəyan edib ki, Aİ üçün Avropa Qonşuluq Siyasəti böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hesabatda qeyd olunduğu kimi, Aİ islahatların daha çox aparılmasını istərdi: "2014-2020 illər üçün 15,4 milyard avro ayrılıb ki, bu da Aİ-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir".
Malena Mardın sözlərinə görə, Aİ ümid edir ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək. O əlavə edib ki, Azərbaycanla Avropa Birliyi (AB) arasında assosiasiya sazişi üzrə danışıqlar davam edir və bu sazişin bir çox fəsillərinə dair artıq razılıq əldə edilib. Səfir assosiasiya sazişi üzrə danışıqların bu il intensivləşəcəyinə ümid etdiyini vurğulayıb: "Ümid edirəm ki, assosiasiya sazişi üzrə danışıqlar bu il intensivləşəcək və paralel olaraq müasirləşdirmə strategiyası imzalanacaq, yaxud bu istiqamətdə danışıqlar aparacağıq. Düzdür, bu iki proses paralel gedəcək, amma bizim üçün ən mühümü assosiasiya sazişidir. Biz inanırıq ki, assosiasiya sazişi gələcəkdə Azərbaycanla AB arasında münasibətləri tənzimləyən yeni hüquqi baza olacaq".
Ümumiyyətlə Avropa Birliyinin assosiativ saziş iddiası nə dərəcədə yerinə düşür? Ukraynada baş verənlərdən sonra AB-nin Rusiyaya qarşı heç bir kəsərli addım atmadığını görən ölkələrin bu qurumla assosiativ saziş imzalaması realdırmı?
Qeyd edək ki, Ukraynaldakı məlum hadisələrdən sonra AB ənənəvi olaraq bəyanatlar verməklə kifayətlənir.
Yeri gəlmişkən Avropa İttifaqı (Aİ) Nazirlər Komitəsi Rusiya və Ukraynanı hərbi əməliyyatlara başlamamaq haqqında çağırış edib. Çağırış xarakterli bəyanat Aİ-nin aprelin 3-də keşirilən iclasında qəbul olunub. Aİ Nazirlər Komitəsi eyni zamanda Krımda və Sevastopolda martın 16-da keçirilən referendumu qanunsuz və legitim hesab etməmək barəsində qərar qəbul edib.
Qeyd edək ki, son günlər Rusiya qoşunları Ukrayna sərhədlərindəki dislokasiya nöqtələrini gücləndirməkdədir. Ukrayna isə öz növbəsində genşmiqyaslı hərbi təlimlərini keçirməkdə davam edir. Təlimlərdə zirehli texnikalardan, gəmi və katerlərdən, qırıcı təyyarələrdən, havadan müdafiə texnikalarından və ağır tanklardan istifadə olunur.
Siyasi analitik Azər Həsrət diqqətə çatdırdı ki, Avropa Birliyi Azərbaycanda "Assosiativ saziş" kimi təqdim edilən, əslində, daha anlaşıqlı şəkildə tərcümə etdikdə "Ortaqlıq anlaşması" imzalamaqla bir sıra ölkələrlə münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa çalışır: "Bu baxımdan bizim də daxil olduğumuz coğrafiyadakı ölkələr, əlbəttə ki, diqqətdən və maraqdan kənarda deyil. Bu anlaşma özlüyündə pis bir şey deyil. Ancaq nəzərə alsaq ki, dünyada maraq savaşı gedir və SSRİ-nin tərkibindən çıxmış ölkələrdə hələ də Rusiyanın təsiri qalmaqdadır, bizim kimi ölkələr atdıqları hər addımda diqqətli olmalıdır. O baxımdan Azərbaycan yetərincə ehtiyatlı davranmağı bacarır. Ancaq təəssüflər olsun ki, Ukrayna, ona qədərsə Gürcüstan qərbin avantürasına aldanaraq Rusiyayla münasibətlərdə kəskin maksimalizm nümayiş etdirdi və sonuclar çox acı oldu. Bir vaxtlar biz deyəndə ki, qərbin vədlərinə aldanıb havalanmaq lazım deyil, tənqid olunurduq. Ancaq bizi tənqid edənlərin bir qismi indi artıq susmalı olub. Bunun da səbəbi ABŞ və AB-nin Ukraynaya söz verib əmələ keçməməsidir. Yəni Ukraynanı həvəsləndirən qərb sonda onu Rusiya kimi təcavüzkar və güclü bir ölkəylə təkbətək qoyub quru bəyanatlar verməklə yetindi. Bu isə Ukrayna üçün torpaq itkisinə səbəb oldu. Yəni belə bir durum varkən Ukrayna davranışlarında diqqətli olmalı, Rusiyanı əsəbləşdirməməli idi. Elə Azərbaycanın da Rusiyanı qıcıqlandıracaq addımlardan çəkinməsi bununla bağlıdır. Düzdür, dövlətimiz yeri gəldikcə öz qəti mövqeyini də sərgiləməkdən çəkinmir. Məncə elə ən doğru taktika da budur. Sözümün canı odur ki, həmin saziş bizim üçün da faydalı olardı. Lakin Rusiyanı qıcıqlandırmaq hesabına başa gələcəksə, biz saziş məsələsində gözləmə mövqeyi tutmalıyıq".
