Qalibafın səfəri baş tutacaq? Siyasət

Qalibafın səfəri baş tutacaq?

“İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözləri hər nə qədər rəsmi Tehranın Bakıya qarşı ritorikasını yumşaltdığı təəssüratı bağışlasa da dəyişən heç nə yoxdur. Məsələ ondadır ki, İran bu gün Azərbaycanla münasibətləri həqiqətən də normallaşdırmaq istəyirsə ilk növbədə “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “İsrail ilə əməkdaşlıq etməyin”, “qeyri-regional ölkələrin bölgəyə qarışmasına imkan verməyin” fikirlərini səsləndirməkdən əl çəkməlidir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib: “Bundan başqa, İran kanallarının Azərbaycan əleyhinə açıqlamaları, SEPAH-a bağlı saytların da təxribatçı görüntüləri paylaşmağı dayandırmalıdır.
Lakin biz görürük ki, Qalibaf Qafarova ilə görüşdə bildirib ki, “Biz Qafqaz regionunda sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirik” və əlavə edib ki, Tehran “Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı aydın mövqeyə malikdir və biz ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırıq”.
Qalibafın bu sözlərindən belə bir nəticəyə gəlmək olar ki, İran nə “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, nə də digər tələblərindən əl çəkməyib, sadəcə mövcud gərginliyin iqtisadi maraqlara zərbə vurmasından ehtiyat edir.
Elə buna görə də xanım Sahiba Qafarova Qalibafa sillə kimi “biz müsəlmanıq və İran əhalisinin əksəriyyəti Azərbaycan dilində danışır” deyərək layiqli cavab verdi.
Məhəmməd Bağır Qalibaf Azərbaycana səfər etməkdə qərarlı olsa da bunun baş tutub-tutmayacağı sual atındadır. Məsələ ondadır ki, ötən ilin noyabr ayında Məhəmməd Bağır Qalibafın Azərbaycana səfəri planlaşdırılsa da bu səfər təxirə salınmışdı. İranın Azərbaycana qarşı təxribatları davamlı hal alması səbəbindən Qalibafın səfəri təxirə salındı. İran təxribatlara davam etsə Qalibafın bu səfəri də baş tutmayacaq.
Lakin Tehranın narahatlığını nəzərə alaraq demək olar ki, molla rejimi bir müddət ritorikasını səngidəcək və Qalibafın səfəri baş tutacaq”.