Tiflis görüşünün əhəmiyyəti Siyasət

Tiflis görüşünün əhəmiyyəti

Mübariz Əhmədoğlu: "Qlobal terrorizmə, regionda baş verən proseslərə qarşı sərt ifadələr səsləndi"

Araz Aslanlı: "Əgər Gürcüstan mümkün təxribatlardan uzaq dura bilsə, bu format daha da güclənəcək"

"Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşününü əvvəlki görüşlərdən heç də prinsipial fərqi olmadı". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, belə görüşlərin əsas mahiyyəti indi münasibətlər sisteminə və yaxud o mövcud formata qulluq etmək və onun davamlılığını artırmaqdır: "Əvvəlki bəyanatlara nisbətən burada qlobal terrorizmə, regionda baş verən proseslərə qarşı sərt ifadələr işlənildi. Amma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin, Gürcüstanın da mövqeyi bəllidir. Eləcə də Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə dəstəyi açıq-aydın ortadadır.
Bununla belə Gürcüstan xarici işlər naziri Mixail Canelidze mətbuat konfransında bildirdi ki, Dağlıq Qarabağ, ümumiyyətlə, regiondakı münaqişə, ancaq sülh yolu ilə öz həllini tapmalıdır. Əsas odur ki, nəqliyyat layihələrində üç ölkənin münasibətləri yaxşı vəziyyətdədir. Təbii ki, bundan sonra da bu belə davam edəcək. Hər üç dövlətin XİN rəhbəri Bakı-Tiflis-Qars layihəsinə baxış keçirdilər. Bildiyiniz kimi Türkiyədə müəyyən şirkətlərin günahı ucbatından Bakı-Tbilisi-Qars layihəsinin tikintisində müəyyən gecikmələr var idi".
Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı isə deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü bu üç ölkə arasında yaradılmış üçtərəfli formatın uğurunun göstəricilərindən biridir. Ekspert qeyd edib ki, hələ 28 aprel 1998-ci ildə Türkiyənin Trabzon şəhərində üç ölkə prezidentinin iştirakı ilə görüş keçirilmişdi: "29-30 aprel 2002-ci ildə yenidən 3 prezidentin iştirakı ilə keçirilən görüşdən sonra bu format daha da güclənmiş, daxili işlər, xarici işlər, hərbi, iqtisadiyyat və digər sahələrdə də üçtərəfli formatlar yaradılmışdı.
Bu, həm təbii, həm də faydalı idi. Çünkü bu üç ölkə qlobal əhəmiyyəti olan regional layihələr icra edir. Söhbət həm enerji layihələrindən, həm transport layihələrindən, həm ümumi təhlükəsizlik zolağının yaradılmasından gedir. Təbii ki, bu 3 ölkə mütləq xüsusi formatda görüşləri davam etdirməli, mütəmadi olaraq məsləhətləşməlidirlər".
A.Aslanlıya görə, son görüş Türkiyə ətrafında gedən proseslər və Gürcüstan ilə Qazprom arasında müzakirələr baxımından xüsusi əhəmiyyət daşıyırdı: "Üç ölkə nazirlərinin keçirdiyi görüşlərdə, verilən birgə bəyanatda vacib məsələlərə toxunulub və qarşılıqlı açıq dəstəyin ifadə olunması qeyd edilib. Yəni kənar qüvvələrin təsirləri və yarada biləcəkləri risklərə baxmayaraq qarşılıqlı üçtərəfli dəstək açıqca ifadə olunub. Mövqelərin bu şəkildə ortaya qoyulması əhəmiyyətlidir".
A.Aslanlı hesab edir ki, əgər Gürcüstan mümkün təxribatlardan uzaq dura bilsə, bu format daha da güclənəcək və hər üç dövlət üçün fayda gətirməyə davam edəcəkdir.