Hazırki situasiyanı şərh edən politoloq Qabil Hüseynli bildirib ki, indiki halda durum kifayət qədər mürəkkəbdir. Politoloq hesab edir ki, Rusiya əhəmiyyətinə və dünyada oynadığı rola görə əvvəlki qədər güclü deyil. "Bunu Rusiyanın dünyadan təcrid edilməsinin başlanğıcı kimi qiymətləndirmək daha düzgün olardı", - deyən Qabil Hüseynlinin fikrincə, Obamanın imzaladığı fərmanı "Soyuq müharibə" adlandırmaqla Rusiyanı regional gücdən superdövlət səviyyəsinə qaldırmış oluruq: "Hələ ki, Rusiya dünyadan təcrid edilir. Növbəti mərhələdə Rusiyanın yerinə oturdulması və çökdürülməsi prosesi gələcək. Çünki Rusiya artıq dünyanı təhdid etməyə başlamışdı. Artıq onun planında daha çox əraziləri istila etmək və dünyaya meydan oxumaq məqamları var idi. Bu səbəbdən imzalanan sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbələr vuracaq. Artıq Rusiya hər gün milyardlarla dollar itirir, böyük şirkətlər ölkədən çıxır, ökəyə mühüm strateji məhsulların götürülməsi dayandırılıb".
Qabil Hüseynlinin qənaətinə görə, yay aylarında Rusiyanın durumu daha acınacaqlı olacaq: "Çünki hazırda Rusiya neftini və qazının satışında müşahidə edilən eniş yayda bir qədər də sürətlənəcək. Ona görə ki, Səudiyyə Ərəbistanı və İranın dünya bazarına daha çox neft çıxarmasıyla Rusiya neftinə və qazına tələbat kəskin surətdə aşağı düşəcək". Qabil Hüseynli hesab edir ki, Azərbaycanın Rusiyanı dəstəkləyəcək hər hansı addım atması yanlışlıq olardı. Çünki hazırda Rusiya neftindən və qazından imtina etməkdə olan Avropa Azərbaycana əlavə enerji mənbəyi kimi baxır: "Krım Böhranı dünyaya, o cümlədən də bizim regionda bütün münasibətlərə təsir göstərib. Çünki Rusiya daha aqressiv olmağa başlayıb. Yəqin ki, onun bu aqressivliyi Xəzər dənizinin hüquqi statusu məsələsinə də öz təsirini göstərəcək".
Politoloq deyib ki, əvvəllər Rusiya Xəzər dənizinin hüquqi statusu məsələsinə qeyri konstruktiv mövqe tutmurdu, ancaq son zamanlar onun mövqeyində dəyişikliklər hiss olunmaqdadır: "Ola bilər ki, Ukrayna hadisələrindən sonra Rusiyanın da mövqeyi İranın mövqeyinə bənzər şəkil alsın. Çünki Qərb Xəzərin dibi ilə Türkmənistan qazını keçirməklə Rusiya qazına alternativ xətt çəkmək istəyir və bu xəttə Azərbaycanı da qoşmaq istəyir. Rusiya bu məsələyə maneə olmaq üçün Xəzərin hüquqi statusu məsələsində qeyri-konstruktiv mövqe tutmağa başlaya bilər. bununla da həm Türkmənistan qazının Xəzərin dibi ilə nəqlinə, həm də Azərbaycanın bir sıra layihələrini ekoloji problemləri bəhanə gətirərək maneəçilik törətməyə çalışacaq. Ancaq Azərbaycan bütün bunları nəzərə almadan öz işlərini görə bilər".
Qabil Hüseyinli qeyd edib ki, Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Avropaya nəqli layihəsi çoxdandır mövcuddur: "Buna Türkmənistan tərəfi razılığını verib. Çox güman ki, Türkmənistan prezidentinin Azərbaycana olan səfəri zamanı bu məsələ ətrafında da danışıqlar aparılacaq. Həmçinin, bu məsələ ətrafında ABŞ və Türkiyə də Türkmənistan, Özbəkistan və Qazaxıstanla danışıqlar aparır. Qazaxıstan və Türkmənistan tərəddüd etsə də, Türkmənistan çəkiliş xərclərinə qoşulmamaqla öz qazını nəql etməyə razılıq verib".
Politoloq vurğulayıb ki, bu layihə reallaşsa, Qərb Rusiya qazı olmadan Türkmənistan və Azərbaycan qazını almaqla ehtiyaclarını ödəyə bilər.

Əli