“Azərbaycan bizim üçün çox vacib ölkədir” Siyasət

“Azərbaycan bizim üçün çox vacib ölkədir”

Yan Zahradil: "Düşünmürük ki, Avropa Parlamentinin qətnamələri Azərbaycan-Aİ əlaqələrini inkişaf etdirə bilər"

Avropa Parlamentində Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, çexiyalı deputat Yan Zahradilin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Bu həftə Gürcüstan, Ermənistan və Azərbaycana səfər etdiniz. Qafqaz ölkələrinə səfərinizin məqsədi nə idi?

- Bildiyiniz kimi, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı transmilli siyasi alyansdır. Bizim hər 3 ölkədən bir üzv partiyamız var. Biz bu partiyaların ölkələrinə səfər etməklə bağlı təkliflərini qəbul etdik və əməkdaşlığımızı genişləndirmək, dərinləşdirmək üçün bu səfərləri gerçəkləşdirdik. Azərbaycanla isə daha geniş əməkdaşlığımız mövcuddur. Bu tək ona görə deyil ki, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizim Alyansın üzvüdür. Həmçinin bizim AŞPA-da Avropa Mühafizəkar Qrupumuz var. Bu qrupda Azərbaycan prezidentinin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası da daxil olmaqla, ölkənizdən başqa partiyadan da üzvlərimiz var. Qrupda azərbaycanlı deputatların sayı 3-dür. Azərbaycan təbii ki, bu baxımdan da bizim üçün çox vacib ölkədir.

- Azərbaycanda hansı səviyyədə görüşləriniz oldu?

- Təbii ki, biz Qüdrət Həsənquliyev və BAXCP-nin heyəti ilə görüşdük. Biz gələcəkdə reallaşdıra biləcəyimiz bəzi layihələr barədə müzakirələr apardıq. Parlamentin spikeri Oqtay Əsədov, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə görüşümüz oldu. Biz görüşlərdə regiondakı vəziyyət, Azərbaycanın Aİ ilə əməkdaşlığa dair niyyətləri barədə müzakirələr apardıq. Biz öz tərəfdaşlarımızı əmin etdik ki, Azərbaycanın dəstəkçisi və dostu olaraq qalırıq, Azərbaycanın Aİ, o cümlədən Aİ-yə üzv ölkələrlə individual əlaqələrinin mümkün qədər sıx olması üçün əlimizdən gələni edəcəyik.

- Bildiyiniz kimi, bir neçə ay əvvəl Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul etdi. Sizsə bu qətnamənin müzakirəsi və qəbulu zamanı Azərbaycanın mövqeyini müdafiə etdiniz...

- Avropa islahatçılar və mühafizəkarlar ailəsi olaraq biz bu qətnaməni dəstəkləmədik. Fikrimizcə, qətnamə balanssız idi, həmçinin çox tələsik hazırlanmışdı. Düşünürük ki, qətnamənin müzakirəsi üçün daha çox zamana ehtiyac var idi. Ona görə də biz bu qətnaməni dəstəkləmədik. Bu sənəd Avropa Parlamentində cüzi səs çoxluğu ilə qəbul edildi. Çünki AP-nin demək olar ki, yarısı bunun əleyhinə idi. Biz düşünmürük ki, bu kimi qətnamələr Azərbaycanla Aİ arasında əlaqələri inkişaf etdirə bilər. Ümid edirik ki, bu hal bir də təkrarlanmayacaq. AP Azərbaycanla bağlı əvvəllər də bir neçə qətnamə qəbul edib. Düşünürük ki, artıq kifayətdir və hər il qətnamənin qəbul edilməsinə ehtiyac yoxdur. Biz buradakı tərəfdaşlarımızı da inandırdıq ki, balanssız hesab etdiyimiz belə qətnamələri dəstəkləmək niyyətində deyilik.

- Rəhbərlik etdiyiniz alyans ümumilikdə Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin yenidən yaxşılaşması üçün nə edə bilər?

- Biz çox iş görə bilərik. Bizim Avropa Parlamentində "Azərbaycanın dostları" qrupumuz fəaliyyət göstərir. Mən bu qrupun üzvüyəm, bu qrupa bizim alyansın üzvü olan yunanıstanlı parlamentar rəhbərlik edir. Bu bizim əlaqələrimizi inkişaf etdirə biləcəyimiz platforma nümunəsidir. Azərbaycanın Brüsseldə çox aktiv və mehriban səfiri var. Biz bütün bu imkanlardan münasibətlərin yaxşılaşması istiqamətində istifadə edə bilərik. Həmçinin mərkəzi ofisi Londonda yerləşən, Brüsseldə də qolu olan Avropa Azərbaycan Cəmiyyəti ilə əməkdaşlıq edirik. Bu QHT tək Azərbaycanın siyasi mahiyyətini deyil, həm də Azərbaycanın mədəniyyətini, tarixini və digər xüsusiyyətlərini təbliğ edir. Biz bu əlaqələrdən istifadə edə bilərik. Düşünürəm ki, bizim qarşılıqlı müsbət əlaqələri inkişaf etdirmək üçün kifayət qədər platformamız var.

- Azərbaycanda və Ermənistanda Azərbaycan üçün həssas olanDağlıq Qarabağ münaqişəsi barədə müzakirələr apardınız. Hər iki ölkədən olan partiyalar sizin alyansın üzvüdür. Siz bu üzvləri bir araya gətirərək hansısa formada münaqişənin həlli ilə bağlı müzakirələrin aparılması üçün platforma ola bilərsinizmi?

- Mən bunun çox həssas məsələ olması səbəbi ilə sərt bəyanatlarla çıxış etməmişəm. Təbii ki, biz müzakirə platforması ola bilsək, hətta siyasi səviyyədə olsa belə, erməni və azərbaycanlı deputatları bir araya gətirib müzakirələr keçirə bilsək, çox məmnun olarıq. Lakin biz sehrbaz deyilik və möcüzə yarada bilmərik. Düşünürəm ki, səbirli olmalıyıq. Mən Azərbaycana və Ermənistana səfərim zamanı bu məsələ ilə bağlı hər hansı güclü bəyanat verməkdən çəkindim. Çünki bu və ya digər tərəfin xeyrinə verilən hər hansı sərt bəyanat vəziyyətin düzəlməsinə xidmət etməyəcək.

- Azərbaycana ikinci dəfədir, səfər edirsiniz. Ölkəmiz barədə təəssüratlarınız necədir?

- Azərbaycanı çox bəyənirəm. Mənim Azərbaycandan olan çox yaxşı dostum var. O Tahir Tağızadədir. Azərbaycanın əvvəlcə Praqadakı səfiri olub, indi isə Londondadır. Ötən il mən Azərbaycan fotoqraflarının Azərbaycanın gözəlliklərini və tarixini əks etdirən sərgi təşkil etdim. Sərgi Azərbaycanı Praqadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olundu. Həmçinin Çexiya parlamentinin spikeri Yan Hamaçekin rəhbərliyi ilə parlamentdə Azərbaycanın dostları qrupu mövcuddur. Biz onunla başqa-başqa partiyaların üzvləriyik, lakin çox yaxşı münasibətlərimiz var. Ötən il Çexiya prezidenti Azərbaycana səfər etdi və Azərbaycanla Çexiya arasında strateji əməkdaşlığa dair sənəd imzalandı. Çexiyalı siyasətçi kimi fikrimcə, bütün bunlar Azərbaycanla əlaqələrin inkişafında böyük rol oynayır. Mən bu əlaqələrin daha da inkişafı üçün Avropa Parlamentindəki mövqeyimdən istifadə etməyi düşünürəm.